Əsas Səhifə > Siyasət, Manşet > "Bu yerdə heç it də yaşamaz"
"Bu yerdə heç it də yaşamaz"30-10-2021, 09:42 |
Bəzən pis gündə yaşayışı itlərlə müqayisə edirik. Pis evə “it damı”, pis evdə yaşayana “it də burada yaşamaz” deyirik. Əslində söhbət açacağım yerə, evə, yaşayışa məmurlar da “itli” müqayisə aparıblar. Söhbətin tən ortasından başlayaq. Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi Göz xəstəxanası kimi tikilib, daha sonra yarımçıq qalan, qaçqın və məcburi köçkünlərin yaşadığı yerdə söhbət açacağıq. Daha dəqiq ordakı bir ailədən, onların yaşayışından… İki il öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sözü gedən və aşağıda sözü gedəcək ailənin yaşadığı yerə gəlib, baxışdan sonra belə bir ifadə işlədib: “Burada it də yaşamaz”. Məsələ ondadır ki, bu söhbətin üstündən iki il keçib və ailə hələ də orada yaşayıb. Ailə böyüklərindən biri Tağıyeva Sevda Heydər qızının dili ilə desək, “Biz itdən də betərik”. İnsan hər yerə, hər şəraitə uyğunlaşan, adaptasiya olan bir varlıqdır. Qarabağda imarəti olub çadırda yaşayanları gördük, dəmir vaqonlarda məskunlaşanları gördük. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin yaşayışı ilə bağlı nələri görmədik ki?! Sözdə Göz xəstəxanası olan yerdəyik. Girişdə divarda bizi belə bir yazı qarşılayır – “QARABAĞ BİZİMDİR”. Həmin küçə Bakının ən görməli yerlərindən biridir. Göz xəstəxanası ilə üzbəüz yeni bir park da salınır. Ətrafda çoxlu sayda hündürmərtəbəli binalar var. Həmin binalarla bu binanı sonradan çəkilən bir hasar ayırır. Bəzi müqayisəli fotolar olur: ağ-qara, gözəl – çirkin. Bax burada elədir. Divarın solu təmiz, səliqəli, bahalı maşınlar, deyib-gülən uşaqlar, çilçıraq. Sağı isə üfunət, çirkab, mənən qocalmış uşaqlar, ağcaqanad, milçək, siçovul, daşan kanalizasiya. Qısası təsəvvürünüzdə nə qədər pis şeylər varsa hamısı… Divarın üzərindən baxıram, bir addımla həyat, yaşayış necə dəyişərmiş… Görürəm, hiss edirəm… Tağıyevlər ailəsi 2004-2005-ci ildən burda yaşayırlar. Yaşayış yerləri 3 kiçik otaqdan ibarətdir. Otaqlar türməni xatırladır. Əslində türmə də belə deyil. Çünki türmələrin ən azı havalandırması olur, kiçik olsa da dəmir barmaqlıqlardan günəş içəri düşə bilir. Bu otaqların isə heç birinin havaya çıxışı yoxdur. Otaqların yalnız kanalizasiya trubalarına çıxışı var. Otaqlar tikiləndən bu günə qədər bir dəfə də hava görməyib. Günəş işığına həsrətdir. Otaqlardan gələn iyi bir anlıq düşünün. İnsan hara düşdüyünü anlaya bilmir. Burada insan necə yaşaya bilər deyə çoxlu sayda suallar verir. O an anladım ki, Rövşən Rzayev niyə, “Burada it də yaşamaz”, – deyib. Tağıyev Ramin Kərim oğlu orada yaşayan ailələrdən birinin başçısıdır. Raminin uşaqlığı, gəncliyi burada keçib. İndi də həmin bu otaqda uşaqları böyüyür. Təbii ki, uşaqlar hamısı xəstədir. Ramin Tağıyevin sözlərinə görə, həkimlər uşaqların xəstəliyinin havasızlıq və oksigensizlikdən