Əsas Səhifə > Siyasət, Manşet > Suyun üstünda duran ƏJDAHALAR: elə öz məmurlarımız...

Suyun üstünda duran ƏJDAHALAR: elə öz məmurlarımız...


16-03-2023, 08:21
Suyun üstünda duran ƏJDAHALAR: elə öz məmurlarımız...
DİA.AZ: - Susuzluğu Saatlı ilə yanaşı, Neftçala və Salyan sakinləri də öz həyatlarında hiss edirlər. Kür çayının ətrafında yerləşən bu rayonlarda nəinki təsərrüfat hətta içmək üçün də su asan tapılmır.

DİA.AZ-ın məlumatına görə, Salyan rayonu Yolüstü kənd sakini Kərim Ağarızayev deyir ki, Kürə yaxın kəndlərin hansına su nasoslar çatırsa, su problemi o dərəcə deyil, amma elə kəndlər var ki, orda su ciddi problemdir.

O əlavə edir ki, təsərrüfat üçün su isə ümumiyyətlə yoxdur:

“Kürün səviyyəsi son 2-3 gündə çox az da olsa qalxıb, təxminən 10 sm. Bir həftə əvvəl isə çox acınacaqlı idi. Təsərrüfat üçün su böyük problemdir. Taxıllar yanıb gedir, sulaya bilmirlər. Artıq bilinir ki, suyu məmurlar həqiqətən də mənimsəyirlər. Salyanda da məmurlara aid aqroparklar və göllər var. Hətta vətəndaşların adına olan da hansısa məmura aiddir. Vətəndaşın o maliyyəsi hardadır elə şey yaratsın”.

DİA.AZ-ın məlumatına görə, Neftçalanın Sarıqamış kənd sakini Müqəddəs Süleymanov isə deyir ki, aylardır sudan korluq çəkirlər. Nə əkin sahələrini sulamağa, nə də içməyə suları var:

“Mən Kürdən kənarda oluram. Hazırda bir qram da su yoxdur. Sonuncu dəfə noyabr və ya dekabr ayında su vurublar, ondan sonra hələ vurulmayıb. 70-80 ildir ki, içməli suyu da pulnan alırıq. Hər ay içməli suya 30-35 manat pul verirəm. Qurumlar gəlirlər, deyirlər ki, modul tipli bulaq quraşdırılacaq, ancaq oradan da maksimum 40-50 litr su götürə bilərəm. Bununla dolanmaq olar?”.

DİA.AZ xatırladır ki, martın 13-də Saatlı rayon Orta Muğan, Çolpı və Xanlar kənd sakinləri susuzluğa görə etiraz ediblər. Yolu bağlayan sakinlər kəndlərdə nə içməli, nə də suvarma suyunun olmadığını bildiriblər. Polis aksiyanı rezin güllə və gözyaşardıcı qazdan istifadə edərək dağıdıb.

3 nəfər kənd sakininə qarşı ümumilikdə 47 sutka inzibati həbs cəzası seçilib, iki nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi açıqlama verib ki, sakinlər polisə müqavimət göstərdiklərinə görə həbs olunublar. Nazirlik odlu silahdan istifadə edilmədiyini bildirib.

Geri qayıt