Əsas Səhifə > Siyasət, Manşet > Nazirlik AzTU-nu dəftərindən birdəfəlik silib?
Nazirlik AzTU-nu dəftərindən birdəfəlik silib?7-07-2023, 08:49 |
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalənin ƏVVƏLİ BURADA: Vilayət müəllimin ƏYALƏT TƏFƏKKÜRÜ... - BUNUN BAŞQA ADI YOXDUR... Məqalənin davamında deyilir: "Bu işlərin maliyyə tərəfləri hələ bir tərəfə qalsın, təhlükəsizlik aspektindən danışaq. V.Vəliyev özünün iqtisadçı təfəkkürü ilə elə düşünür ki, əgər divarlar daşıyıcı divarlar deyilsə, yəni binanın ağırlığını öz üzərində saxlamırsa, onları təhlükəsiz sökmək olar. Ancaq biz ona izah etməyə çalışaq ki, daşıyıcı olmayan divarlar da binanı horizontal müstəvidə deformasiyalardan, texniki dil ilə desək, horizontal müstəvidə rəqslərdən qoruyur və bu divarlar olmadıqda, bina yalnız dirəklər üzərində qaldıqda, bina horizontal müstəvidə, yəni eninə istiqamətdə çox yaxşı bir rəqsi hərəkət edən sistemə çevrilir. Yəni sadə dil ilə desək, azacıq zəlzələ baş versə, həmin bina dirəklər üzərində o yana, bu yana yellənəcək və çox güman ki, dirəklər bu rəqslərə davam gətirməyəcək və bina uçacaq. Bu təhlükə isə Türkiyədə bir neçə ay əvvəl baş verən zəlzələ fonunda bu gün çox aktualdır. Nəzərə alın ki, həmin binanın yuxarı mərtəbələrində bütün gün ərzində yüzlərlə, bəlkə, minlərlə tələbə otaqlarda dərs keçir, işçilər otaqlarda işləyir. Bu anda zəlzələ baş versə, nə ola bilər? Bakıda 2000-ci ildə baş verən 6,8 bal gücündə zəlzələ hələ də bizim yadımızdan çıxmayıb. Deyirlər ki, Türkiyədəki zəlzələnin səhəri günü V.Vəliyev gəlib öz söküntülərini gəzib, gözdən keçirirmiş. Bəs görəsən Fövqəladə Hallar Nazirliyi bunlardan xəbərdardırmı və həmin binanı yoxlayıbmı? Bina artıq 1 ildir ki, belə sökülmüş vəziyyətdədir və yəqin ki, azı bir o qədər də belə qalacaq. Aşağıdakı fotoşəkildə həmin binanın 1-ci mərtəbəsi göstərilmişdir. Yeni tədris binasında 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar sökülüb, bina yalnız dirəklər üzərində dayanır. V.Vəliyev demək olar ki, bütün tədris binalarının 1-ci mərtəbələrini boşaltdırıb, oradan kafedraları, laboratoriyaları, müəllimlər otaqlarını sıxlaşdıraraq, yuxarı mərtəbələrə daşıtdırır. Xüsusən küçəyə çıxışı olan binaların 1-ci mərtəbələri onun gözüdoymayan tamahına tuş gəlir. Maraqlıdır, görəsən V.Vəliyev bu sahələri neyləyəcək. O özü belə bir xəbər buraxır ki, guya bu ərazilərdə elmi-tədqiqat institutları yaradacaq və elmlə məşğul olacaq və bu işlərə tələbələri də cəlb edəcək. Əvvəla ona sual veririk ki, o, AzTU-nun müəllimlərinin, texnika elmləri doktorlarının, professorların necə deyərlər, “qaymağını”, ən fəal və elmli nümayəndələrini universitetdən qaçırıb-dağıdıbsa, uzaqlaşdırıbsa, gələn gündən AzTU-nun elmi kadrlar potensialına müharibə elan edibsə, bu elmi-tədqiqat institutlarında kimləri işlədəcək? İkincisi, bir danışdırıb görsün onun universitetinin əksəriyyəti 200-250 bal ilə qəbul edilən tələbələri nə gündədirlər, heç olmazsa Azərbaycan dilində danışa bilirlərmi, heç olmazsa məktəb fizikasından Om qanununu, Nyuton qanunlarını bilirlərmi ki, elmlə də məşğul olsunlar? Onlarda heç olmazsa oxumaq həvəsi varmı ki, sonra da elmlə məşğul olsunlar? Həm də V.Vəliyev “yaratmaq arzusunda olduğu” bu elmi-tədqiqat institutlarının siyahısını və adlarını bu 4 ildə bəlkə 40 dəfə AzTU Elmi Şurasının qərarı ilə dəyişdirib. Görünür, əsas məqsəd başqadır: birincisi, gözdən pərdə asmaq və ikincisi, artıq məlum olub ki, 2-ci tədris binasının boşaldılmış 1-ci mərtəbəsi AzTU-nun hesabına təmir edilir ki (yenə də bu sonu görünməyən təmirlər), xarici şirkətə icarəyə verilsin. Baxın, küçəyə çıxışı olan binaların 1-ci mərtəbələri ona bu məqsədlə lazımdır. Yeri gəlmişkən qeyd edək ki, V.Vəliyev bu əməliyyatı, yəni universitet ərazilərini kənara icarəyə verməyi ADNSU-nin rektoru Mustafa Babanlıdan öyrənib. M.Babanlının bu sahədə çox “zəngin” təcrübəsi var. V.Vəliyev özünü populyarlaşdırmaq, müasir dillə desək, özünə piar yaratmaq üçün Türkiyə faktorundan geniş istifadə edir, özünü “Turkiyəpərəst” kimi göstərməyə çalışır, halbuki, mahiyyətcə, praktiki əməlləri ilə 5-ci kolonun (keçmiş imperiyanın) maraqlarına xidmət edir. Cari tədris ilində o, əsabələri ilə birlikdə 3 dəfə Türkiyəni bu başdan o başa səfərə çıxıb, o universitet qalmayıb ki, onunla ikili diplom, birgə elmi-tədqiqat işləri (???) və əməkdaşlıq haqqında memorandum imzalamasın. Hər dəfə də fotoşəkillərini çəkdirib, universitetin saytına yerləşdirib. Türkiyədən Bakıya kim qonaq gəlirsə, V.Vəliyev dərhal onu AzTU-ya dəvət edir, əsabələri ilə birlikdə universitet söküntülərinin və xərabəliklərinin ərazisinə onları ekskursiyaya çıxararaq, bu ərazilərdə yaxın gələcəkdə görüləcək “gözəl-gözəl işlərin” planlarından onlara nağıllar danışır, yəni, “bağ belə, bostan belə”, bu yerlərdə filan-filan işlər görüləcək, dünya səviyyəsində elmi işlər qaynayacaq, hələ bəlkə, AzTU-nun həyətində kosmik gəminin start meydançası da qurulacaq və tələbələrimizin yaratdığı peyk kosmosa, yerətrafı orbitə çıxarılacaq... Hansı tələbələrin, o tələbələrin ki, AzTU-ya 200-250 bal ilə qəbul olunurlar və heç Nyuton qanunlarını bilmirlər, kvadrat tənliyi həll etməyi bacarmırlar? Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov da özünün 5-ci kolona xidmət etməsi faktlarını ört-basdır etmək və guya ki, özünün qərb yönümlü olduğunu göstərmək üçün yəqin ki, universitetin adının ingilis abreviaturası ilə UNEC adlandırılmasına nail olub". DAVAMI VAR... İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |