Əsas Səhifə > Siyasət, Manşet > "Bu uşaq harada təhsil almalıdır?"

"Bu uşaq harada təhsil almalıdır?"


10-10-2023, 08:00
"Bu uşaq harada təhsil almalıdır?"
Yeganə Cəfərova Əkbər qızı 2008-ci il təvəllüdlüdür. O, Azərbaycan vətəndaşıdır. Əvvəlcə, paytaxtın Nizami rayonunda yerləşən 70 saylı tam orta məktəbdə təhsil alıb, sonra Nərimanov rayonunda fəaliyyət göstərən 39 saylı məktəbə gedib. Y.Cəfərova türk Kiprində Heydərpaşa ticarət liseyində təhsilini davam etdirib.
Onun ailəsi Anaxeber.info vasitəsi ilə Elm və Təhsil Nazirliyinə, Bakı şəhər Təhsil İdarəsinə, Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət edib.
Y.Cəfərovanın valideynlərinin sözlərinə görə, müraciətə səbəb Azərbaycana qayıtdıqdan sonra övladlarının təhsilini burada davam etdirə bilməməsidir.
Belə ki, onun ilk oxuduğu Nizami rayonu, 70 saylı orta məktəb Yeganəni qəbul etmir. Məktəb direktoru attestat tələb edir. Ailəsi isə bildirir ki, Kiprdə attestat analayışı yoxdur. Ona görə də bu sənədi heç cür verə bilməzlər. Ailə deyir ki, attestat tələbi bəhanədir.
Cəfərovlar aidiyyatı orqanlardan xahiş edirlər ki, Yeganənin təhsil alması onun hüququdur və “Təhsil haqqında qanun”da aydın şəkildə göstərilib.
“Amma məktəb direktoru qanunu pozur. Biz nə üçün attestat təqdim etməliyik? Hər bir uşaq məktəbdə oxumalıdır. Məktəbin borcudur ki, onu götürsün. Amma bizim müraciətlərə məhəl qoyulmur. Bəs, nə etməliyik? Bu uşaq harada təhsil almalıdır? Hətta attestat yoxdursa, onun dərslərini davam etdirmək haqqı ola bilməz? Faktiki olaraq, böyük bir qanunsuzluqla üzləşmişik.
Artıq yeni tədris ili bir aya yaxındır ki, başlanıb. Amma biz övladımızın təhsil almasını bərpa edə bilmirik. Bu məsələdə nazirlik və şəhər təhsil idarəsi məktəb direktoru qarşısında bir tapşırıq verməlidir. Necə yəni uşağı məktəbə götürmürük? Sanki dərəbəylikdir və qanunları məktəb direktorları yazır”.
Cəfərovlar ailəsi bildirir ki, əgər onların müraciətinə baxılmasa, Prezident və I Vitse-Prezidentə yazaraq tədbir görülməsini xahiş edəcəklər.

Geri qayıt