qaynaqlandığını deyib. Üç balaca otaqda uşaqlı-böyüklü 12 nəfər yaşayır. Ailə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün dəfələrlə “Qaçqınkom”a müraciət edib. Məsələ ondadır ki, hər dəfə onlar sözün əsl mənasında və qısası yola veriliblər. İki il öncə Rövşən Rzayev ərazidə olanda ailəyə söz verib ki, onları nəzarətə götürüb və qısa zamanda yeni evlə təmin edəcəklər. O sözdən sonra bir neçə şəhərciyə qaçqın və məcburi köçkünlər yerləşdirilib, ancaq hələ söz söz olaraq qalır. Ramin Tağıyev bildirir ki, uşaqları dərs oxuya bilmirlər: “Otaqlar kiçikdir, ancaq yatmaq olur. Bundan əlavə səs-küy uşaqların oxuması mane olur. Uşaqların oxuya bilməməsini çox yaxşı anlayıram. İmkan da yoxdur ki, kirayə ev tutub çıxaq”. Maddi gücü, işi olan biri düşünürəm ki, heç vaxt nə özü burada yaşamaz, nə də uşaqlarının burada yaşamasına razı olar. Ailə Laçın rayonundan məcburi köçkün düşüb. Dağdan, təmiz havadan gəlib düşüb yarımtikili olan bir binanın zirzəmisinə. Sevda Tağıyeva Laçın rayonundan çıxdıqları anı xatırlayır: “Ermənilərin kəndə girməsinə az qalmışdı. Qaçdıq. Qaçan zaman yıxıldım, başım əzildi. Bura gələnə qədər bir neçə yer dəyişdik. Axırda gəlib çıxdıq bura. Bax bu gördüyün yerdən bir qız köçürüb, iki gəlin gətirmişəm. Nəvələrimin gününü görürsən, hamısı xəstədir. Hamısının da səbəbi bu havasızlıqdır. Laçında bulaq suyu içirdik, burada isə su gələndə sevinirik. Laçında dağ havası udurduq, burada evə hava girmir. Üç otaq var, üçü də pəncərəsiz. Hamımız burada xəstəlik tapdıq. Həkimə getmədən də bilirik ki, oksigen çatışmazlığı səbəbindən xəstəlik tapmışıq”. Ailə daimi yaşamaq üçün ev deyil, müvəqqəti, Laçına qayıdacaqları günə qədər yaşamaq üçün ev istəyir. Ancaq “Qaçqınkom” ailəni nədənsə nəzərə almır. Ailə böyükləri ilə otaqların önündə söhbət edərkən uşaqlardan biri böyrümdən dürtüb dedi, əmi o səsi eşitdin? Dedim, eşitdim. Bax o kanalizasiyanın səsidir. Bax, bax bura ilə gedir. Uşaq xəritədə qitələri, materikləri, dənizləri, boğazları, körfəzləri göstərən yaşında kanalizasiya xəritəsi çəkir… Ailənin hətta dövlətə belə bir təklifi də var: İcazə versinlər gedək Laçına, borc-xərc edib modul tipli ev alıb, orada yaşayaq. Sevda Tağıyeva deyir ki, onsuz da burada yaşamırlar. Heç olmasa, Laçında qalan ömürlərini təmiz hava alar, gün işığ düşən evləri olar. İl olub 2021-ci il, Qarabağ işğaldan azad edilib, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhərciklər salınıb. Azərbaycan insanının arzusuna baxın. Binanın ətrafını gəzirəm. Bina 3 tərəfdən kanalizasiya suları ilə mühasirəyə alınıb. Ramin Tağıyev deyir ki, bu hələ suyun çəkilmiş vaxtıdır. Qışda bura gələ bilməzsiniz, çünki binanın bir tərəfi kanalizasiya gölü olur. Ərazidən çıxdıqda yenə eyni divardakı eyni yazı ilə qarşılaşıram: QARABAĞ BİZİMDİR. Qarabağı almağa gücü çatan dövlət, məmurunun dili ilə desək, “it yaşamaz” yerdə vətəndaş yaşadır… Geri qayıt |