Əsas Səhifə > Siyasət, Manşet > AQTA-nın ilginc OYUNBAZLIĞI...
AQTA-nın ilginc OYUNBAZLIĞI...27-10-2023, 08:45 |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində davamlı nəzarət tədbirləri həyata keçirir. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar heyvan kəsimi və ət satışı məntəqələri ilə bağlı inzibati tədbirlər görülür. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxslərin barələrində protokol tərtib edilir. Ancaq Agentliyin vaxtaşırı olaraq belə məlumatlar yaymağına rəğmən, qurumun yerlərdəki bəzi rəhbər və funksioner vəzifəli əməkdaşları rüşvət qarşılığında de-fakto yoxlama tədbirlərini keçirməyə də bilirlər. Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumatda bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları 50-100 manata «əti sağlamlaşdıran» möhürlü kağız satırlar. Belə ki, Qazax rayonunda restoranlardan birində toy edən ev sahibi iri buynuzlu heyvan kəsərək övladının toyunu etmək istəyib. Lakin bu toy ona stress və əlavə xərc hesabına başa gəlib. Ev sahibi deyir: “İri buynuzlu heyvan kəsdim ki, qonaqların yeməyini hazırlatdırım. Toya 1saat qalmiş restoran sahibi gəldi ki, ətin sağlam olması ücun qida təhlükəsizliyi rəyi lazımdır, əks halda restoranda toy dayandırılacaq, qonaqlara yemək verilmələyəcək. Mən də yolunu öyrənəndə bildirdilər ki, 50 manatdan başlayaraq 100 manata kimi xərci var, pulunu verəcəksən, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşi möhürlü sənədə imza atıb sizə verəcək. Bununla da ətimiz sağlamlaşacaq. Əslində inanmadım, restoran sahibinin yönəltməsindən sonra qida təhlükəsizliyi mütəxəssisinin oturduğu ofisə adamlarımızdan göndərdik, möhurlü sənədimiz gəlsin, qonaqların yemək vaxtıdır, biabır olmayaq. Nəticədə Qida Təhlükəsizliyi Agentliyinin Tovuz — Qazax Regional İdarəsinin Qazax kəsim məntəqəsində “xidmət edən” oturan mütəxəsisi Əmrahov X müəllim verəcəyi sənədə bir iri buynuzlu və xırdadırnaq heyvan yazmaqla (həmin toyda xırdadırnaq, yəni quzu əti nə kəsilib, nə də yemək kimi süfrəyə verilməyib) bizdən əvvəl 70 istədi, sonra 50 manat aldı. Belə çıxır ki, qida təhlükəsizliyi mütəxəssisinin möhürlü sənədini restorana təqdim etdikdən dərhal sonra əgər ətdə hər hansı xəstəlik vardısa, zərərsizləşib yoxa çıxıb. O zaman cadu-piti, cindar və yaxud bəxt açan mollanın yazdığı duaları niyə məsxərəyə qoyuruq? Axı, dövlət qurumunun əməkdaşi ətə baxmadan belə möhürlü kağızla əti sağlamlasdırıb ehsanata keçirirlərsə, onda o dua yazanların bu mohür vuranlardan fərqi nədir? Bəlkə bu qurumda boşluq var, nəzarət yoxdur? Yoxsa, bu üsul kimlərəsə sərf edən variantda qazancdır? Daha maraqlı məqam isə odur ki, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisinin verdiyi möhürlü sənəddə adı yazılan qəssab, sən demə, qəssab yox, musiqiçi imiş. Bunu da öyrəndikdə heyrətimi gizlədə bilmədim. Deyəsən Qida Təhlükəsizliyi Agentliyində həm də foksçular işləyirmiş…” Agentliyin məsələyə münasibətini öyrənməyə çalışacağıq. //deryaz.az// Geri qayıt |