Əsas Səhifə > Siyasət, Manşet > Taksi sürücüləri üçün tibbi və texniki müayinə OYUNBAZLIĞI
Taksi sürücüləri üçün tibbi və texniki müayinə OYUNBAZLIĞI24-10-2023, 08:33 |
Taksi fəaliyyətində dəyişiklikləri nəzərdə tutan “Avtomobil nəqliyyatı haqqında” qanun oktyabrın 1-dən qüvvəyə minib. Amma hələlik sürücülər konkret tələblərlə üzləşməyib. DİA.AZ-ın məlumatına görə, Bizimyol.info xəbər portalına danışan sürücülər 2024-cü il yanvarın 1-dən mexanizmin tam işə düşəcəyini bildiriblər. Amma onlar dəyişikliklərdən narazıdır. DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər xüsusi icazə vərəqi almalıdır. Bunun üçün 5 günlük təlim vacibdir. Rüsum 76 manatdır. Sərnişindaşıma üçün buraxılış vərəqi 150 manata veriləcək. Üstəlik, avtomobildə taxoqraf və taksometr olmalıdır. Bunların pulunu da sürücü ödəməlidir. Sonra 7 illik lisenziya veriləcək. Təxminən 500-700 manat xərcdən söhbət gedir. Sürücülər bu xərcə hazır deyillər. Bizimyol.info xəbər portalına danışan Telman Mürsəlov böyük çətinliklə üzləşdiklərini deyir: “O məbləği ödəmək çətindir. Mən niyə 76 manat ödəməliyəm ki?! Bu boyda təcrübəm var. Mənim verməyə pulum yoxdur. Proses sadə olmalıdır. Nə qazanırıq ki, bu qədər pul ödəyək? Qazandığımız ərzağa güclə çatır. Əlavə nəsə ödəməyə gücümüz yoxdur. Mənim nə qədər ömrüm qalıb ki?! Bəlkə heç 7 il yaşamayacağam?” Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər qarşısında başqa tələblər də qoyulur. Onlar hər xəttə çıxacaqları gün tibbi müayinədən keçməli, üstəlik, avtomobili texniki baxış üçün hansısa qaraja aparmalıdırlar. Sürücülər bunu mümkünsüz sayır. Hər şeydən əvvəl günün əvvəlində qarajlar texniki baxış keçirməyə hazır olmaya bilərlər. Heç kim xüsusi olaraq sürücünü gözləməyəcək. Elə tibbi müayinə haqda da bunu demək olar. Tutaq ki, sürücü səhər tezdən tibbi müayinədən keçdi. Hər şeyin qaydasında olduğu dəqiqləşdi. Günorta spirtli içki və ya narkotik vasitə qəbul edə bilməzmi? Mümkündür, axı. Ümumiyyətlə, ortaya çoxlu suallar çıxır. Dəyişikliklərin müəllifləri bildirir ki, məqsəd keyfiyyətli xidmət, qeyri-formal məşğulluğun qarşısını almaqdır. Bunu sürücüləri böyük xərcə salmamaqla etmək olmur? Sürücü hər səhər avtomobilini texniki müayinədən keçirəcəksə, onda hər il tətbiq olunan texniki baxış nə üçündür? Görünən odur ki, rüşvət üçün yeni şərait yaranır. Təəssüf, ölkədə dəyişikliklər insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət etmir. Sanki bu yeniliklər camaatdan daha çox pul qoparmaq məqsədi daşıyır. Geri qayıt |