Əsas Səhifə > Siyasət, Manşet > Astaralı təhsil eksperti rayon təhsilinin rəhbərinə qarşı SAVAŞ AÇDI
Astaralı təhsil eksperti rayon təhsilinin rəhbərinə qarşı SAVAŞ AÇDI29-07-2021, 09:18 |
Təhsil eksperti və Astaranın mübariz gənc alimlərindən biri kimi yaxşı tanıdığımız Zaur Hüseynov Qeyri-Hökümət Təşkilatlarından birinə şok açıqlama verib. araz.az xəbər portalının da əldə etdiyi həmin açıqlamada, Astara təhsilinin vəziyyətini tənqid edən təhsil eksperti, vaxtilə, bu rayonun Artupa kənd məktəbinin direktorluğundan çıxarılmasına da toxunub. Maraqlı olduğu üçün, həmin müsahibənin əsas hissəsini təqdim edirik: "Əvvəlcə, mediaya və xüsusən də, müstəqil QHT olan “Təhsil Araşdırmalar Mərkəzi”nə təşəkkür edirəm ki, ən problemli təhsil nöqtəsi olan Astara təhsilindəki problemlərə cəsarətlə yer verir, rayondakı məsələləri araşdırır. Fürsətdən istifadə edib, rayon təhsilindəki son durum barədə, mən də öz mövqeyimi cəmiyyətlə bölüşmək istəyirəm. Əlbəttə, Astara təhsilindəki bərbad və dəhşətli vəziyyətin çoxdan göz önündə olması danılmazdır. Məsələ o qədər ciddiləşib ki, hətta, Rəşad Həsənovun yaltaqlarının da əl-qolları bağlanıb, onların onu müdafiə etməyə həvəsləri qalmayıb. Artıq, Həsənovun rəsmi Feysbuk profili, demək olar ki, ictimaiyyətə bağlanmış durumdadır, yalnız “təhlükəsiz” adamları dostluğuna qəbul edir və heç bir paylaşım da görünmür. Bu isə, Həsənovun rayon təhsilinin müdiri olaraq, faktiki, ömrünü başa vurması deməkdir. Əslində, o, elə ilk aylardan etibarən, verdiyi çox yanlış qərarlarla və avanturist addımları ilə, təhsil rəhbəri vəzifəsinə layiq və uyğun olmadığını sübut edib. Amma indisə, müdir vəzifəsini tamamilə bir kənara qoyub. Əvəzində isə, Astara təhsil şöbəsinin səhifəsindən aradabir bəzi paylaşımlar edilir. Xüsusən də, son bir ildə, onun üslubuna və zəkasına qətiyyən uyğun olmayan hansısa məqalələr, Həsənovun adından paylaşılır. Amma, nədənsə, biologiya diplomlu olduğu halda, koronavirus, sağlamlıq haqqında indiyə qədər bircə dənə də olsun məsləhət verə bilməyib! Görünür ya koronavirusu çox da önəmli hesab etmir, ya da ki, əlavə pul sərf etmək istəmir! Son vaxtlar diqqəti cəlb edən digər bir nüans da, bəzi qruplarda, məsələn, “Şahağac-Astara”, “Təhsil Forumu” və “Cənub Bölgəsinin Ziyalıları”nda onun əleyhinə yazılan paylaşımların rədd olunması və qrup rəhbərlərinin onun “əttökən” tərifinə yer vermələridir. Çox təəssüf edirəm ki, bəzi avam astaralılar, hələ də, bu yalançı təriflərə aldanaraq, Rəşad Həsənovun toruna düşməkdə və bu yalanlara inanmaqdadırlar. Sual edirəm: "Həsənov necə yaxşı müdirdir ki, bu vəzifəyə gəldiyi ilk ayda -- 2018-ci ilin iyulunda 2 peşəkar işçini -- Daşqın Əliyevi və Fuad Mehrəliyevi heç bir səbəb olmadan işdən çıxardı?! Yox, əgər bu işçilər peşəkar deyildilərsə, onda, nədən, onları 2 il sonra təzədən xahiş-minnətlə işə qaytardı? Belə çıxır ki, ya onları işdən çıxararkən ciddi səhv edib, ya da qaytararkən. Hələ onu demirəm ki, Artupa məktəbinin uğurlu direktoru ikən, kollektiv məndən tam razı olduğu halda, o, 2019-cu ildə məni də işdən çıxardı. Rəşad Həsənov özünü “islahatçı” adlandırır, amma görünür ki, islahatları tərsdən keçirir: Yaxşıları çıxarıb, pisləri saxlayır. Bəli, Həsənov gəldiyi ilk aylarda, əgər bütün ümidini hansısa “adamına", “yuxarılar”a bağlamışdısa, mediada və ictimaiyyətdə ciddi tənqid olunandan sonra, “strategiyasını dəyişdirərək”, bu səfər ümidini Feysbukda hansısa qrup rəhbərinə, ya da saytlara bağlamağa başlayıb. Amma, necə deyərlər, "Qorxunun əcələ faydası yoxdur". Artıq, "ox yaydan çıxıb". Bundan sonra, bu qədər özbaşınalıqdan sonra, bu qədər biabırçılıqdan sonra Həsənov bu önəmli vəzifəsində qalmaq barədə düşünməməlidir, bunu heç ağlından belə keçirməməlidir. Ən azı həya, abır bunu tələb edir. O, astaralıları avam hesab edərək, 3 -- 5 məktəblinin olimpiadada yer tutmasını böyük uğur kimi onlara sırımağa çalışır. Lakin biz təhsil ekspertləri gözəl bilirik ki, 100 minlik əhalinin içindən, minlərcə şagirdin içindən cəmi 3 -- 5 nəfərin yer tutması nəinki uğur, əksinə, BİABIRÇILIQDIR! Həsənov, hətta, açıqladığı son statistikası ilə, özü də bilmədən etiraf etdi ki, heç bir ciddi uğuru yoxdur. Mən sual edirəm: "Rəşad Həsənov, əgər, özünüz də etiraf edirsinizsə ki, vaxtilə, müsahibənizdə vəd etdiyiniz ciddi uğura nail olmamısız, onda hansı haqla, hələ də, vəzifədə qalmağa ümid edirsiz? Biz, gənc alimlər olaraq, sizə çağırış edirik: "DƏRHAL İSTEFA VERİN!" Əgər daha bir neçə gün də qalmağa davam etsəniz, mən sizə söz verirəm ki, 2019-cu ildə məni Artupa məktəbinin direktorluğundan necə qanunsuzluqla çıxarmanızdan, bu qanunsuzluğu necə ifşa etməyimdən və "ağa"nızın sizi necə sərt şəkildə danlamasından danışacağam! Sənədlərlə və faktlarla danışacağam! Mən sırf "ağa"nızın xahişi ilə, indiyə qədər susmuşamsa, artıq, bundan sonra heç nə və heç kimin xahişi məni susdura bilməyəcək! Bu, təhdid deyil, xəbərdarlıqdır! Bu qədər. Avqust ayına qədər gözləyəcəyik. Əgər “ayaq dirətməyə” davam etsəniz, onda, barənizdə daha bir FİLM də, məndən gələcək! Gözləyirik!". araz az Geri qayıt |