Əsas Səhifə > Siyasət, Manşet > Binəqədidə icra başçısı müavin qarşıdurması

Binəqədidə icra başçısı müavin qarşıdurması


4-05-2018, 08:22
Binəqədidə icra başçısı müavin qarşıdurması
Fazil Məmmədov Vergilər naziri olduğu dövrdə Binəqədi və Şəmkir rayon İcra hakimiyyəti başçısı postlarına öz adamlarını yerləşdirməyi bacarmışdı. dia-az.life veteninfo.az-a istinadən xəbər verir ki, Fazil Məmmədov ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə nazir postundan uzaqlaşdırıldıqdan sonra hər iki icra başçısının başı dərddədir. Hətta vəziyyət o həddə çatıb ki, artıq sabiq nazirin kadrları ətraflarındakı adamlara belə inamlarını itirməyə başlayıblar.

Redaksiyaya bununla bağlı daxil olan məlumata görə, bu xüsusda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla müavini Aygün Əliyeva arasında qarşıdurma yaranıb.

İddiaya görə Fazil Məmmədov işdən azad ediləndən sonra, Binəqədi Rayon İH-nin bəzi yüksək vəzifəli şəxsləri özlərinə yeni iş yerləri axtarmağa başlayıb. Məlumata görə, bunu eşidən Xaləddin İsgəndərov bərk qəzəblənib və hətta bununla bağlı dar çərçivədə iclas da keçirib. Başçını ən çox qəzəbləndirən isə onun özünün seçərək müavin təyin etdiyi Aygün Əliyeva ilə bağlı məsələdir.

Qeyd edək ki, Aygün Əliyevanın ən gənc xanım olaraq icra başçısının müavini təyin edilməsi gündəmi bir xeyli məşğul etmişdi. Bu addım Xaləddin İsgəndərovun Aygün Əliyevaya böyük etimadı idi. Məlumatda iddia edilir ki, Fazil Məmmədov işdən azad olunduqdan sonra, bunu eşidən Aygün Əliyeva bir çox yerlərə müraciət edərək özünə yeni iş yeri axtarmağa başlayıb. Bunu eşidən Xaləddin İsgəndərov bərk qəzəblənib. O, keçirilən iclasda Aygün Əliyevanı ona sədaqətsizlikdə ittiham edərək, işdən azad edəcəyini bəyan edib.

İddiaya görə, icra başçısı bunun üçün əsaslarının olduğunu da dilə gətirib. İddialara görə, başçı Aygün Əliyevanın Binəqədi Rayon İcra Hakimiyyəti üçün aldığı güllərdə maxinasiya edərək 5 000 manat mənimsədiyini və buna görə, cavab verməli olacağını bildirib.

Veteninfo.az yazır ki, Xaləddin İsgəndərov Binəqədi rayonunun “Zeytunluq” deyilən ərazisində Aygün Əliyeva üçün torpaq ayırıb və ona orada icra hakimiyyətinin hesabına villa tikdirirmiş. Bu hadisədən sonra başçı o villanın da Aygün Əliyevadan alınması haqqında tapşırıq verib.

Redaksiyamıza daxil olan məlumatda iddia edilənlərin nə qədər doğru olub olmadığını deyə bilmərik. Amma redaksiya olaraq məlumatda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt