Əsas Səhifə > Siyasət, Manşet > Rektorun bankında "TexnikaBank" əmanətçilərinə tələ qurublar...

Rektorun bankında "TexnikaBank" əmanətçilərinə tələ qurublar...


24-02-2016, 08:34
Rektorun bankında "TexnikaBank" əmanətçilərinə tələ qurublar...
DİA.AZ: - Redaksiyamıza artıq ləğv edilmiş "TexnikaBank"ın bir qrup əmanətçisi adından müraciət ünvanlanıb. Bildirək ki, əmanətçi Məlahət Quliyeva tərəfindən DİA.AZ-a gpndərilən müraciətdə "MuğanBank"da üzləşdikləri situasiyadan giley edilir. Müraciətdə deyilir:

"Hörmətli Redaksiya!
Mən Texnikabank ASC-nin əmanətçisiyəm. Texnikabankla başlı xalqın başına açılan bu müsibəti heç ermənilər də açmayıb. ADİF-in Texnikabankın ləğvi ilə qərardan sonra 20 000 əmanətçi qalıb küçələrdə.
Biz Texnikabankın əsas ofisində əmanət qoymuşduq. Qərara görə həmin Əmanətlər Muğanbankın baş ofisindən (Ə.Rəcəbli küç. 21 B,) almalıydıq. Texnikabankın əsas ofisinə əmanətləri qoymuş 8000 əmanətçi 10 gün öncədən gecələr növbə tutaraq gündə 50 nəfər olmaqla birtəhər əməliyyatçıların qəbuluna düşdükdən sonra məlum olur ki, sənədlərdə “səhv” var. Bu səhv bütün əmanətçilərdə var. Bu səhvlər əmanətçilərdən asılı olmayan səhvlərdir. Məsələn

1. Əmanət səhvi B33, yəni əmanətin hesablanmasında qeyri-dəqiqlik. Bu demək olar ki, bütün əmanətçilərdə var. Bizim nə günahımız var ki, sistem düz hesablamır? Biz o səhvi necə düzəldə bilərik axı?
2. Ş/v-nin pin kodunun düz gəlməməsi: bunun əmanətçiyə heç bir aidiyyəti yoxdur. Texnikabankın işçilərinin texniki səhvidir: ya 1 hərf, ya 1 rəqəm səhvdir. Axı bunu düzəltmək o qədər çətin işdir?
3. Müqavilənin seriya nömrəsinin olmaması. Bu əmnətçi ilə texnikabank arasında başlanmış müqavilədə seriya nömrəsinin olmamasıdır. Bizi məcbur edirlər ki, Texnikabanka gedib köhnə tarixlə müqavilə bağlayaq. Axı kiminlə bağlayaq? Bank artıq ləğv olunub. Onun müqavilə bağlamaq səlahiyyəti yoxdur.
4. Şəxsi hesabdan çıxarış tələb olunur.
Və s.

Ən başlıcası isə bizim adımız, müqavilə tarixi, əmanət məbləği və bütün digər tələb olunan məlumatlar ADİF tərəfindən Muğanbanka verilmiş bazadan əməliyyatçılar tərəfindən tam aydın görünür. Bu informasiyanı guya təsdiq edən möhürlü müxtəlif kağız parçaları tələb edirlər. TEXNİKABANK isə bağlanıb: və nə sənəd yazan var, nə də möhür vuran. Millət qalıb küçələrdə. Dəli kimi bilmirlər hansı ünvana qaçsınlar. Heç kim də yiyə durmur.

ADİF-in saytında yalandan yazırlar ki, guya indiyə kimi 5-10 milyon manat əmanət qaytarılıb. Yalandır!!!
Sizin imkanını varsa, hər gün səhər Muğanbankın baş ofisinə gedib baxın, orada nə Əli müsibəti baş verir. Qadın, cavan, qız, gəlin bir-birinin başına çıxıb. Güclə içəri daxil olandan sonra aydın olur ki, sənədlərdə səhv var. Bir daha yenə 5 gün 5 gecə növbəyə dayanmalısan ki, əməliyyatçı qızlar əmanətçilərə heç kimin başa düşmədiyi səbəblərdən səhv olduğunu bildirsinlər.

Ən acınacaqlısı odur ki, bu səhvləri düzəltməyin məsuliyyəti yenə də yazıq əmanətçilərin üzərinə düşür. Yazıq əmanətçilər qalıblar Texikabankın əsas ofisi, ADİF və Muğanbank arasında. Muğanbankın işçilərinə deyirik axı, bu səhvlərdə bizim nə günahımız var? Öz aranızda həll edin ki, camaat bu qədər zülm çəkməsin. Muğanbankın işçiləri isə çox soyuq halda deyirlər ki, bizdən belə tələb olunur. Bizdə artıq heç bir şübhə yoxdur ki, məqsəd camaatı həlli olmayan labirintə salıb əmanətləri ödəməməkdir.
Adi hesablama aparaq:
Texkinabankın əsas ofisinə əmanət qoyanların sayı 8000-dən çoxdur. Hər bir əmanətçi ən azı 4-5 dəfə Muğanbanka gedib gəlməlidir ki, özündən asılı olmayan səhvlərin aradan qaldırılmasına nail olsun. 8000*4=32000. Hər gün 50 əmanətçi qəbul edilir. Deməli, həftədə 5x50=250 əmanətçi qəbul edilir. 32000/250= 128 həftə. Deməli, əgər bu qayda ilə getsə, bütün əmanətçilərin səhvlərinin aradan qaldırılaraq əmanəti almaqları üçün 128 həftə, yəni 2 il yarım lazımdır. ADİF-in qərarına görə isə əmanətlər 1 il ərzində verilməlidir. Deməli Bütün əmanətçilərin yarısından çoxu əmanətlərini ala bilməyəcəklər. Bu isə banklarda yenidən rüşvətxorluq mənbələri yaradır, əmanətçilər məcbur olur ki, öz əmanətlərinin bir hissəsindən imtina edərək Muğanbankın işçilərinə rüşvət versinlər ki, heç olmasa əmanətlərinin bir hissəsini isə ala bilsinlər.

Hörmətli redaksiya! Çox xahiş edirik bu işlə maraqlanın və çöllərdə qalmış bu yazıq camaata kömək edin".

dia-az.life olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Geri qayıt