Əsas Səhifə > Siyasət, Manşet > Qozbeli qəbir, İqbalı Sibir düzəldər...
Qozbeli qəbir, İqbalı Sibir düzəldər...4-02-2022, 08:47 |
Saxta deputatlıq mandatı arxasında gizlənib hələ də dövləti aldatmağa çalışan İqbal Məmmədovun 10 milyon manat kimi külli miqdarda vergi borcunu ödəməməsinin günahı onda yox, Azərbaycan məhkəmə sistemindədir. Hələ bir neçə il bundan əvvəl Lerikdə “Relax” istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşının qanuni tələblərinə şillə-təpiklə cavab veriləndə saxta deputatın mandatı əlindən alınıb, qoluna qandal vurularaq həbsxanaya salınmalı idi. Dövlət isə nəinki bunu etmədi, əksinə, cəmi bir ildən sonra vergi oğrusunun mandatını təzələyib yenidən deputat adı daşımasına şərait yaradıldı. Üstəlik, bu adam 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis (VI çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili "seçildi", bununla da iqtidar partiyasının kleptokratiya imicini daha da möhkəmlətdi. Elə həmin il Lənkəran Ağır Cinayətlər Məhkəməsi “Relax” qudurğançılığında məsuliyyəti öz üzərinə götürən digər şəxsləri də - İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işini xətm edib adamları azadlığa buraxdı. Saxta deputat Lənkəran Ağır Cinayətlər Məhkəməsinin bu qərarını belə şərh etmişdi: “Bu gün məsələyə hüquqi qiymət (!) verildi. Humanizm prinsipləri rəhbər tutularaq məhkəmə onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm". Sanki məhkəmə bu qərarı ilə “əcəb edibsiniz Vergilər Nazirliyinə vergi əvəzinə şillə-təpik ödəyibsiniz dedi. Əlbəttə, tərətdiyi bütün cinayətlərə baxmayaraq, bu cür toxunulmazlıq statusu qazanan, cəzalandırılmaq əvəzinə mükafatlandırılan istənilən şəxs nəinki dövlət qarşısında borclarını ödəməz, əksinə onu soyub talayar. Vergilər Nazirliyinin son təsbitləri də - İbqal Məmmədova aid şirkətin 10 milyon manatlıq vergi borcunu ödəməməsi də saxta deputatın “Relax” cinayətindən lazımi nəticə çıxarmadığını (əslində çıxardığını) təsdiqləyir. Azərbaycan məhkəmə sisteminin İqbal Məmmədovun özbaşınalıqlarına qazandırdığı bəraət (hərçənd saxta deputat buna humanizm deyir) ölkəmizdə “dövlətin malı qaymaq, yeməyən axmaq” prinsipinin keçərli olduğunu göstərir. İqbal Məmmədovun eyni cinayəti təkrar törətməsindən sonra təkcə o yox, ona bəraət və mandat verən digər qurumlar da - məhkəmə sisteminin rəhbərliyi və MSK sədri Məzahir Pənahov da istefaya getməli, cinayəti və cinayətkarı öz əməllərinə təşviq etdiklərinə görə hüquqi məsuliyyət daşımalıdırlar. *** İqbal Məmmədovun 10 milyonadək vergi borcu üzə çıxdı Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 1600019501 nömrəli VÖEN-i üzrə sorğu verən zaman 9 666 469.63 manat borcu olduğu məlum olub. Ovqat.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında məlumat dərc edilib. Məlum olub ki, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub. Lakin İ.Məmmədov bir müddət öncə açıqlamasında sözügedən şirkətin onun adına olması ilə bağlı iddiaları təkzib etmişdi: “Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”. Xatırladaq ki, deputata məxsus “Relax” istirahət mərkəzində qalmaqala səbəb olan yoxlamalar aparılmışdı. 2019-cu ilin avqustunda istirahət mərkəzini yönəldənə İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum edərək onlara xəsarətlər yetirmişdi. //OVQAT.COM// Geri qayıt |