Əsas Səhifə > Siyasət, Manşet > Qocayevin QOCAMAN XANƏDANI...
Qocayevin QOCAMAN XANƏDANI...24-06-2021, 09:37 |
Hər zaman redaksiyamıza daxil olan müraciətlər və məlumatları araşdırıb, sonra yayımlayırıq. Araşdırılma isə təbii haldır ki, hər variantla aparılır. Həmçinin də internet üzərindən. Demək olar ki, son günlər "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edənlərin əksəriyyətini Samux rayon sakinləri təşkil edir. Hər edilən müraciətdə də sakinin narazılıq etdiyi İcra Hakimiyyəti başçısı haqqında yeni araşdırmaya başlayırıq. Bu dəfə də redaksiyamıza üz tutan "ürəyidolu", yerli İcra orqanlarından, bələdiyyədən gileyli vətəndaşlar da Samux rayon sakinləridir. İnternet üzərindən "Alı Qocayev" yazıb, axtarış vermək kifayət edir ki, 73 yaşlı məmur Alı Qocayevin bu gün sayıb, dinləmədiyi sakinlərin hesabına hansı sərvətlərə sahib olduğundan xəbərdar olaq. Biz "olmasın", yaxud "niyə var" demirik. Özünə qismət. Allah bərəkət versin. Amma, gərək hər kəs çörəyini yediyi vəzifəyə layiqincə xidmət etsin ki, həm o çörəyi həmişə yesin, həm də halalı olsun. Bu məmura da aiddir, fəhləyə də! Əlqərəz... Demək, Samux rayon Sərkar kəndindən redaksiyamıza müraciət edən aztəminatlı ailə başçısı Məmmədov Anar bildirir ki: - "bir neçə gün əvvəl yağan yağışlar yaşadığım evin içinə yağırdı. Bununla bağlı Sərkar kənd İcra nümayəndəliyinə, həmçinin Samux rayon İcra Hakimiyyətinə, başçının müavini Tahir Qarayevə, Arif Ağayevə müraciət etmişəm. Bu günə qədər nəyinki mənə köməklik göstərmək, ümumiyyətlə gəlib baxış da keçirən olmayıb. Üzümü tuturam Cənab İlham Əliyevə. Cənab prezident Samux rayonunda İcra özbaşınalığıdır." Anar Məmmadovun "icra özbaşınalığı" iddiasını təsdiq edən daha bir bir narazı vətəndaş, Samux rayon Qarayeri qəsəbə sakini Əliyeva Tehran Məmməd qızı redaksiyamıza müraciət edib. Tehran xanım müraciətində bildirir: - "3 oğul anasıyam. Övladlarım hərbi xidmətini layiqincə yerinə yetiriblər. Həyat yoldaşım da birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub. Bütün bunlarla fəxr etmişik hər zaman. 3 oğlum və özüm, birlikdə 12 nəfərdən ibarət 4 ailə bir evdə yaşayırıq. Oğlanlarıma torpaq almaq, ev tikmək üçün imkanım yoxdur. Ona görə də Mehriban xanım Əliyevaya məktub yazıb, kömək istədim. Sağolsun, Mehriban xanımın müraciətimə baxılması üçün Samux rayon icra Hakimiyyətinə göstəriş verildiyini bildirən məktub aldım. 22 may 2020-ci il tarixində İcra Hakimiyyəti başçısının 1-ci müavini Tahir Qarayevin imzası ilə mənə məktub gəldi ki, müraciətiniz araşdırıldı, doğruluğu təsdiq edildi. Bununla bağlı Qarayeri bələdiyyəsinə xəbərdarlıq olunub və Qarayeri bələdiyyəsi tərəfindən sizə iki ayrı-ayrı yerlərdə həyətyanı torpaq sahəsi təklif olunur. Odur ki, sizə torpağın sənədləşdirilməsi üçün müvafiq sənədləri toplayaraq, Qarayeri bələdiyyəsinə təqdim etməyiniz tövsiyyə olunur." Tehran xanım deyir ki, bu məktubdan sonra ona qəsəbənin zibilliyinin ərazisini təklif edib, deyiblər ki, "Torpaq yoxdur. Olan budur. Bəs, bizdən əvvəlki bələdiyyələr hamısını satıb, yeyib." Xanım deyib "heçolmasa mənə bir sənəd verin", ona da cavab veriblər ki, "Vitse Prezidentin tapşırığını bizmi pozacağıq?! Get işini gör. Hələ pandemiya dövrüdür, müharibə gedir, ona ayırmağa vaxtımız yoxdur." Ardınca da Qarayeri bələdiyyə sədri Nizami Ələsgərovun müavini Pərvanə xanıma tapşırıq verirlər ki, "Məzmunu sən de, amma xətt Tehran xanımın özününkü olsun. Mehriban xanım Əliyevaya bir təşəkkür məktubu yazdır. İçində Mehriban xanımın da, Alı Qocayevin də, bələdiyyə sədri Nizami Ələsgərovun da adı olsun." Bundan sonra Tehran xanım kredit borcu götürüb, başlayıb işinə. Zibili təmizləyib, tikinti üçün daş gətirib tökübmüş ki, gəliblər burda tikinti aparmaq üçün icazən yoxdur. O gündən bu günə artıq bir ilə yaxın müddətdir ki, Tehran xanımın özünün dili ilə desək "süründürür"lər. Demək, Bələdiyyənin min oyunu, bir "təşəkkür məktubu"nun üzərində imiş. Amma, atalar deyir: "çoxbilmiş quş dimdiyindən ilişər". Bir də deyirlər "aşağıdan kəsən varsa, yuxarıdan baxan var." Yerli İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, həmçinin yerli bələdiyyələr "kreslo"ya güvənib, millətin haqqını yeyərkən, düşünmürlər ki, bir gün kiminsə səbri tükənəcək... Yeri gəlmişkən Tehran xanım müraciətində onu da bildirir ki, bu süründürməçilikdən cana doyduğu üçün ilk növbədə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin qəbulunda olub, Qarayeri bələdiyyəsi barədə şikayət edib. Alı Qocayev də hər kəsin içində Nizami Ələsgərovu "danlayıb", xanımın işinə baxmadığına görə irad bildirib. Bütün bunlara baxmayaraq məsələnin hələ də həll olunmamış qalması iki şübhə yaradır. Ya Alı Qocayev müəllimlərə şagirdlərdən "pul yığmaq" əmrini verib, sonra valideynlər arasında "bizim məktəbdə pul yığılması söhbəti ola bilməz. Olsa mənə bildirin, xahiş edirəm." deyən, bəzi məktəb direktorları kimi görüntü yaradır, ya da Alı Qocayevin sözü Samux rayonunda fəaliyyət göstərən yerli dövlət qurumlarında eşidilmir. P.S: Redaksiyamıza daxil olan müraciətlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Samux rayon İcra Hakimiyyətinin şəxsi internet səhifəsində qeyd olunan telefon nömrəsi vasitəsilə başçının müavini-ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Kəmalə xanım Xəlilova ilə əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, nömrə cavab vermədi. Ardınca, İcra Hakimiyyətində ümumi şöbə ilə əlaqə saxladıq. Dəstəyi qaldıran operator xanım bizə ümumi şöbənin müdiri Elşad müəllimin telefon nömrəsini verib, onunla əlaqə saxlamalı olduğumuzu bildirdi. Daha sonra xanımın verdiyi əlaqə nömrəsi vasitəsilə Elşad müəllimə zəng etdik. Elşad müəllim suallarımızı cavablandırmaq səlahiyyəti olmadığını bildirdi. Mövzuya qayıdacağıq. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |