Əsas Səhifə > Siyasət, Manşet > "Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun"

"Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun"


25-11-2022, 09:57
"Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun"
“Onu bu vəzifəyə şəhid ailələrinin, əlillərin pay torpaqlarında özbaşnalıq edib mal-qara otarması üçün yox, kənddə camaatının problemləriylə məşğul olmaqdan ötrü təyin ediblər. Tələb edirik ki, bu dövlət məmurunun 120 baş iribuynuzlu, 340 baş xırdabuynuzlu mal-qaraya hansı yolla sahib olduğu da araşdırılsın”.

Şəkinin Aşağı Göynük kənd sakini Sadiq Əbdürəhimov Meydan TV-yə danışır ki, ailə üzvlərinə (9 nəfər) “Daşlı girmə” deyilən ərazidə verilmiş və ümumi sahəsi 5 hektar olan torpaq sahəsi zəbt olunub. Vətəndaşın sözlərinə görə, 4,5 hektar sahədə yonca əkib, 50 sot sahədə qoz bağı salıb. Uzun müddətdir ki, kənddən 70 kilometr aralıda olan Qayabaşı kəndinin icra nümayəndəsi Cabir Həsrətli bu şəhid ailəsinə və digər kənd sakinlərinə əkin üçün dövlət tərəfindən verilmiş pay torpağında öz iri və xırdabuynuzlu heyvanlarını otarır.

Kəndlilər kütləvi şəkildə şikayətlər etsələr də, nəticəsi yoxdur. Ötən il kəndlilər yığışıb heyvanları torpaqlarından Şəki-Qax magistral yoluna çıxarıblar və bu yolla etiraz ediblər.

Sadiq Əbdürəhimovun sözlərinə görə, yalnız bundan sonra onun Daxili İşlər Nazirliyinə yazdığı şikayətə reaksiya verilib. Ərizəsi Şəki Rayon Polis Şöbəsinə göndərilib.

Sadiq Əbdürəhimov deyir, araşdırmanı aparan polis işçisi seyfdən 600 manat çıxararaq ona verib və deyib ki, Cabir Həsrətli bunu dəymiş zərərin əvəzi olaraq ödəyir. Ancaq bununla da məsələ bitməyib. İcra nümayəndəsinin heyvanları onun ailəsinə məxsus torpaqda otarılmasının qarşısı alınmayıb:

“Adam bu işi o qədər sərbəst şəkildə görür ki, sanki öz dədə-baba torpağındadır. Başa sala bilmirik ki, bu torpaqlar özəldir, örüş sahəsi deyil, əkin üçün pay torpaqlarıdır, sahibi var”.

Bu ilin sentyabrında Sadiq Əbdürəhimov Şəki Şəhər İcra Hakimiyyətinin başçısının qəbuluna da gedib. İcra başçısı ona deyib ki, bu işlərlə polis məşğul olur:

“Mən yenə rayon polisinə şikayət etdim. Çobanı cərimələdilər, ancaq yenə də heyvanlar torpaqlarımızda otarılır. Mən bir şəhid ailəsi olaraq burdan üzümü dövlətin başçısına tuturam və deyirəm, bu boyda rayon, bu boyda dövlət bir kəndin icra nümayəndəsi ilə bacara bilmir. Bəlkə ölkənin başçısı bu işə qarışıb bu icra nümayəndəsinə desin ki, şəhid və qazi ailələrinə qarşı bu boyda özbaşnalıq etmək olmaz? İmkan versin, bu günə qədər dövlətdən heç bir imtiyaz görməyən bir şəhid ailəsi olaraq öz torpağımızı əkib, başımızı dolandıraq. Xərc çəkib o torpaqda yonca becərmişik ki, heyvandarlıqla məşğul olub, ailəmizi dolandıraq. İcra nümayəndəsinin heyvanları yoncanı yeyib, bitirib”.

Meydan TV Şəkinin Qayabaşı kənd icra nümayəndəsi Cabir Həsrətli ilə əlaqə yarada bilməyib. Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda belə bir problem yoxdur. Vətəndaşa tövsiyə edilib ki, belə problem olduğu halda məhkəməyə müraciət etsin.

Şəki Rayon Polis Şöbəsindən bildirilib ki, Sadiq Əbdürəhimovun və daha bir neçə kənd sakininin eyni məzmunlu şikayəti araşdırılıb, qarşı tərəfin izahatı alınıb. Bu şikayət məhkəmə predmeti olduğuna görə polisdə cinayət işi qaldırılması rədd edilib. Vətəndaşlara məhkəməyə müraciət etmələri tövsiyə edilib.

Sadiq Əbdürəhimovsa deyir, hazırda yonca olmadığına görə mal-qaranın ayağı da sahədən çəkilib:

“Ancaq bu, müvəqqətidir, hər il belə olur. Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun”.
//Meydan TV//
Geri qayıt