Əsas Səhifə > Siyasət, Manşet > DSX-nin xidmətdən nahaq uzaqlaşdırılmış giziri MƏHKƏMƏLƏRDƏ QALIB
DSX-nin xidmətdən nahaq uzaqlaşdırılmış giziri MƏHKƏMƏLƏRDƏ QALIB20-09-2022, 09:09 |
Dövlət Xidmətinin haqsız yerə xidmətdən uzaqlaşdırılan giziri Alim Cənnətovun anası, II qrup əlil Rəqsanə Cənnətovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarından şikayətini dərc etmişdik. Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib. Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintaq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim tərəfindən Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır. Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdir. Hələ apellyasiya məhkəməsi prosesindən əvvəl Alimin valideynləri rəsmi məktubla Apellyasiya Məhkəməsinin sədrinə müraciət edərək, işə ədalətli baxılmasını xahiş edibmişlər. Sanki valideynlərin ürəklərinə damıbmış ki, Azər Hüseynov Ali Məhkəmədə tutduğu vəzifədən endirilərək Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləndən sonra ədalət hissini tamamilə itirə bilər. Rəqsanə Cənnətova redaksiyamıza təkrar müraciət edərək xatırladır ki, məlum apellyasiya məhkəməsi prosesində Azər Hüseynovun köməkçiləri haqqın Alim Cənnətovun tərəfində olduğunu özlərinin bütün hərəkətləri ilə göstərir, hətta istehza ilə qarşı tərəfin nümayəndələri olan Rövşən Bayramovun və Ceyhun adlı şəxsin Alimin vəkilinin sualları qarşısında aciz qalıb tutarlı arqumentlərlə cavab verə bilməmələrinə istehza ilə gülümsünürdülər. Amma nə Rövşən Bayramov, nə də onun tərəf müqabili Ceyhun bəy bundan heç bir narahatçılıq hissi keçirməyib. Onların bu arxayınçılığı, özgüvənli davranışları Alimin atası Cənnət Cənnətovda şübhə oyatmışdır ki, yəqin Rövşən Bayramov məhkəmə çəkişməsinin öz xeyirlərinə həll olunmasını hakimlə qeyri-prosessual sövdələşmələrində təmin edib. Odur ki, valideynlər Azər Hüseynovun sədrliyi ilə aparılmış hər iki prosesin qeydə alınmış video-görüntülərinin futbolda “war” sisteminin tətbiq olunduğu kimi mütləq şəkildə üzə çıxarılmasını və Ali Məhkəmədə incələnməsini istəyirlər və hesab edirlər ki, bu halda çəkişmənin ədalətli həllinə nail olmaq mümkündür. Rəqsanə Cənnətova bildirir ki, Rövşən Bayramovun özü hələ araşdırma zamanı Alim Cənnətovun ərizəsində DSX-nin daxili təhlükəsizlik idarəsinin rəhbəri Namiq Cəlilovun ondan 7000 manat rüşvət tələb edib 1000 manatda dayanması, həmçinin Alimə qarşı təhqiramiz davranışları, təzyiq göstərərək izahat alması barədə ifadələrə rast gələndə, ərizəçidən və valideynlərindən bu xüsusatlara toxunmamağı xahiş etmişdir. Ancaq valideyn Cənnət Cənnətov yalnız oğlu Alim Cənnətov işinə bərpa olunacağı təqdirdə N.Cəlilovdan şikayət etməyəcəyini demişdir. Cənnətovlar R.Bayramovun təmsil etdiyi qurumun mənafeyinə xidmət etməsini, hətta haqqı-ədaləti belə korporativ maraqlara qurban verməsini hardasa anlaşıqlı qəbul edirlər. Cənnət Cənnətov prosesin gedişində bir ara R.Bayramovdan hətta o qədər “səmimiyyət” duymuşdur ki, ondan yaşının 30-u çoxdan keçməsinə baxmayaraq niyə evlənmədiyini də soruşmuşdur. R.Bayramov nə qədər maskalanmağı bacarsa da, məyuscasına başını yelləməyindən, üzündəki pərişan ifadədən “hansı günümə evlənim” sualını oxumuşdur. Cənnət Cənnətov sonradan o qənaətə gəlmişdir ki, doğrudan da R.Bayramov kimi işlədiyi qurumun zabitinin (bizim misalda N.Cəlilovun) gizirə (bizim misalda Alim Cənnətova) məhkəmədə uduzmaması üçün hər cür ədalətsizliyə getməyə və özünə nifrət qazanmağa razı olan bir şəxs elə təqaüdə çıxanadək ailə qurmasa yaxşıdır. Axı, ailə qurmaq həm də gələcəkdə valideyn olmaq, övlad yolunda çətinliklərə sinə gərmək, maneələri aşmağa hazır olmaq deməkdir. Heç cür ola bilməz ki, insan elə maneələrlə rastlaşanda özünün elədiyi ədalətsizliklər yadına düşməsin. Cənnətovlar bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir. Onlar Ali Məhkəmənin sədrinə həm məktubla, həm də KİV üzərindən müraciətlə xahiş edirlər ki, Ali Məhkəmədəki proses ədalət ilahəsi Femidanın tərəzisinə barmaq basan Azər Hüseynov kimisinə deyil, haqqı nahaqqa qurban verməyən peşəkar hüquqşünasa etibar edilsin. Valideynlər arxayındırlar ki, oğulları Alim hətta bu çəkişməni uduzsa da belə, daş daşıyan fəhlə işləsə belə, ömrünü N.Cəlilovdan, R.Bayramovdan, A.Hüseynovdan fərqli olaraq həm cəmiyyət içində, xalqın gözündə, həm də əlbəttə ki, mizan – tərəzisi düz olan Allahın nəzərində alnıaçıq, üzüağ yaşayacaq, ailəsinə, uşaqlarına haram tikə yedirtməyəcək, qarğış qabı olmayacaqdır. Amma Alim Cənnətovun anası yenə də özünün, uşaqlarının, ailəsinin adından cənab Prezidentə müraciət edərək övladının xidmətdə işə qaytarılmasını və 1-ci instansiya məhkəməsinin, yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmasını xahiş etdi. P.S. Alim Cənnətov DSX-nın giziri olaraq bu gün şəhid də ola bilərdi, bəs görəsən onu ləkələyərək işdən çıxarmaq istəyənlər nə fikirləşərdi? Amma çox hörmətli xidmət rəisi Elçin Quliyev həmişə atdığı humanist addımlarından birini də Cənnətovlar ailəsinin xeyri üçün atacaq və bu ailənin kədərli günlərini sevinclə əvəzləyəcək. //gundelik-baku.com// Geri qayıt |