Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvanda sakinlər DƏRDİNİ KİMƏ DESİN?
Naxçıvanda sakinlər DƏRDİNİ KİMƏ DESİN?16-01-2023, 11:13 |
Yanvarın 14-ü axşam saatlarından etibarən Naxçıvan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a şəhər sakinləri məlumat verib. Onların dediyinə görə, əsasən həyət evlərinə verilən su kəsilib. Yaşayış binalarının əksəriyyətinə isə, su normal qaydada verilir. Həyət evində yaşayan şəhər sakini Vüqar Quliyev deyir ki, içməli suyu dükandan almağa məcbur olurlar: “Respublika Xəstəxanasından "Cahan" ticarət mərkəzinə qədər olan ərazidə içməli su kəsilib. Maraqlı olan ondan ibarətdir ki, hündür mərtəbəli binalarda içməli suyun verilişi dayandırlmayıb. Yalnız həyət evlərinə su gəlmir. Əhaliyə nə baş verməsi ilə bağlı məlumat verilmir. Maraqlanan da yoxdur. Məcbur qalıb, içməli suyu dükandan pulla alırıq". Digər şəhər sakini Adilə Quliyeva deyir ki, suyun kəsilmə səbəbi ilə bağlı məlumat verilməməsi onları narahat edir: "Qəza olsa idi bu müddət ərzində bərpa olunardı. Su idarəsinin işçiləri əhaliyə doğru-düzgün məlumat vermirlər. Tezliklə düzələcəyini deyirlər. Gecə yarısı su az müddətə gəldi və yenidən kəsildi. Ehtiyat çəni olanlar hələlik istifadə edə bilirlər. Qonşular da onlardan qablarda su götürürlər. Belə getsə ehtiyatlar da tükənəcək”. Məsələyə münasibət öyrənmək üçün aidiyyəti qurumlarla əlaqə saxlamaq mümkün olmadı. Geri qayıt |