Əsas Səhifə > Siyasət, Manşet > Baba Rzayevin qardaşı milyonçuya necə çevrildi?
Baba Rzayevin qardaşı milyonçuya necə çevrildi?3-03-2016, 08:40 |
Vaxtının böyük hissəsini əyləncə məclislərinə həsr edən Emin Rzayevlə bağlı şok faktlar üzə çıxıb «Azərişıq» ASC-nin sədri Baba Rzayevin qardaşı Emin Rzayevlə bağlı bir-birindən ilginc məlumatdlar yayılıb. Adının çəkilməməsini istəyən şəxsin verdiyi məlumatda bildirilir ki, «Santral Elektrik» LTD şirkətinə rəhbərlik etmiş Emin Rzayev qardaşının sayəsində həm milyonçuya çevrilib, həm də böyük biznes imperiyasının əsas idarəedicisinə. Məlumat üçün qeyd etmək istəyirik ki, paytaxtın Dərnəgül şossesində yerləşən «Santral Elektrik» LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur. «Santral Elektrik» LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev rəhbərlik edirdi. İndi «Santral Elektrik»ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib. Məlumatlı mənbə isə deyir ki, İlham Həsənovun şirkətə rəhbərliyi formal xarakter daşıyır və Baba Rzayevin bütün biznes işlərini məhz Emin Rzayev idarə edir. Araşdırmalar göstərir ki, ASC sədri ötən illər ərzində «Santral Elektrik»ə milyonluq layihələr qazandırıb. Belə ki, Azərbaycanda elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində iri özəl şirkət hesab edilir. İnternet səhifəsindəki məlumatlara görə, “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da «Santral Elektrik»dir. Satınalmalar Komitəsinin internet səhifəsində əksini tapmış tender siyahısından görürük ki, 2011-ci il ərzində bu şirkət müxtəlif dövlət qurumlarına elektrik avadanlığı satıb. Bu siyahı dövlət qurumlarının alqı-satqı müqavilələrinin heç də hamısını əks etdirmir. Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri «Santral Elektrik»lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. Belə ki, “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub. 2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi isə Handa Groupdur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan – köhnə «Bakıelektrikşəbəkə»dən alıb. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, qardaşının hesabına milyonçuya çevrilən Emin Rzayev vaxtının böyük hissəsini bahalı istirahət məkanlarında istirahət etməklə, əylənməklə keçirir. Hələ bir məlumat da var ki, hələlik onu açıqlamaq istəmirik. Sadəcə ipucu verməklə kifayətlənmək istəyirik. Deyilənə görə, Emin Rzayev Bakının məşhur və bahalı restoranlarından birinə tez-tez baş çəkir. Məmurun qardaşının həmin restorana kiminlə getməsi məsələsinə isə yaxın günlərdə aydınlıq gətirəcəyik. Bizi izləyin. (gundelik-baku.com) Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Geri qayıt |