Əsas Səhifə > Siyasət, Manşet > HAVARA qalan TƏHSİLİMİZ...

HAVARA qalan TƏHSİLİMİZ...


26-04-2022, 08:40
HAVARA qalan TƏHSİLİMİZ...
Azərbaycan təhsilinin başına yekə bir daş salanlardan biri, bəlkə də birincisi olan HAVAR Məmmədovun adı məndə maraq oyatdığı üçün xeyli axtarış aparsam da konkret mənası barədə heç bir məlumat tapa bilmədim.
Azərbaycanda çox az hallarda rast gəldiyimiz HAVAR adını görəsən haradan tapıb bu adama qoyublar.
Adlar təsadüfi ola bilməz. Peyğəmbər əfəndimiz (s.ə.s ) buyururdu ki, uşaqlarınıza, övladlarınıza gözəl adlar qoyun ki, böyüyəndə utanmasınlar.
Doğrudan da, sovet dövründə, Kolxoz, Sovxoz, Şura, Yanvar, Marlen( Marks-Lenin), hətta Kommunalı( Qəminalı) kimi xeyli eybəcər və qondarma adlar meydana gəlmişdi.
İndi fikirləşirəm ki, görəsən, o boyda Universitetin rektoru olan şəxsə HAVAR adını hansı məntiqlə qoyublar və heç mənasını da bilən yoxdur.
Düzdür dilimizdə ona oxşar sözlər var. Hətta ruslar bizim sözümüzdən TAVAR sözü də düzəldiblər.
Havar Məmmədov əslən İmişlidən olduğu üçün ağlıma bir fikir gəldi. İmişlidə xeyli tərəkəmələr yaşayır, hamısı dədə-babadan özlərinin sevdiyi işlə məşğul olublar. Bəlkə, onunla bağlıdır..?
Hər halda cənab rektor özü öz adının mənasını yəqin ki, bilməyə bilməz.
Sözün qısası, rektorun adından qurtarıb keçək onun əməllərinə.
Yəqin ki, diqqətli oxucular, söhbətin Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovdan getdiyini bildilər.
Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, dünyanın heç bir ölkəsində universitet rektorunun biznesmen olması, zavod-fabrik sahibi olması, milyonlara sahib olması mümkün olan hal deyil.
Amma, nə edək ki, Azərbaycanda nəinki universitet, hətta kollec direktorları da oliqarx həyatı yaşayır.
Və bir adam oğlu adam soruşmur ki, dövlətin sənə verdiyi konkret maaşla bu qədər sərvətə necə sahib olmusan..?
Deməli, korrupsionersən... bitdi...!
Tanıyanlar bilir ki, Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox “komsorq”, “partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib.
Və günün birində bu adamı Texniki Universitetə rektor qoyublar.
Beləcə, 2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olmuş Havar Məmmədov Azərbaycan cəmiyyətində alim, ziyalı kimi deyil, tələbəyə qazanc mənbəyi kimi baxan rektor kimi ad çıxarmışdır. Bu adam bir vaxtlar ATU-nun idman zalını 20-30 manata itboğuşduranlara icarəyə vermişdi. Amma Texniki Universitetdə hər qiymətin öz məzənnəsi var idi. Deyilənə görə “3” qiyməti 50 manat, “4” qiyməti 80 manat, “ 5” qiyməti 120 manat, dövlət imtahanlarının qiyməti 500 manat idi. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir. Və daha nələr… Sual oluna bilər ki, rektor dövlətdən konkret maaş alır, bütün bunlar hansı pulla əldə edilib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüvətxor rektor kimi ad çıxarmışdı.
Hətta deyilənə görə, onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Və həbs olunacağı gözlənilirdi...Hətta istintaqa ifadə verdiyini də deyirlər..
Amma… Birdən Fətullah Gülən məsələsi ortaya çıxdı və Qafqaz Universitetini Havar Məmmədova verdilər. Dünyada bundan faciəli heç nə ola bilməz. Havar müəllim və Qafqaz Universiteti.
Niyə faciəli idi..?
Fətullah Gülənin, yaxud kiminsə adı ilə bağlı olmaq məsələsini bir kənara qoyaraq tam məsuliyyətlə deyə bilərik ki, Qafqaz Universiteti Azərbaycanda rüşvətin daxil ola bilmədiyi yeganə ali məktəb idi. Bunu dəfələrlə dövlət xadimlərimiz, ziyalılarımız deyiblər.
Nə isə, sözün qısası, sonralar Qafqaz Universitetinin əsasında Bakı Mühəndislik Universiteti yaradıldı və Havar Məmmədov rektor olaraq qaldı.
Əslində normal, qanunların işlədiyi ölkədə Havar Məmmədovu nəinki rektor təyin etmək, əksinə onu istintaqa cəlb edib əməllərinə görə layiq olduğu cəzanı vermək lazım idi.
Amma Havar Məmmədov 4 ildir ki, BMU-ya rəhbərlik edir. Mediada yayılan son məlumata görə, Havar Məmmədov indi də universitetin həyətini satır.
Bəli, Bakı Mühəndislik Universitetinin ( BMU ) həyəti satılır, kirayəyə verilir və s. Və bu barədə elan saytlarında xəbər yerləşdirilib.
Hətta elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub.
Görəsən burada təəccüblü, sensasiyalı nə var ki ?
BMU-nun rektoru Havar Məmmədovu tanıyanlar gözəl bilir ki, bu adam həmişə satmaqla məşğul olub, yəni biznes adamıdır.
Yayılan son məlumatlarda universitetdə müəllim-tələbə, dekan-müəllimə, rektor-katibə münasibətlərinin ən yaxşı həddə çatdığı məlum olur. Bax bu yaxşı haldır.
Universitetdə təmir, avadanlıqlar, inventar almaq adı altında xeyli vəsait mənimsənilir.
Bu işdə Havar Məmmədova ən çox onun müavinləri, prorektorlar kömək edir.
Məsələn, boz kardinal kimi tanınan Tədris işləri üzrə prorektor Həmzağa Orucov əsasən işə qəbul, yəni ştat məsələsinə baxır. Yəni universitetə işə adam düzəltməklə böyük varidata sahib olub. Kəsr, imtahan biznesi də Həmzağa Orucovun əlindədir. Deyirlər ki, o rektorun qara kassasıdır.
İkinci prorektor isə BMU-nin Tərbiyə işlərinə məsul olan Bayram Hüseynzadədir.
Bu adam rektorun bütün gizli və qaranlıq işlərini həyata keçirir. Bu adama rektorun "panda qutusu" deyirlər.
Rektorun Maliyyə məsələləri üzrə nümayəndəsi rəhmətə getdiyi üçün Havar Məmmədov onun yerinə bir nəfəri otuzdurub və onun əli ilə…
Maliyyə maxinasiyalarını, büdcədən ayrılan pulların mənimsənilməsini, tenderlər vasitəsilə pulların nağdlaşdırılmasını həyata keçirir.
Sözün qısası, BMU-də ciddi və obyektiv bir istintaqa ehtiyac var. Yəqin ki, yaxın zamanda bunun şahidi olacağıq.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Yazı çapa gedərkən BMU-nun telefonlarına nə qədər zəng vursaqda telefonumuza cavab verən olmadı.
//gundelik-baku.com//
Geri qayıt