Əsas Səhifə > Siyasət, Manşet > "Bakıdan pulsuz gələn hissələri Kərəm Mustafayevin qardaşı satır"
"Bakıdan pulsuz gələn hissələri Kərəm Mustafayevin qardaşı satır"11-05-2022, 15:09 |
“Naxçıvan hərbi hissələrində texnikalar hərbçilərin maddi imkanları hesabına təmir olunur”. DİA.AZ xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a bir qrup hərbçi məlumat verib. Onların sözlərinə görə, hərbi texnikalar üçün Bakıdan pulsuz göndərilən bir çox ehtiyat hissələri bazarlarda satışa çıxarılır. Texnikalar xarab olduqda isə, hərbçiləri məcbur edirlər ki, bu hissələri satın alıb, onları təmir etsinlər. İddiaya görə, bu işə müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin nəzarət edir. Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən MAXE-lərdən biri deyir ki, hər bir hərbi texnikaya cavabdeh olan sürücü, onun təmir xərclərini də cibindən qarşılamalı olur: "Mən özüm də sürücüyəm. Bu yaxınlarda cavabdeh olduğum texnika xarab oldu. 3 min manata yaxın xərci var idi. Dedilər ki, bizə dəxli yoxdur. Ya özün düzəltdirəcəksən, ya da həbsə göndərəcəyik. Məcbur qalıb, maaş kartımı girov qoyub, ehtiyat hissələri aldım. Yaxşı ki, özüm həm də ustayam. Yoxsa əlavə min manata yaxın da usta pulu verməli olacaqdım. İndi hər ay maaşımın yarısını aldığım ehtiyat hissəyə çıxırlar. Kartım onlarda girov kimi qalıb. Hər ay maaşımı çəkib, yarısını mənə verirlər, yarısını özləri götürür. Düz bir il bu cür ödəməliyəm. Borcun içində batıram. Tək mən deyiləm, başqaları da var. Bakıdan pulsuz gələn hissələrin bazara paylanmasına və satışına generalın qardaşı Nemət Mustafayev rəhbərlik edir. Naxçıvan şəhəri, 3-cü mikrorayondakı maşın bazarında hərbiyə aid maşın yağı, antifriz, təkərdən tutmuş, motor hissələrinə kimi nə istəsən tapmaq olar. Bütün bunları da rəhbərlik görür". Digər hərbçi isə deyir ki, ehtiyat hissələrin pulunu ödəyə bilməyənlərin arasında intihar edənlər də olur: "Ötən il bir nəfərə də10 min yüklədilər. Dedilər verməsən, fərari kimi həbs olunacaqsan. O da getdi, intihar elədi. 28 yaşında cavan adam idi. Uşaqları da yetim qaldı. Bunların insafı qalmayıb. Bu cür incidilən hərbçilərin çoxu Qarabağda can qoyanlardır". Səsləndirilən iddialarla bağlı Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hər hansı məlumat olarsa açıqlama veriləcək. Geri qayıt |