Əsas Səhifə > Siyasət, Manşet > NDU-nun həkim-rezidentləri DTX-dan KÖMƏK İSTƏDİ
NDU-nun həkim-rezidentləri DTX-dan KÖMƏK İSTƏDİ20-03-2023, 11:04 |
DİA.AZ bildirir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) həkim-rezidentləri buradakı qanunsuzluqlarla bağlı „Gündəlik Naxçıvan“ vasitəsi ilə ictimaiyyətə və DTX-ya müraciət ünvanlayıb. Xidmətin Naxçıvan Baş İdarəsinin rəisi Möhsün Aşurova birbaşa ünvanlanan müraciətdə həkim-rezidentlər əsasən maaşlarının düzgün hesablanmamasından şikayət edirlər. DİA.AZ müraciəti olduğu kimi təqdim edir: „Biz 03.10.2022 tarixində Naxçıvan Dövlət Universitetində rezidentura təhsilinə başlamışıq. 2022-ci ilin oktyabr və noyabr ayları birlikdə 624 AZN, dekabr ayı 320 AZN, 2023-cü ilin yanvar və fevral aylarında isə 303 AZN NETT (346 AZN GROSS) əmək haqqı almışıq. Lakin Azərbaycanın digər bölgələrindəki Nazirlər Kabinetinin əmri ilə təsdiqlənmiş bazalarda (Bakı, Gəncə və s.) həkim-rezidentlər 2022-ci ildə 415 AZN , 2023-cü ildən isə 478 AZN GROSS əmək haqqı alır. Bu fərqin nədən qaynaqlandığını NDU mühasibatlıqdan dəfələrlə soruşmağımıza baxmayaraq bizə yetərli hüquqi cavab verilməyib və hər dəfə “Naxçıvan MR Maliyyə Nazirliyindən rezidentlər üçün ayrılan büdcə bu qədərdir və zamanla artırılması düşünülür” deyərək məsələni ört-basdır etməyə çalışıblar. Naxçıvan Muxtar Respublikasında son zamanlar aparılan siyasi islahatlardan sonra hər şeyin qaydasına düşəcəyinə ümid etmişdik, lakin düzəlmədi. Təkrar mühasibatlığa yaxınlaşdıq. Bu dəfə isə NDU-nun baş mühasibi bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu göndərmişik, lakin onlardan cavab gəlmədiyi üçün NDU Elmi Şurasına həkim-rezidentlərin maaş artımı ilə bağlı təklif irəli sürülüb və Azərbaycan Respublikası Nazirlər Kabitenin 2022-ci il 14 yanvar tarixli qərarı ilə 2023-cü il mart ayından etibarən NDU-nun daxili imkanları hesabına həkim-rezidentlərin GROSS əmək haqqı 415 AZN müəyyən olunacaq“. Həkim rezidentlər narazılıqlarını hüquqi cəhətdən aşağıdakı kimi əsaslandırırlar: "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələrinin diapazonu"na əsasən həkim-mütəxəssis, həkim (eləcə də rezident) 9-15 dərəcə arasında əmək haqqı almalıdır. Vahid Tarif Cədvəlində 9-cu dərəcənin ekvivalenti 2022-ci ildə 415 AZN, 2023-cü ildə isə 478 AZN-dir. Lakin bizim (eləcə də bizdən əvvəlki rezidentlərin) haqqı yeyilərək əmək haqları Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarına əsasən 2022-ci il və 2023-cü ilin yanvar və fevral aylarında 346 AZN hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan dövlət işçilərinin əməyinin ödənilməsinin vahid tarif cədvəli"nə əsasən 1-ci kurs həkim-rezidentlərə 9-cu dərəcədən 415 AZN əmək haqqı ödənilməli idi. 2023-cü il 16 yanvar tarixli eyni nömrəli qərar ilə (01.01.2023 tarixindən etibarən) Vahid Tarif Cədvəlində 9-cu dərəcənin ekvivalenti 415 AZN-dən 478 AZN-ə yüksəldilmişdir. Lakin bizim əmək haqqımızda hələdə artım olmadı və hələ də GROSS əmək haqqı olaraq 346 AZN yazılır. Azərbaycanın digər bölgəllərindəki Nazirlər Kabinetinin əmri ilə təsdiqlənmiş bazalarda isə (Bakı, Gəncə və s.) rezidentlərin əmək haqqına müvafiq əlavələr olundu və onlara 2023-cü ilin yanvar ayından 478 AZN GROSS əmək haqqı yazılır. Müvafiq tutulmalar sonrası isə NETT əmək haqqı təqribi 425 AZN olur. Bizdə isə NETT əmək haqqı 300 AZN civarındadır. Aradakı bu qədər fərqin səbəbinin heç bir açıqlaması yoxdur! Bu açıq aydın qanun və hüquq pozuntusudur! Biz bununla bağlı Azərbaycan Respublikası Səhiyyə, Təhsil və Maliyyə Nazirliklərinə də şikayət ərizəsi ünvanladıq, lakin ərizəmizə cavab verilmədi. Buna görə də son çarə olaraq hüquqlarımızın bərpası üçün sizə müraciət edirik“. Geri qayıt |