Əsas Səhifə > Siyasət, Manşet > Gəncə təhsilində özbaşınalıq ƏNƏNƏYƏ ÇEVRİLİB...
Gəncə təhsilində özbaşınalıq ƏNƏNƏYƏ ÇEVRİLİB...1-04-2022, 09:09 |
Gəncənin daha bir məktəbində narazılıq baş qaldırıb. DİA.AZ xəbər verir ki, demokratik.az-a daxil olan məlumatlara görə, şəhərin 31saylı orta məktəbinin kollektivi fənlər üzrə bir sıra dərs bölgüsündən və məktəbin direktorunun idarəçiliyindən narazıdır. Belə ki, məktəbdə informatika fənni üzrə ixtisas fənn müəllimi G. İsmayılova olduğu halda, ona ev dərsi və fakültətiv məşğələlər verilib. Əvəzində, mövcud informatika dərs saatları iqtisadiyyatı bitirən V. Fətəliyevaya verilib. Məişət kollecinin məzunu olmuş L.Hacıyeva isə ibtidai siniflər üzrə rus bölməsinə dərs keçir. Ali təhsilli tarix müəllimi Ş.Həsənova isə məktəbdə xadimə ştatı üzrə maaş alıb və birdən-birə heç bir MİQ tanımadan şəhərdəki Fizika-riyaziyyat təmayüllü liseydə müəllim kimi də işə götürülüb. Məktəbin istilik sisteminə cavabdeh olan Rafiq Kazımovun da "praqul" etdiyi, məktəbin arxa tərəfindəki torpaq sahəsini çəpərləyərək özünə pomidor-xiyar və göy-göyərti əkməklə, meyvə bağına qulluq etməklə məşğuldur. Məktəbdə bədən tərbiyə dərslərini isə ixtisasca jurnalist olan T.Rəhimova mənimsəyib. İddiaya görə, adıçəkilən Təhsil Nazirliyində əyləşən Orxan Abbasovun qaynanasıdır deyə ona bu şərait yaradılıb. Bu azmış kimi, məktəbin bədən tərbiyə fənninin digər saatlarını isə 11 saylı məktəbin ibtidai sinif müəllimlərindən biri də tədris edir. Gəncə Təhsil İdarəsinin metodisti İ.Tağıyeva isə 2021-2022-ci tədris ilinin ilk ayları üzrə müvafiq əmrləşmə olmadan 12 saat rus dili fənnindən dərs deyərək maaş alıb. İ.Tağıyeva hazırda Gəncə şəhər 7 saylı tam orta məktəbinin direktorunu əvəzləyir. O da bildirilir ki, məktəbi direktordan daha çox, qeyri-rəsmi qaydada TN-in məsul şəxsi Orxan Abbasovun anası, ədəbiyyat müəllimi G.Abbasova idarə edir. Mənbə iradla bildirir ki, bu kimi özbaşınalığa şəhər təhsil şöbəsi və təhsil müdiri Anar Qədimalıyev necə nəzarət həyata keçirirlər ki, məktəb girinc olur və kollektivdə haqlı narazılıqlar yaranır? Redaksiyamıza müraciətdə o da bildirilir ki, məktəbin direktoru İftixar Abdıyev direktorların işə qəbulu imtahanında az bal toplayıb, lakin, TN-də əyləşən Orxan Abbasovun köməyilə direktor əyləşdirilib. Qarşı tərəfin fikirlərini də almağa çalışdıq. Direktorla telefon əlaqəsi zamanı Abdıyev faktların mövcudluğunu etiraf etsə də qeyri-ixtisaslı müəllimlərin dərs bölgülərindəki yerləşdirilmələrinə bəraət qazandırdı. Bir sıra nöqsanların ondan əvvəl baş verdiyini, bir sıra məsələlərin isə deyilənlərdən fərqli olduğunu, hər şeyin təhsil nazirliyi tərəfindən, eləcə də fənn yerləşdirmələrinin elektron qaydada nizamlandığına diqqət çəkdi. Deyilən faktlar onu deməyə əsas verir ki, Gəncənin tam mərkəzində də təhsilə dair əsas öhdəliklər şəhərin təhsilinə cavabdeh olan Anar Qədimalıyevin umurunda da deyil və məktəblər təhsil qanunları ilə deyil, ayrı-ayrı istəklərlə idarə edilir. Geri qayıt |