Əsas Səhifə > Siyasət, Manşet > Mayakovski sakinləri NƏDƏN VƏ NİYƏ NARAHATDIR?

Mayakovski sakinləri NƏDƏN VƏ NİYƏ NARAHATDIR?


28-02-2023, 09:22
Mayakovski sakinləri NƏDƏN VƏ NİYƏ NARAHATDIR?
DİA.AZ: - "Salam hörmətli “dia-az.life” saytının əməkdaşları. Dünən bir çox saytlarda müəllifi Şeyx Teymur olan “Merin nəzərinə: Bakıda cəhənnəm yaşanacaq!” məqaləsini oxudum. Bütün paytaxt sakinləri üçün aktual olan və obyektiv yazılmış məqalə xoş təsir bağışladı, jurnalistikanın azad olduğuna bir daha əmin oldum. Bu məqalə eyni zamanda şəxsən mən və daha 60 mənzilin sakini üçün də aktualdır. Çünki biz məqalədə qeyd edilən Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanındakı binanın sakinləriyik". Bu sözlər sözügedən ünvandakı binanın sakinləri adından danışan Elşad Hacıyevin DİA.AZ-a müraciətindəndir.
Müraciətdə daha sonra deyilir: "Problemin mahiyyəti ilə sizi daha yaxından tanış etmək istərdim. Bizim bina 1932-ci ildə inşa edilmişdir. 90 ildən artıq istismarda olan yaşayış binası bu illər ərzində 1 dəfə də olsun əsaslı və ya cari təmir edilməmişdir. İstismar və iqlim təsiri nəticəsində binanın pilləkən qəfəsləri və eyvanları yararsız vəziyyətə gəlmişdir. Yaşayış binası 12 ildən artıqdır ki, qəzalı vəziyyətdə olan binalar siyahısına daxil edilmişdir. İllərdir Nərimanov RİH bina sakinlərinə binanın “qısa müddət” ərzində söküləcəyi və bizim mənzillə təmin ediləcəyimizi bəyan edirdilər. 2018-ci ildə FHN binanın istismar üçün təhlükəli olması və təcili sökülməsi haqqında xüsusi qərar da qəbul etmişdir.
2022-ci ilin sonunda qəflətən BŞİH yadına düşür ki, 12 il qəzalı vəziyyətdə olan və 5 il əvvəl bina sakinlərinin təhlükəsizliyi üçün FHN tərəfindən sökülməsi tövsyyə olunan qərar yerinə yetirilməlidir. Nərimanov RİH məmurları bir ay ərzində binanın söküləcəyi, pilot layihənin ləğv edildiyini və sakinlərə 1 kv.m. üçün 2000 manat kompensasiya ödəniləcəyi haqqında bildiriş etdilər.
Bizim yaşadığımız binada mənzillərin sahəsi kiçik olduğundan kompensasiya məbləğinə bu ərazidə yeni mənzil almaq qeyri mümkündür. Məsələn, 1 otaqlı mənzillərin sahəsi 15-17 kv.m., 2 otaqlı mənzillərin sahəsi 35-36 kv.m. təşkil edir. Ödəniləcək 30-35 minə 1 otaqlı mənzil sahibləri nəinki Nərimanov rayonunda,heç Azərbaycanın ucqar rayonunda belə mənzil ala bilməzlər. Digər 2 və 3 otaqlı mənzil sahibləri də eyni problemlə üzləşiblər. Məhz bu səbəbdən 250 nəfərdən artıq bina sakini təklif edilən kompensasiyadan imtina edir və birmənalı olaraq uzun illərdir məskunlaşdıqları ərazidə yalnız mənzillə təmin edilmələrini tələb edirlər.
Nərimanov rayonu ərazisi üzrə Milli Məclisin deputatı, Nərimanov RİH başçısı ilə keçirilmiş görüçlərdə bina sakinlərinin tələbinin haqlı olduğu qeyd edilmişdir. Eyni zamanda RİH başçısı c-b E.Həbibullayev problemin həll edilməsində sakinlərə heç bir kömək göstərə bilməyəcəyini, bunun üçün resuslarının və ya təsir imkanlarının məhdud olduğunu vurğuladı. Kompensasiya məbləğinin Nazirlər Kabineti və BŞİH tərəfindən müəyyən edildiyini vurğuladı
Belə məlum olur ki, əvvəla kompensasiya məbləğinin hesablanması prosesində NK və BŞİH köçürmə anına ərazidə mövcud olan real bazar qiymətlərini nəzərə almayıblar. İkincisi isə, kompensasiya almaq istəməyən, mənzil tələb edəm əmlak sahiblərinə alternativ təklif imkanları araşdırılmamışdır.
Digər mühüm məsələ ondadır ki, hal-hazırda paytaxtda yaşayış binalarının inşası üçün icazə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir. Bu səbəbdən BŞİH və rayon İH tikinti şirkətlərinə təsiri minimal səviyyədədir. Eyni zamanda BŞİH və rayon İH iri layihələrin həyata keçirilməsi üçün resursları məhduddur (əgər şəxsi inşaat şirkətləri yoxdursa).
Bu halda Alatava və digər ərazilərdə böyük söküntü işlərinin həyata keçirilməsi perspektivləri yenə inşaat şirkətlərinin ümidinə qalır. Bu layihənin də Sovetski, Xutor, Kubinka, Papanin layihələri kimi “yarımçıq” qalmayacağına yalnız dua və ümid etmək qalır".

Məsələ ilə əlaqədar dia-az.life olaraq bütün əlaqədar qurum və təşkilatların da mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt