Əsas Səhifə > Siyasət, Manşet > "Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik..."

"Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik..."


30-11-2018, 10:18
"Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik..."
Saytımıza həkim səriştəsizliyi ilə bağlı şikayət daxil olub.

Bu ilin may ayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirən Gülçin Nəsib qızı Aslanova əməliyyatdan sonra ölümcül problemlərlə üzləşib; qadının qarnı sürətlə şişib, şiddətli ağrıları başlayıb.

Ailə yaranan narahatlıqla bağlı əməliyyatı aparan həkim-ginekoloq Aytən Səfərovaya müraciət edib. Aytən Səfərova Gülçin Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib.

"Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik..."

Xəstənin yoldaşı Ramil Aslanov Faktxeber.com-a müraciət edərək başlarına gələnləri danışıb. Onun sözlərinə görə, yoldaşı son 5 ayda daha 2 ağır əməliyyat keçirib, amma hələ də tam sağalmayıb, keçirdiyi sarsıntılar nəticəsində körpəsinə qulluq edə, ana südü ilə qidalandıra bilmir.

Ramil Aslanov deyir ki, sonuncu əməliyyat 4 saat çəkib, qarın boşluğundan 10 litrdən çox maye boşaldıblar. “Sözlə ifadə olunmayacaq qədər dəhşətli ağrıları vardı, nəfəs ala bilmirdi, bütün bədəni şişmişdi. Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik Gülçini xilas etmək mümkün olmayacaqdı. Ən ağrılısı isə odur ki, həkim Aytən Səfərova əməliyyatdan sonra fəsad yarandığını bilib, amma gizlədib, 3 uşaq anasını amansızcasına ölümlə üz-üzə qoyub”.

"Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik..."

Ramil Aslanov danışır ki, həyat yoldaşı keçirdiyi uğursuz əməliyyatdan sonra mənəvi və fiziki əzablar çəkdiyindən yeni doğulan körpəyə ana qayğısı göstərə bilmir: “Həyat yoldaşım həm sağlamlığından oldu, həm də maddi ziyana düşdük. Bu müddət ərzində dəfələrlə müraciət etsək də, Aytən Səfərova reaksiya vermədi, əksinə köməkçisinin vasitəsi ilə xəbər göndərərək saymazyana bildirdi ki, hara istəsək şikayət edə bilərik, onun güvənə biləcəyi adamlar var. Yeganə istəyim odur ki, həkim cəzasız qalmasın, bizim aylarla çəkdiyimiz əzab-əziyyəti başqaları da yaşamasınlar”.

Aslanovlar ailəsi 50 min manat təzminat ödənilməsi, çəkilən xərclərin geri qaytarılması tələbi ilə Səbail Rayon Məhkəməsində klinikaya qarşı iddia qaldırıb. Ayrıca Bakı Şəhər Prokurorluğuna müraciət edilərək Aytən Səfərovanın cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Bakı Şəhər Prokurorluğu isə işə baxılması üçün sənədləri Səbail Rayon Prokurorluğuna göndərib.

"Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik..."

Qarşı tərəfin mövqeyini öyrənmək üçün həkim-ginekoloq Aytən Səfərovaya zəng etdik. (Qeyd edək ki, Aytən Səfərova hazırda “Caspian İnternational Hospital”da işləmir)

Baş verən həkim nöqsanı ilə bağlı sualımızı cavablandıran Aytən Səfərova bildirdi ki, xəstənin şikayətləri həqiqəti əks etdirmir: “Prokurorluqdan verilən ekspertizanın rəyində bildirilir ki, qarşı tərəfin sağlamlığında yaranan problemin bizimlə heç bir əlaqəsi yoxdur.Mən dünənin həkimi deyiləm ki, bu böyüklükdə xəta edim. Xəstə burada yatarkən bütün analizlərdən keçirilib, əlimizdə kompüter tomiqrafiyasının nəticələri var…”

"Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik..."

Aytən Səfərova daha sonra ekspertizanın rəyini bizə göndərəcəyini desə də , iki gün ərzində həkimdən hər hansı məlumat ala bilmədik.

Qarşı tərəfin saytımıza təqdim etdiyi ekspertiza rəyində isə göstərilir ki, Gülçin Aslanovada sidik kisəsinin perforasiyasının (toxuma tamlığının pozulması) olduğu müəyyən edilib. Bu zədələnmənin 18.05.2018-ci ildə hospitalda üzərində edilən keysər kəsiyi cərrahiyyə əməliyyatı zamanı baş verməsi inkar olunmur. Həm məhkəmə, həm də prokurorluq işi təkrar ekspertizaya göndərib.

Geri qayıt