Əsas Səhifə > Siyasət, Manşet > "Bunun əzabını isə biz sakinlər çəkirik..."

"Bunun əzabını isə biz sakinlər çəkirik..."


19-05-2016, 08:43
"Bunun əzabını isə biz sakinlər çəkirik..."
“Abşeron” Gənclər Şəhərciyinin bir qrupu sakini Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya məktubla müraciət ediblər. Müraciətdə dövlət başçısından və birinci xanımdan illərdir qazsız qalan kompleksin təbii qazla təminatına diqqət ayırmaları xahiş olunur. Azinforum.az həmin şikayətdən bir hissəni təqdim edir:
” Yaşadığımız şəhərcik 5 ildən artqdır ki, istifadəyə verilib. Lakin ümumilikdə 85 blokdan yalnız 14-ü təbii qazla təmin olunub. Digər bloklarda isə təbii qazın verilməsi hələ də həllini tapmayıb. Buna səbəb tikinti şirkəti ilə podratçı şirkət arasındakı anlaşılmazlıqdır. Məhz ona görə də, qazın çəkilişi prosesi indiyədək yarımçıq qalıb. Bunun əzabını isə biz sakinlər çəkirik. Qış aylarında mənzillərdə vəziyyət dözülməz olur. Sakinlər arasında yaşlılar, uşaqlar var. Hamıdan çox onların sağlamlığı bizi narahat edir. Ümüdimiz sizədir. Biz Sizin humanistliyinizə, insanpərvərliyinizə güvənərək xahiş edirik ki, həmişə olduğu kimi bu dəfə də humanist addım ataraq, problemimizin həllinə dair göstəriş verəsiniz. Ona görə ki, soyuqlar düşən kimi kompleksdə həyat iflic olur. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada onlara dair heç bir şərait yaradılmayıb. Bir çox əlaqədar şəxslərə və qurumlara çoxsaylı müraciətlər olunub. Hər dəfə “qaz növbəti il veriləcək” deyib bizi aldadıblar. Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Binaların mərkəzi istilik sistemi də yoxdur. Qış aylarında mənzilləri elektrik cihazlarla qızdırırıq. Nəticədə “Azərişığa” 120-150 manat pul ödəyirik ki, bu da az qala əmək haqqımız yarısı deməkdir. Şaxtalı havalarda isə həmin cihazlarla mənzili qızdırmaq mümkünsüz olur. Hamımız xəstə düşürük. Neft-qaz ölkəsində xalqa məşəqqət yaşadanlara qarşı hər zaman olduğu kimi bu dəfə də sərt davranacağınıza və problemin həlli üçün müvafiq göstəriş verəcəyinizə əminik. Ümidimiz Sizədir”.

Geri qayıt