Əsas Səhifə > Siyasət, Manşet > "Ağ Şəhər"i tikənlər fəhlələrin pulunu vermir
"Ağ Şəhər"i tikənlər fəhlələrin pulunu vermir14-07-2016, 09:02 |
Bu bir həqiqətdir ki, bgün Azərbaycanda azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə dövlət başçısı İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlar müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, xüsusilə də kiçik və orta bizneslə məşğul olan vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin daha da sərtləşdirilməsi isə, bu istiqamətdə ən qısa zamanda ciddi nəticələrin əldə olunacağına zəmin yaradıb. Bununla belə, bütün bu proqressiv proseslərin fonunda, insanlarımızın rifah yüksəlişinə əngəl olan bir çox digər amilləri də diqqət mərkəzində saxlamaq lazımdır. Etiraf etmək lazımdır ki, bəzən bu amillər heç də məmur və səlahiyyət sahibləri deyil, əksinə bəzi üzdəniraq sahibkarların özləri tərəfindən də yaradılır. O cümlədən sadə insanların, sıravi fəhlə və ustaların müxtəlif işlərdə çalışdırılaraq, sonradan haqqlarının ödənilməməsi də belə neqativ halların ən bariz təzahürlərindəndir. Təsadüfi deyil ki, mütəmadi olaraq ölkə mətbuatında dərc olunan müxtəlif materiallarda da bu kimi hallardan tez-tez bəhs olunur. O cümlədən, bu günlərdə “Bizim Dövr” qəzetinin redaksiyasına daxil olmuş növbəti şikayət ərizəsində də daha bir şirkət sahibinin təmir-tikinti işlərində çalışdırdığı usta və fəhlələrin pullarını kəsməsi barədə açıqlama verilir. Həm də diqqətəlayiq haldır ki, bu şirkət birbaşa dövlət sifarişi ilə həyata keçirilən böyük bir layihənin icrasına cəlb olunmuş müəssisələr sırasındadır. Belə ki, redaksiyamıza ərizə ilə müraciət etmiş Elçin Məmmədov, Mehdi Hüseynov, Elvin Məmmədov, Daməd Məmmədov, Xalid Cəbrayılov və daha bir neçə nəfər vətəndaşlar bildirirlər ki, son on beş ay ərzində onlar paytaxtın Xətai rayonu ərazisində, Bakı Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan “Ağ şəhər” yaşayış kompleksinin 5-6-7 mərtəbəli, 7 girişli yaşayış binasının təmir-tikinti işlərində çalışıblar. Qeyd edək ki, həmin tikintinin qarşısında yerləşdirilmiş məlumat lövhəsində obyektin “SETA” MTK tərəfindən sifariş olunduğu, podratçı kimi isə, “Konstruktor” MMC-nin (lisenziya № 022543) çıxış etdiyi bildirilir. Şikayətçilər öz ərizələrində göstərirlər ki, tikintidə işlədikləri müddət ərzində onlar tərəfindən 350 kv.m sahədə alçı-boya (malyar) işləri görülüb. İş prosesi zamanı usta və fəhlələrə müəyyən məbləğlər ödənilsə də, işlər tamamlandıqdan sonra şirkətin işçilərə 7000 (yeddi min) manata yaxın məbləğdə borcu qalıb. Həmçinin bizimdovr.az-a təqdim olunmuş ərizədə işi qəbul edən şəxs kimi Fuad adlı bir nəfərin və onun köməkçiləri olaraq, Mikayıl və Ərəstunun adları qeyd olunub. Şikayətçilər bildirirlər ki, işi təhvil verdikləri gündən artıq altı aya yaxın bir müddət keçməsinə baxmayaraq, onlar hələ də öz halal pullarını Fuad müəllimdən ala bilmirlər. Bir qədər təkid etdikdə isə, usta və fəhlələr hətta qarşı tərəfdən hədə və təhdidlərə belə məruz qoyulurlar. Təbii ki, bütün bu özbaşınalıqlar, ilk növbədə Bakı Ağ Şəhər layihəsinin statusu nəzərə alınmaqla, qətiyyən yolverilməzdir. Amma belə görünür ki, yuxarıda adları qeyd olunan işbazların əlavə bir neçə min manat qazanc əldə etmək hərisliyi qarşısında dura biləcək heç bir maneə mövcud deyil. Məhz elə bu səbəbdən də, haqları tapdanmış (daha doğrusu, kəsilmiş) usta və fəhlələr məsələni qəzetimiz vasitəsilə ictimailəşdirmək və problemə ölkənin hüquq-mühafizə və prokurorluq orqanlarının diqqətini cəlb etmək qərarına gəliblər. Məsələyə qarşı tərəfin də münasibətini öyrənmək istərdik. Geri qayıt |