Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvan MR DİN-in işgəncəçi polisləri “cəzalandırma” metodu
Naxçıvan MR DİN-in işgəncəçi polisləri “cəzalandırma” metodu23-04-2022, 09:58 |
Xəbər verdiyimiz kimi, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi polkovnik-leytenantı Şəmsi Mirzəliyev, həmçinin bölmənin Elçin və Şahmar adlı əməliyyatçıları tərəfindən işgəncələrə məruz qalan Ordubad rayon Gilançay kənd sakini İmran Nağıyev bir neçə gün öncə geri qayıdıb. DİA.AZ xəbər verir ki, Ovqat.com-un Naxçıvan MR DİN-dəki mənbələrdən əldə etdiyi məlumata görə, İmran Nağıyev geri qayıtdıqdan sonra Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılov tərəfindən qəbul edilib. Görüş zamanı İ.Nağıyev ona verilmiş işgəncələr barədə nazir Rəşad İsmayılovu məlumatlandırıb və nazirdən həmin polis əməkdaşlarının cəzalandırılmasını tələb edib. Nazir İ.Nağıyevin bu tələbinin yerinə yetiriləcəyinə söz verib. Qeyd edək ki, Naxçıvandakı polis zülmündən Ermənistan dağlarına çəkilən İmran kişi MR DİN yetkililəri ilə əlaqəyə keçərək, ona işgəncə verən polis əməkdaşlarının cəzalandırılması və özünün toxunulmazlığı şərtilə geri qayıtmışdı. Naxçıvan MR DİN-in kulislərində gedən söhbətlərə görə, rəhbərliyin İmran kişiyə verdiyi sözün elə “Naxçıvanvari” tərzdə yerinə yetirilməsi planlaşdırılır. Belə ki, nazir Rəşad İsmayılovun cəza tədbirində 1-ci Polis Bölməsinin rəisi Şəmsi Mirzəliyevin cəzalandırılması ümumiyyətlə nəzərdə tutulmayıb. Ağır işgəncələrlə İmran kişini cəlai-vətən edən digər polis əməkdaşların isə yaxın günlərdə ya Ordubad RPŞ-yə, ya da Şərur RPİ-yə təyin olunacaqları gözlənilir. Halbuki, Elçin və Şahmar adlı polis əməkdaşları çox böyük intizam pozuntusuna yol vermişdilər və onların polis orqanlarında saxlanılması Muxtar Respublika DİN-in işgəncə metodlarından əl çəkmə istəmədiyindən xəbər verir. İmran Nağıyev at üstündə Digər tərəfdən, həmin əməkdaşların Ordubad Rayon Polis İdarəsinə transfer olunması quzunu qurda tapşırmaqdan başqa bir şey deyil. Nədən ki, polis işgəncəsinə məruz qalan İmran kişi Ordubadın Gilançay kəndindəndir və bu təyinatdan sonra faktiki onun taleyi işgəncəçi polislərdən asılı olacaq. İnformasiya mənbəyimiz sözügedən polis əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi məsələsinin uzanmasının səbəbini isə onların hansı vəzifəyə təyin ediləcəklərinə dair dəqiq qərar verilməməsi ilə əlaqələndirib. Bildirildiyinə görə, Naxçıvan rəhbərliyi əslində Muxtar Respublika DİN-in “yazılmamış qanunlarını” icra etdiyi üçün onları cəzalandırmaq istəmir. Sadəcə hadisənin ictimailəşməsi və paytaxtın Muxtar Respublika rəhbərliyini danlaması (ki, Naxçıvanın “yanacağı” danlaqdır) “xanlıq” üsul-idarəsini öz “yazılmamış qaydaları”nın xilafına addım atmağa məcbur edib. Amma həmin polislərin İmran kişidən qisas almaq üçün Ordubada təyinatının media orqanlarında necə reaksiya doğuracağı və paytaxtın yenidən öz danlaq silahını işə salıb-salmayacağı aydın deyil. Odur ki, MR DİN bu təyinata cəza görüntüsü vermək niyyətindədir. Bunun üçün planlaşdırılan ilk addım kimi işgəncəçi polislərin vəzifə yetkilərini əməliyyatçılıqdan sahə inspektorluğuna endirmək nəzərdə tutulub. Digər bir addım isə hadisənin yaddan çıxmasını gözləmək, polisləri Ordubada təyin edilməsi ola bilər. Bu da baş tutmasa, onların Şərur rayonuna sahə inspektoru vəzifəsinə təyin olunacaqları gözlənilir. MR DİN-dəki mənbələrdən aldığımız digər məlumata görə, polis orqanlarında yenidən Azərbaycan Polis Akademiyasının məzunlarının sıxışdırılma prosesinə start verilib. Məqsəd onların “könüllü” şəkildə işdən çıxmasını təmin etməkdir. Mənbəmiz bu siyasətin məqsədini yaxınlarda tədris ilinin bitməsi ilə əlaqələndirib: “Məlum olduğu kimi, Naxçıvan Polis Məktəbi hər il 30 məzun verir. Olduqca aşağı balla bu məktəbə girən abituriyentlər məzun olduqdan sonra işlə təmin edilməlidirlər. Naxçıvan hakimiyyəti isə bu problemi Azərbaycan Polis Akademiyasını bitirən polislərin onlarla əvəz olunması ilə həll edir. Beləcə, həm paytaxtın “agenti” kimi baxdıqları savadlı kadrlardan xilas olurlar, həm də bütün qanunsuz əmrləri yerinə yetirən yerli kadrlarla öz rejimlərini möhkəmləndirirlər”. Doğrudan da Naxçıvan DİN-də maraqlı hadisələr cərəyan edir. Əgər Naxçıvan Polis Məktəbinin məzunlarına iş yeri yaratmaq lazımdırsa, niyə ciddi intizam pozuntusuna yol verən əməkdaşlar yox, savadlı kadrlar işdən uzaqlaşdırılır? Yəqin ki, bu sual paytaxt Bakını da düşündürəcək. Geri qayıt |