Əsas Səhifə > Siyasət, Manşet > Zaur Mikayılov daha bir `Əhmədzadə yadigarı`nı ƏZİZLƏYİR...
Zaur Mikayılov daha bir `Əhmədzadə yadigarı`nı ƏZİZLƏYİR...15-02-2022, 09:18 |
Sadiq oxucularımız bəlkə də xatırlayarlar, təxminən yarım il əvvəl, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadə vəzifəsindən uzaqlaşdırılandan sonra qəzetimizin “Deryaz.az” veb-saytında “BİLƏSUVARIN ƏDALƏTSİZ YEZİDİ” sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, Əhmədzadə sədr vəzifəsindən üzüsulu uzaqlaşandan sonra onun kadrlarının “kürkünə birə düşüb” və yolunun sonu görünən struktur vahidlərindən biri də Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir. Yada saldığımız həmin yazıda həmçinin etibarlı mənbələrə əsasən bildirilirdi ki, Ədalət Babayev yüz hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirib. Lakin həmin ərazilərdə daha rentabelli hesab etdiyi heyvandarlıq fermaları yaradıb. İxtiyarında olan suyu da məhz özünün və qoyduğu şərtlərlə razılaşan fermerlərin təsərrüfatlarına yönəldib, başqa pambıq becərən kəndliləri isə susuz qoyub. Eləcə də Ədalət Babayevin suvarma suyu ilə təmin etməyib təsərrüfatlarına ziyan vurduğu Maqsud Abbasov kimi zəhmətkeşləri susdurmaq üçün onları şərləməkdən belə çəkinmədiyi, topladığı haram kapitalla Biləsuvarda Upramxor yolunun üstündə milyon yarımlıq möhtəşəm imarət inşa etdirməsi və tikintisinə idarənin özünün fəhlələrini cəlb etməsi, polisə işə düzəltdiyi oğlunun bahalı maşınlarla Biləsuvarın yollarında avtoxuliqanlıq etməsi, öz qohum-əqrəbasını başına toplamaqla İlham Babayev kimi köhnə işçiləri haqsız yerə kənarlaşdırması, Cənub Muğan Kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satması, Upramxor ərazisində idarəyə aid olan zavodu ləğv eləyərək onun materiallarını və ərazisini də hərraca qoyması, ən əsas gəlir mənbələrindən biri olan yanacaq, sürtgü materialı, motor yağı alverini qaynı – idarənin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun vasitəsilə həyata keçirməsi, idarəyə istifadə üçün verilən elektrod, sement, fəhlə ayaqqabılarını dükanlara paylayaraq satdırması, Astaraya gedən yolun Biləsuvar hissəsində, Xırmandalı kəndinə çatmamış sağdakı dövlət torpaqlarında balıq vətəgələri saxlaması, idarəyə məxsus texnikanın şor kanalları və xəndəkləri lildən təmizləmək əvəzinə, süni balıq vətəgələrinin inşasına cəlb edilməsi də saytımızda ictimailəşdirilmişdi. Məsələ ilə əlaqədar məqalənin çıxarışını qoşma edərək “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Zaur Mikayılova göndərdiyimiz məktubda da inam ifadə etmişdik ki, yəqin ASC-nin yenilənmiş rəhbərliyi adı indiyədək bir sıra qalmaqallarda hallanmış Ədalət Babayevin yerinə daha layiqli kadr tapmağı məqsədəuyğun hesab edəcək. Çifayda, görünür, Ədalət Babayev yüksək mənsəbli qohumunun və ya havadarının vasitəsilə yeni sədr Zaur Mikayılovla da dil tapmağı bacardığından, ASC rəhbərliyi onun barəsində irəli sürülən ittihamları, sərt tənqidi çıxışları araşdırmır. Zira, bu arxayınçılığının nəticəsidir ki, aldığımız yeni məlumata görə idarənin sayı 500 nəfərə çatan işçisinin 150-dən çoxunun maaş kartları Ə.Babayevin cibindədir. Qeyd olunur ki, idarənin balansında olan texnika və maşın-mexanizmlərin çoxunun istismar müddəti bitdiyi, yararsız hala düşərək həyətdə qaldığı halda onlara kağız üzərində yanacaq ayrılır və silinərək pulu mənimsənilir. Qarşı tərəfə də mövqeyini bildirməsi üçün tribuna təklif edirik. Habil Tağıyev. Deryaz.az Geri qayıt |