Əsas Səhifə > Siyasət, Sosial, Manşet > “Kommunal Təsərrüfat İdarəsində iş üçün məndən 300 manat aldılar”
“Kommunal Təsərrüfat İdarəsində iş üçün məndən 300 manat aldılar”30-01-2021, 11:17 |
Yardımlı sakini Savalan İbrahimli iki ilə yaxın işsizdir. O, haqsızlıqla üzləşdiyini və işdən qanunsuz uzaqlaşdırıldığını iddia edir. DİA.AZ xəbər verir ki, Savalan İbrahimli Yardımlı Rayon Məşğulluq İdarəsində 2018-ci ildə qeydiyyata düşüb. 2019-cu ilin yanvarında idarədən zəng gəlib, ona iş tapıldığı bildirilib: “Onda Məşğulluq İdarəsinin müavini Miramil Səmədli idi. Məktəbdə sinif yoldaşım olmuşdu. Getdim yanına, dedi ki, 500-600 manat versən, sənə iş verəcəyik. Maaş da 200 manat. Bu yandan da müdir Fikrət müəllim gəldi, dedi, narahat olma, yaxşı işdi. Mən sonradan başa düşdüm ki, növbəyə duran hamı üçün iş var. Bunlar bizdən pul qoparmağa çalışır. İş yerləri gəlib, bunlar da başlayıblar satışa. Kimdən nə aldılar, aldılar...” Savalan İbrahimli iddia edir ki, Kommunal Təsərrüfat İdarəsində iş üçün ondan 300 manat alıblar. Yardımlı sakini pulun 100 manatının Miramil Səmədliyə çatdığını bildirir: “Orada işçilərin üstündə nəzarətçi idim. 176 manat əməkhaqqı almalıydım. Bunun 50 manatını müdir Seyfəddin Abdulov tuturdu. Mən 2019-cu ilin mayında icazə sənədi ilə şəhərə getmişdim. Qayıdıb gələndə gördüm ki, kartım bağlanıb. İdarədə dedilər ki, ixtisara düşmüsən. Halbuki, mən orada bir illik müqavilə ilə işləyirdim. Soruşdum ki, axı bu necə ola bilər? Xeyri olmadı. Əmək kitabçamı tələb elədim. Sonradan baxıram ki, orada işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən uzaqlaşdırıldığım yazılıb. Bununla da əmək kitabçama ləkə salıblar”. Savalan İbrahimlinin əmək kitabçasında onun 23 fevral 2019-cu il əmək müqaviləsi ilə “DOST İş Mərkəzi”nin Yardımlı rayonu regional filialına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin olunduğu yazılıb. Bundan sonra həmin ilin oktyabrın 7-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd olunub. Burada İnsan Resursları Departamentinin müdiri Nuranə Əliyevanın imzası da var. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində yazılıb ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda işdən kənarlaşdırıla bilər. Savalan İbrahimli deyir ki, əmək kitabçasında məhz həmin maddə yer aldığına görə, daha heç bir yerdə işə götürülmür. “Soruşuram ki, niyə işdən çıxarmısınız? Seyfəddin Abdulov deyir ki, mənim əmrimə tabe olmamısan. Məni çox hədələyiblər. Prokurorun sürücüsü bunun bacanağıdı. Ona güvənirlər. Belə olmaz axı. Mənim uşağım evdə daş yemir ki... İki ildi belə qalıb. Neçə dəfə Məşğulluq İdarəsinə getmişəm. Əmək kitabçasında yazılanlar hər şeyin üstündən xətt çəkib. Böyük qanunsuzluğa yol verilib”. Savalan İbrahimli “DOST İş Mərkəzi”nə məktubla müraciət edib. Müraciətə 2020-ci ilin iyulunda cavab verilib. Cavab məktubunda bütün işçilərin “icraçı”nın – Yardımlı şəhər Kommunal Təsərrüfat İdarəsinin tapşırığı və birbaşa nəzarəti ilə fəaliyyət göstərdiyi yazılıb. Burada Savalan İbrahimlinin işdən azad olunmasına səbəb kimi onun mənfi davamiyyəti göstərilib. Kommunal Təsərrüfat İdarəsindən “DOST İş Mərkəzi”nə akt daxil olub, beləcə, rayon sakini işdən məhrum edilib. “Mənim işə çox ehtiyacım var. Valideynlərimin evində qalıram. Bir uşağım var. Həyat yoldaşım müəllimədi. Onun məvacibi ilə dolanmağa çalışırıq”, - Savalan İbrahimli belə deyir. Geri qayıt |