Əsas Səhifə > Siyasət, Manşet > Göyçay Məşğulluq Mərkəzində NƏ BAŞ VERİR?
Göyçay Məşğulluq Mərkəzində NƏ BAŞ VERİR?25-01-2023, 09:05 |
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini İsmayılov Qadir Şamil oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətini olduğu kimi dərc edirik; "Cənab Prezident yazaraq bildirmək istəyirəm ki, 2020-ci il tarixdə Məşğulluq Mərkəzinə müraciətim əsasında "DOST" İş Mərkəzinin xətti ilə Göyçay Mənzil İstismar İdarəsində 2 aylıq işlə təmin olunmuşdum. Ondan sonra yenidən müraciət etdim ki, uzunmüddətli müqavilə ilə öz işimi davam etdirim, lakin mənə "Hazırda yalnız 2 aylıq işlər mövcuddur, ola bilsin yaxın gələcəkdə vakansiyalar gələcək, biz özümüz sənə xəbər verəcəyik" dedilər. Aldığım məlumata görə, 2 aylıq işlər ləğv ediləndən sonra əmək müqaviləsi əsasında uzunmüddətli iş yerləri gəldi. Buna baxmayaraq məni axtarıb-arayan olmadı. Halbuki daimi iş yerinə çox ehtiyacım var. Yazdığım ərizələrlə bağlı "DOST" İş Mərkəzindən zəng edərək mənə bildirirlər ki, "Sənin müraciətini Dövlət Məşğulluq Agentliyinə yönəltmişik, yaşadığın rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzinə müraciət etməlisən". Həmçinin, Göyçay Məşğulluq Mərkəzindən də mənə zəng edildi və oraya dəvət olundum. Məşğulluğun Nizami adlı əməkdaşı şəxsiyyət vəsiqəmin surətini alaraq nəisə qeydiyyat dəyişikliyi etdiyini bildirdi. Sonra mənə "Sabah gələrsən" dedi. Onun dediyi sabahlardan bir neçəsi keçdi, hər dəfə gedəndə "Nizami müəllim yoxdur" və yaxud da "Get, filan vaxtı gələrsən" deyirlər. İdarədə olanda isə "Get, hara yazırsan, yaz" deyəcək qədər özünə arxayındır. Ümumiyyətlə isə adı Məşğulluq Mərkəzi adlanan bu yerdə çalışan əməkdaşların öz məşğuliyyəti vardır. Həmin məşğuliyyət: yüksək təmirli kabinetlərdə oturaraq bahalı şirniyyatlarla çay içməkdən, mobil telefonla oynamaqdan, kompüter arxasında əyləşməkdən, vətəndaşları get-gələ salmaqdan ibarətdir. Heç şübhəsiz ki, adı çəkilən bu idarənin bəzi əməkdaşları xalqa xidməti qarşılığında dövlət tərəfindən aldığı yüksək məbləğdə maaşın haqqını layiqincə yerinə yetirə bilmirlər. Vətəndaşlara qarşı süründürməçiliklə məşğuldurlar. Nəzərinizə çatdırım ki, 2019-cu ildə ailə həyatı qurmuşam və 2 azyaşlı övladım var. Özüm heç yerdə işləmirəm. Evim olmadığı üçün ailəmlə birlikdə valideynlərimin yanında qalırıq. Üstəlik məndən yaşça kiçik qardaşım İsmayılov Nadir Şamil oğlu da valideynlərimin evində qalır. O, Vətən müharibəsi veteranıdır. Onun da evi və işi olmadığına görə ailə həyatı qura bilmir. Anam evdar qadındır. Təkcə yaşlı atam iş olandan-olana fəhləlik etməklə bu, böyük ailənin maddi ehtiyaclarını qarşılamağa çalışır. Övladlarımın gündəlik maddi təlabatını ödəyə bilmirəm. Olduqca acınacaqlı durumdayıq. Azyaşlı uşaqlardır, tez-tez xəstələnir, çöpü qalır, mən isə bir ata kimi onların qarşısında utanc hissi keçirirəm. Dövrümüzdə zəruri ehtiyac kimi istifadə edilən uşaq bezinə aylıq 90 (doxsan) manat pul lazım olur. Kommunal xərcləri heç demirəm. Mavi yanacağa olan 1000 (min) manat borcumuzu ödəyə bilmədiyimizə görə mexaniki qaz sayğacını çıxarıb, əvəzində smart kart tipli sayğac quraşdırıblar. Ancaq karta qaz yükləməyə pulum yoxdur deyə, dağ-dərədən, çay kənarlarından, zibilliklərdən kiçik odun parçaları və çır-çırpı toplayıb yandırırıq. Dərdimi uca dağlara yükləsəm, dağlar ovxam-ovxam gedər, ağaclara yükləsəm, ağaclar sanki bol meyvə gətirmiş şəkildə başını aşağı dikər. Qısası, toxun acdan nə xəbəri olsun?! Nə edəcəyimi, necə edəcəyimi bilmirəm. Cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır". Sizdən çox xahiş edirəm, yaşadığım Göyçay şəhərində yerdəşən Mənzil İstismar, Sanitar-Təmizlik, Abadlaşdırma və Təmir İdarələri kimi kommunal idarələrin birində işlə təmin olunmağıma köməklik göstərəsiniz. Bir daha xatırladıram, həqiqətən elə çarəsiz vəziyyətdəyəm ki, hava-su qədər daimi iş yerinə ehtiyacımız var. Ümid edirəm ki, dövlətimizin başçısı olaraq bizə əlinizdən gələn yaxşılığı əsirgəməyəcəksiniz. Sizə çox minnətdarlığımızı bildiririk. Geri qayıt |