Əsas Səhifə > Siyasət, Manşet > "Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır"

"Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır"


27-01-2023, 09:17
"Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır"
"Yer qalmayıb ki, yazır, şikayət edirəm, amma "Korkmaz Group" MMC maaşımı vermir. Görünür, Mustafa Korkmaz Azərbaycan qanunlarını vecinə almır. Gedib Türkiyə özünə mülk, villa, bina, obyekt alır, amma bizim halal əməkhaqqımızı ödəmir, ödəmək istəmir".

Tovuz sakini, Qarabağ müharibəsi veteranı Məmməd Hüseynov "Arqument.az"a belə deyir.

"Korkmaz Group" MMC rəhbəri türkiyəli iş adamı Mustafa Qorxmazdır.

Məmməd Hüseynov deyir ki, türkiyəli iş adamı Mustafa Korkmaz heç nədən qorxmur: "Nə qanundan, nə də Allahdan qorxur. 84400 (səksən dörd min dörd yüz) manat pulumu ödəmək istəmir. Mən bunu hər dəfə deyir və yazıram".

Azərbaycanda tikinti sektorunda çalışan "Korkmaz Group" şirkətində fiziki şəxs kimi iş icraçısı olub, aralarında müqavilə bağlanıb, amma şirkət onlara çatan vəsaiti (maaş) ödəməyib.

Qarabağ veteranı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib. Onun sözlərinə görə, şirkət hazırda 30-a qədər fəhlənin maaşını mənimsəyib.

Pulunu ala bilməyən Məmməd Hüseynovun vergi borcu da yaranıb və buna görə də ölkədən çıxışına qadağa qoyulub.

Mustafa Korkmaz Azərbaycandakı pullarını Türkiyəyə daşıyır: ev, mülk, obyekt alır...

Müharibə veteranı şirkət sahibi ilə bağlı "Arqument.az"a yeni məlumatlar da verib.

O bildirib ki, onların pulunu mənimsəyən şirkətin sahibi Mustafa Korkmaz həm Azərbaycanda, həm də Türkiyədə özünə və ailə üzvlərinin adına xeyli mülk alıb.

"Qardaşı təsdiq edir ki, Mustafa Qorxmaz Türkiyədə özünün, həyat yoldaşının və qaynanasının adına villalar, mülklər alıb. Bakıda "Sabah Residence" bizim əməkhaqlarımızla özünə 700 min manata yaxın "barter" üsulu ilə ev alıb. Həmin evi də həyat yoldaşının adına keçirib", - deyir Məmməd Hüseynov.

Azərbaycanda hüquq-mühafizə orqanlarından gileylənən Qarabağ qazisi gərəkli addımların atılmadığını deyir.

Məmməd Hüseynov eyni məzmunlu şikayətlə artıq ikinci dəfədir ki, "Arqument.az"a müraciət edir.

O həm dekabrın 4-də, həm də 30-da eyni məzmunlu şikayətdə pulunu ala bilmədiyini deyirdi.

"Korkmaz Group" MMC Bakıda nə iş görür?

2019-cu il, 1 mart tarixində "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə "Podrat" müqaviləsi bağlanıb.

Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib.

Görülən işlərə görə şirkət onlara vəsait ödəməli idi, amma ödəməkdən yayınır, müxtəlif yollarla imtina edir.

Məmməd Hüseynov dəfələrlə problemlə bağlı Mustafa Qorxmaza müraciət etsə də, o, telefon danışıqları, vatsap yazışmalarında borcu hətta məbləği ilə təsdiqləsə də, ödəmək istəmir.

Qarabağ veteranı deyir ki, bütün işlər sənədlərdə və müqavilələrdə əksini tapıb, heç bir əlavə iddiası da yoxdur, sadəcə, görüləcək işə görə ödəniləcək vəsaiti istəyir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini deyən Hüseynov bütün hüquqi addımları atacağını da vurğulayıb.

"Arqument.az"ın apardığı araşdırmalara görə, "Korkmaz Group" MMC təkcə Bakıda deyil, hazırda işğaldan azad olunan Ağdam rayonunda da tikinti işlərini həyata keçirir.

Şikayətlə bağlı şirkətin sahibi Mustafa Qorxmazla əlaqə saxlamaq mümkün deyil, dəfələrlə buna cəhd etsək də, zənglərimiz cavabsız qalır, sorğulara cavab verilmir.
//Arqument.az//
Geri qayıt