Əsas Səhifə > Siyasət, Manşet > Nazir Milli Parkın ərazisini GENERALA PEŞKƏŞ EDİB...
Nazir Milli Parkın ərazisini GENERALA PEŞKƏŞ EDİB...24-07-2023, 08:53 |
DİA.AZ: - Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin Milli Parkın 500 hektar ərazisini general Ceyhun Həsənova satmaqda ittiham olunur. DİA.AZ bildirir ki, bu səbəbdən "Ecofront" təşkilatı Prezident İlham Əliyevə Şirvan Milli Parkı ilə bağlı müraciət edib. DİA.AZ müraciəti olduğu kimi təqdim edir: "Cənab Prezident, Son baş verən hadisələr fonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyi və yarıtmazlığı cəmiyyətdə bu quruma olan etimadsızlığı və ikrah hissini daha da artırıb amma bu sadəcə cəmiyyətin gördüyü nəticələrdir. ETSN naziri Muxtar Babayev optimallaşdırma adı ilə nazirliyin bütün infrastrukturunu və təbiət resurslarını hər fürsətdə satmağa davam edir. Bu işlərin ictimai nəzarətdən kənar baş verməsi və vəzifəli şəxslərin iştirakını nəzərə aldıqda bu alverin qanunsuz sövdələşmələrlə müşayət edilmədiyinə inanmaq sadəlövlük olardı. Belə dağıdıcı fəaliyyətlərdən biri də Milli Parkların, qoruqların, meşə fondu torpaqlarının ayrı-ayrı şəxslərə təyinatından kənar icarəyə verilməsi və satılması üçün ən çirkin ssenarilərə əl atılmasıdır. Növbəti belə bir hal Şirvan Milli Parkında yaranıb. Şirvan Milli Parkının 500 hektardan çox ərazisinin penitensiar xidmətin keçmiş generalı Ceyhun Həsənova satılması üçün nazirlik dəridən qabıqdan çıxır. Əkinə yararlı bu torpaq sahəsinin Milli Parkın var olması, maddi təminatı üçün nə qədər vacib bir ərazi olduğunu bilə-bilə ərazini sataraq parkı müflisləşdirməkdə Muxtar Babayevin canfəşanlığının səbəbi nədir? Ərazini əkinə yararsız deqradasiyaya uğramış torpaqlarla əvəz edib Ceyhun Həsənova satışını təşkil etmək üçün Nazirlik aidiyyatı qurumlara müraciətlər edir. Daha öncə belə bir cəhdi ictimailəşdirdikdən sonra yuxarı instansiyaların müdaxiləsindən sonra bu niyyətin qarşısı alınmışdı. Amma görünən odur ki, ya Muxtar Babayev yenidən iştaha gəlib ya da kiminsə qarşısında özünü borclu hesab edir. Bu vaxta qədər sözügedən torpaqlar Ceyhun Həsənova icarə verilmiş və ərazinin təyinatına zidd pambıq əkinləri aparılmışdır. Elə bir nazir təsəvvür etmək çətindir ki, öz nəzarətində olan ərazini daha yararsız ərazi ilə dəyişmək üçün bu qədər səy göstərsin, öz qurumunun dayanıqlı maliyyə mənbələrindən birini itirmək üçün bu qədər can yandırsın. Öz qurumunun maraqlarını qorumağa çalışmayan, tam tərsinə maraqlarına zidd addımlar atan bir nazirin fəaliyyəti cavabı çətin olamayan suallar doğurur. Xahiş edirik bu məsələni yenidən nəzarətinizə götürəsiniz və – Şirvan Milli Parkının torpaqlarının özgəninkiləşdirilməsinin qarşısını alasınız – Şirvan Milli Parkının təsərrüfat ərazilərinin təyinatından kənar istifadəsinin dayandırılmasına göstəriş verəsiniz – və digər Milli Parklarda bu halların baş verib vermədiyinin araşdırılmasına göstəriş verəsiniz". Məsələ ilə bağlı dia-az.life olaraq bütün aidiyyatı qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |