Əsas Səhifə > Siyasət, Manşet > "Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram..."
"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram..."16-10-2021, 09:27 |
Hazırda sosial media gündəmində haqlı tənqid hədəfləri arasında hələ ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz "reytinqini" qoruyub saxlamaqdadır. Sözügedən bu qurum haqqında elə bir gün yoxdur ki, bir yox, bir neçə vətəndaş şikayətləri və tənqidi materiallar dərc edilməsin. Amma, nə faydası? Deyir: " Sən saydığını say, gör Sahil Babayev və onun komandası nə sayır". Ölkə əhalisinin yarıdan çoxunu, hətta az qala hamısını özündən narazı salan bu dövlət qurumunun rəhbər və əməkdaşları görəsən nə düşünürlər? Bir vaxtlar rüşvətlə saxta əlillik dərəcəsi təyin edib, pensiya almasını təmin edən qurum əməkdaşları, güya saxta yollarla pensiya alanları araşdırmaq üçün qəflətən verilən pensiyaları kəsdi. Pensiyası kəsilənlər arasında bir ayağı, hətta iki ayağı, iki gözü, əli olmayanlar da var idi. Onların saxta, ya gerçək olduğunu araşdırmağın məntiqini çoxlarımız hələ də anlamış deyilik. Qeyd: Həqiqi xəstəliyi və əlilliyi olanlar var ki, hələ də yenidən pensiya alması təmin edilməyib. Amma, eşitdiyimizə görə saxtakar həkimlər və komissiya üzvləri əvvəlki "qayda"da yenə də "fəaliyyət"lərini davam etdirirlər. O zaman bu araşdırmalar nəyə lazımdır? Nə dəyişdi ki?! Pensiyaya həqiqi ehtiyacı olanlar ehtiyac içində boğulmaqda davam edir. İmkanı olanlar isə pulunu verib, işini bərpa edir. Yeri gəlmişkən, onu da bildirək ki, deyilənlərə görə sözügedən nazirliyin əməkdaşları, komissiya üzvləri həkimlər ilə əlbir çalışırlar. Əgər bu araşdırmalar saxta əlillikərin araşdırılması ilə əlaqədardırsa, bəs yenə də saxtakarlıq etmək nədir?! Yoxsa, həmkarlarımız demiş həqiqətən də "Sahil Babayev büdcəyə belə "qənaət" edir" ?! Çünki, bu "yığımcıl" qurumun "qənaət metodu" təkcə pensiya, yaxud ünvanlı sosial yardımları kəsməkdən ibarət deyil. Eyni zamanda illərdir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xadimə işləyənlərin də bəzilərini işdən çıxarıb. "DogruXeber.az" informasiya agentliyinə müraciət edən, əslən Tərtər rayonundan olan Əsgərova Təranə Yaqub qızı bildirir ki, "2005-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində yaradılmış Dövlət Sosial Müdafiə Fondunda Xadimə işləyirəm. 2020-ci ilin İyul ayında məni məcburi olaraq ştatdan, müddətli müqaviləyə keçirdilər. Bir gün mənə dedilər ki, dörd nəfərin sənədi itib, onunla bağlı bu kağızları imzalayın. Aysel xanım ağ kağıza mənə qol çəkdirdi. Sonra yenə də işimə hər zaman olduğu kimi davam etdim. Yəni o imzadan sonra da iki gün gedib işlədim. Mənə kimsə bir söz demədi. İki gün sonra dedilər ki, "sən niyə işləyirsən. Sənin əmrin verilib. İşdən çıxmısan"". Yeri gəlmişkən onu da qeyd edək ki, Təranə xanım Əsgərova işlədiyi müddətdə də redaksiyamıza müraciətləri olmuşdur. Hansı ki, bir dəfə iş zamanı başına ağır dəmir parçası düşmüş və xanım iş yerində ağır xəsarət almışdı. İdarə isə onun müalicəsinə köməklik göstərmirdi. İkinci şikayətində isə xanım iki nəfərin işini tək gördüyü və bunun üçün əlavə əmək haqqı almadığından gileylənirdi. Baxmayaraq ki, Təranə xanım hər iki məsələdə haqlı idi, amma görünür onun bu narazılıqları Dövlət Sosial Müdafiə Fondunda çalışan səlahiyyət sahiblərinin xoşuna gəlməyib. Odur ki, xanımın da dediklərinə görə məhz bu səbəbdən, yəni haqqını tələb etməsin deyə, səlahiyyət sahibləri ondan "canlarını qurtarmağa" çalışıblar. Daha doğrusu elə "qurtarıblar" da. Çox təəssüflər olsun ki, günümüzün reallığı budur: Haqqını tələb edən vətəndaşlar, özbaşına məmurların xoşuna gəlmir! Təranə xanım Əsgərova bildirir ki, Himalay Məmişov, Cavid Şeydayev və kadrlar şöbəsində çalışan Aysel tərəfindən aldadılaraq işdən çıxarılmasına etiraz olaraq, o işlədiyi idarəni məhkəməyə verib. Məhkəmə də idarənin xeyrinə qərar qəbul edib ki, xanımın müqaviləsi başa çatdığı üçün işdən çıxarılıb. Müddətli müqaviləyə hansı yollarla keçirildiyi mövzusu isə hər kəsin diqqət çərçivəsindən kənarda qalıb. Bundan əlavə xanım yazılı olaraq bir çox dövlət qurumlarına - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident adminstrasiyası, həmçinin Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya da müraciətlər göndərib. Çox təəssüflər olsun ki, o müraciətlər də göndərilməsindən bir ay keçməsinə baxmayaraq, hələ cavabsız qalıb. Ümidi hər yerdən üzülən Təranə xanım Əsgərova pozulmuş hüquqlarının bərpa edilməsi üçün redaksiyamız vasitəsilə Prezident İlham Əliyevdən və xanımı Mehriban xanım Əliyevadan kömək istəyir. Ölkə əhalisinin az qala hamısını Nazirdən, Nazirlikdən, ölkədən, ən başlıcası isə dövlətçilikdən narazı salmağı peşəkarcasına bacaran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünün və tabeliyində olan bütün idarələrinin səlahiyyətli əməkdaşlarının barəsində nədənsə heç bir tədbir görülmür. Bəlkə də vətəndaşlar elə Sahil Babayevi qınamaqda haqlıdırlar. Çünki, haqqında hər gün, gündə bir neçə dəfə tənqidi materiallar yayımlanan qurumun rəhbəri ola bilməz ki, idarəçiliyində baş verənlərdən xəbərsiz olsun. P.S: Şikayətçi Təranə xanım Əsgərovanın iddiaları barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti ilə telefon əlaqəsi saxladıq. Mətbuat xidməti məsələni araşdırıb məlumat verəcəklərini bildirdi. Söhbətimizdən qısa vaxt keçdikdən sonra sözügedən qurumun mətbuat xidmətindən bizə zəng edərək, xanımın müqavilə müddətinin başa çatdığı üçün işdən çıxarıldığını bildirdilər. Digər, iddiaları isə konkret olaraq təkzib etdilər. Mövzu diqqətimizdədir. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |