Əsas Səhifə > Siyasət, Manşet > "Baku Elektronics"dən `SƏVİYYƏLİ XİDMƏT`...

"Baku Elektronics"dən `SƏVİYYƏLİ XİDMƏT`...


15-03-2022, 10:29
"Baku Elektronics"dən `SƏVİYYƏLİ XİDMƏT`...
Daha bir müştəri “Baku Elektronics”dən keyfiyyətsiz məhsul alarkən aldadılığını iddia edib. dia-az.life xəbər verir ki, bu barədə teleqraf.com-a şikayətçi Şamil Osmanov bildirib.

Müştəri ötən ilin 31 dekabr tarixində “Baku Electronics”in Azadlıq filialından 99 manat dəyərində smart saat alıb. Lakin 1 ay sonra müştəri məhsulun işləmədiyini görərək mağazaya müraciət edib:

“Əvvəlcə sim kartda problem olduğunu düşündüm və mobil operatora müraciət etdim. Sim kartı yoxladılar, qaydasında olduğunu təsdiqlədilər. Sonra imei.az saytında smart saatın IMEI nömrəsini yoxladım və aşkar olundu ki, daxil etdiyim IMEI nömrənin qeydiyyatına ayrılmış vaxt 1 fevralda bitib. Qeydiyyatdan keçirilməyib və cihazın istifadəsi məhdudlaşdırılıb.

Fevralın 3-də “Baku Electronics”in Azadlıq filialına müraciət etdim. Füzuli adinda menecer-koordinator məni qarşıladı. Bildirdim ki, smart saatdan tam istifadə edə bilmirəm, IMEI nömrəsi qeydiyyatdan keçirilməyib. Sonra mənim şəxsiyyət vəsiqəmi, alqı-satqı qəbzi, zəmanət talonun şəklini mobil telefonuna çəkdi və dedi ki, “narahat olmayın, 3-4 gündən sonra saatı işləyəcək””.

Bir neçə gün gözlədikdən sonra müştəri yenidən mağazaya üz tutaraq saatdan istifadə edə bilmədiyini bildirib. Yenidən menecer-koordinator eyni sənədləri tələb edərək 1 gün ərzində saatın işləyəcəyi vədini verib:

“12 fevralda təkrar mağazaya getdim. Menecer iddia ilə bağlı bütün sənədlərin məşğul olan şöbəyə göndərildiyini deyərək bir neçə gün sonra gəlməyimi xahiş etdi. 14 fevralda təkrar mağazaya yollandım, Füzuli adlı menecer məni qarşlayaraq təəccübləndi ki, niyə indiyə qədər IMEI nömrə qeydiyyatan keçməyib. Mən məhsulu qaytarmaq istədiyimi və pulumun geri ödənməsini tələb etdim.

Bundan sonra ərizə yazmağımı istədilər. Ərizədə, saatdan istifadə edə bilməyəcəyimi, dəfələrlə IMEI nömrəsini qeydiyyatan keçirtməsi ilə bağlı onların mağazasına müraciət etdiyimi, malın qaytarılmasını və pulumun geri verilməsini qeyd etdim. Ərizəmi qəbul etdilər, dedilər ki, 2-3 gün ərzində ərizəmə baxılacaq və mənimlə əlaqə saxlayacaqlar”.

Amma çoxsaylı get-gəllərdən sonra mağaza hələ də müştərinin tələbini icra etməyib. 22 fevralda müştəri mağazaya yaxınlaşıb və saatı qaytarıb. Mağaza işin araşdırılacağını desə də, 1 aydır nə ödənişi, nə də saatı geri qaytarır.

Müştəri Şamil Osmanov baş verən halla bağlı Azad istehlakçılar Birliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edib.

Qeyd edək ki, bu hal “Baku Electronics” mağazalar şəbəkəsinin müştərilərə qarşı ilk laqeydliyi deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt