Əsas Səhifə > Siyasət, Manşet > Mikayıl İsmayılov vətəndaşın torpağını zəbt edib

Mikayıl İsmayılov vətəndaşın torpağını zəbt edib


13-07-2023, 08:53
Mikayıl İsmayılov vətəndaşın torpağını zəbt edib
Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılovun adı hələ vəzifədə olduğu zamanlarda da oliqarx məmur kimi mətbuatda çox hallandırılıb. Onun təkcə Azərbaycan ölkəsi ərazisində sayı-hesabı olmayan mənzillərə, villalara, şirkətlərə, torpaq sahələrinə sahib olması dəfələrlə ictimailəşdirilib. Təbbi ki, bütün bu var-dövlət Mikayıl İsmayılova vərəsəlik yolu ilə sələflərindən keçməyib, dəyəri milyard manatlarla ölçülən varidatın mənbəyi, böyük ehtimalla, şəxsi qazanc deyil. Ölkə ictimaiyyətinə məlumdur ki, Mikayıl İsmayılov hazırda vəzifədə olmasa da, vəzifədə olarkən əldə etdiyi mal-mülk, Xəzərətrafı malikanələr, Bakıdaxili mənzillər, şirkətlər, Şamaxı-Ağsu-İsmayıllı rayonları ərazisindəki istirahət mərkəzləri, şirkət və istehsal müəssisələri, torpaq və bağ-bağat sahələri, eləcə də yeni alıb tikdiyi və təmir etdirdiyi obyektlər hələ də onun inhisarında, daha doğrusu, istifadəsindədir(KİV və vətəndaş məlumatları). Qeyd edək ki, Mikayıl İsmayılov qurub-yaratdığı bu təmtərağın torpaq sahələrinin hamısını heç də sahiblərindən könüllü şəkildə əldə etməyib, vəzifə səlahiyyətləri bu məsələdə onun birinci yardımçılarından olub. Sübut üçün redaksiyamıza daxil olan bir şikayətin araşdırma detallarını oxucularımıza və maraqlanan aidiyyatı dövlət qurumlarının diqqətinə çatdırırıq.

Saytımıza müraciət edən Ağsu şəhər sakini Elşən Məhəmməd oğlu Məmmədov bildirir ki, 2007-ci ildə Ağsu rayonunun Ərəbsarvan kənd Bələdiyyəsindən 100 hektar bir, 24 hektar da bir olmaqla, heyvandarlığın inkişaf etdirilməsi üçün 30 il müddətinə torpaq sahəsini icarəyə götürüb. Şikayətçi qeyd edir ki, Yuxarı Şirvan Kanalının cənub tərəfində Kürdəmir qobusu ilə su kanalının arasında yerləşən həmin ərazidə, təyinata uyğun olaraq, mal tövləsi, iki qoyun damı, quzu damı, çoban evi, iki talvar, işçi otaqları, anbar olmaqla, ümumilikdə 1437,8 kv.m-lik tikinti işləri aparıb. E.Məmmədovun sözlərinə görə, özünün digər işlərilə əlaqədar sonradan təsərrüfatın idarəçiliyini etibarnamə ilə qardaşı İbrahim Məhəmməd oğlu Məmmədova həvalə edib. 2016-cı ilə qədər müqavilə rüsumunun ödəndiyini və işlərin tam qaydasında getdiyini bildirən müraciət sahibi, bildirir ki, 2016-cı ilin əvvəlində qardaşı dünyasını dəyişib. Bundan sonra...

Bundan sonra baş verən prosesləri şikayətçi Elşən Məmmədov öz sözləri ilə aşağıdakı kimi təsvir edir:

“Bir müddət başımız hüzrə qarışıq oldu. Həm də özümün digər işlərimi də qaydasına salmağa vaxt lazım idi. Bir müddət sonra əraziyə baş çəkdim. Gördüm ki, ərazidəki tikintilər dağıdılıb, əvəzində başqa adamlar ərazidə böyük tikinti işləri aparır. Soruşdum, dedilər Mikayıl İsmayılov ərazini alıb. Bələdiyyəyə üz tutdum. O vaxtlar bələdiyyə sədri olan Gülsüm Əhmədovadan nə baş verdiyini soruşdum. Bildirdi ki, qardaşın yeri Mikayıl müəllimə satıb. Dedim, qardaşım haqq dünyasındadı, yoxluğundan istifadə eləməyin, müqavilə 30 illik mənim adımadı, əgər qardaşımın elə bir fikri olsaydı, mənə məsləhət edərdi, ailəsinə xəbər verərdi...

Qardaşım ağır xəstəlik keçirirdi və bu üzdən heyvanları satmaq məcburiyyətində qalmışdı, - bunu bilirdim. Amma ərazinin satılması barədə heç bir məlumatım yox idi. Qardaşımın ailəsindən də soruşdum, dedilər ki, İbrahim nə torpağı satmaq barədə, nə də satıbsa, aldığı pul barədə bizə heç nə deməyib.

Artıq tez müddətdə Mikayıl İsmayılov sözügedən ərazidə böyük “Aqropark” inşa etmişdi.

Maliyyə imkanlarım olmadığından, həm də Mikayıl İsmayılovun yüksək vəzifə daşıması səbəbindən məhkəmə çəkişmələrinə qoşulmadım. Sonradan Daşınmaz Əmlakın Şamaxı Regional Reystri Xidmətindən öyrəndim ki, mənimlə Ərəbsarvan Bələdiyyəsi arasında 30 illiyə bağlanmış 14 mart 2007-ci tarixli, 09 saylı müqavilə əsasında əlimdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təsis etdiyi kadasr məlumatlarının kökü elektron bazadan silinib və 2016-cı ildə, yəni qardaşımın ölümündən sonra, həmin əraziyə Mikayıl İsmayılovun qardaşı Müşfiq İsmayılovun adına Reystr xidmətindən Çıxarış alınıb. Yəni, mənim xəbərim olmadan icarəmdə olan torpaq sahəsi Mikayıl İsmayılovun vəzifə səlahiyyətlərinin və külli-miqdarda var-dövlət sahibi olmasının güdazına gedib.”

Elşən Məmmədov vurğulayır ki, həm dünyasını dəyişmiş qardaşının adından yalancasına istifadə edilməsinin, həm də dəyəri 100 min manatla ölçülən tikintilərinin qanunsuz şəkildə dağıdılmasının və icarə torpağının hegemonluq yolu ilə zəbt olunmasının qarşılığında sakit dayanmayacaq:

“Həmin ərazidə mən və qardaşım halal zəhmətimizlə qazandığımız pulla 144 kvadratmetr ölçüdə tikinti işləri aparmışdıq. Həmin tikintilərə o vaxtkı pulla 100 min manata qədər pul yatırtmışdıq. O cümlədən, hər il Ərəbsarvan Bələdiyyəsinin hesabına müqavilədə nəzərdə tutulan məbləğdə vəsait ödəmişik. Niyə kimsə, hansısa dövlət məmuru, vəzifəsindən sui-istifadə edərək, halal çörəyimizi zəhərə döndərir?! Çörəyə dəymək nə imandandır, nə də başqa dəyərlərdən! Xüsusən də, bir insanın ölümünün üstündən iş görmək heç bir ölçüyə sığmır!.. Əgər qardaşım o ərazini satmışdısa, Mikayıl İsmayılov onun sağlığında yerləşəydi həmin əraziyə, niyə ölümünü gözləyirdi?!. Yaxud, sənəd mənim adımadı, yeri alanda sənədin sahibinə xəbər edəydilər! Bunlar olmayıbsa, deməli, heç bir alqı-satqıdan söhbət gedə bilməz.

Digər tərəfdən, icarədə olan torpağı icarədar sata bilməz, torpağın əsas mülkiyyətçisi bələdiyyədir. Əgər, icarədar müqavilənin şərtlərini pozarsa, yaxud könüllü torpaqdan imtina edərsə, o zaman müqaviləyə xitam verilər. Amma bunlar özbaşına hər şeyi həll ediblər, hətta sənədin bazasını siliblər. Əlbəttə, bu cinayətdə əsas səbabkar bələdiyyə sədridir, sonra isə sənədin bazasını silən məmur, ardınca da Mikayıl İsmayılov.

Əlimdə olan sənədlərin hələlik bir hissəsini mətbuata ötürməklə, bu haqsızlığın ictimailəşməsini istəyirəm. Əgər qarşı tərəflər günahlarını etiraf edib, haqqıma qovuşmağa mane olmayacaqlarsa, məhkəməyə müraciət etməyəcəyəm. Əks təqdirdə, həm məhkəməyə, həm Ölkə Başçısına, həm də ali hüquq-mühafizə orqanlarına birbaşa və mətbuat vasitəsilə müraciətlərimi ləngitməyəcəm. Torpaq həm də qürur məsələsidir”.

Mövzuda adı çəkilən şəxslərin də açıqlamalarını dinləməyə və yaymağa hazırıq.
Mövzuya qayıdacağıq.
//xezerinformasiya.com//
Geri qayıt