Əsas Səhifə > Siyasət, Manşet > Çilov adasında NƏLƏR BAŞ VERİR?

Çilov adasında NƏLƏR BAŞ VERİR?


13-01-2024, 10:11
Çilov adasında NƏLƏR BAŞ VERİR?
Vətəndaşlar tərəfindən TƏBİB-in əmri ilə 200-ə yaxın işçisi olan Pirallahı rayon Tibb Mərkəzi Çilov adası bölməsində təcili tibbi yardım, stasionar xidmət və poliklinikanın fəaliyyətinin dayandırılması ilə bağlı kütləvi şikayətlər redaksiyamıza daxil olub.

Burada həmin şöbələr bağlandıqdan sonra sadəcə 30 işçilik ASM-in (ailə sağlamlıq mərkəzi) açılacağı deyilib. Bu Mərkəzdə isə təcili yardım və bəzi zəruri şöbələrin xidməti nəzərdə tutulmayıb. Bu səbəbdən ehtiyac olduğu halda xəstələrin xəstəxanaya yerləşdirilməsini təmin edə bilmir. Nəzərə alsaq ki, starateji yaşayış zonası hesab olunan adada 2000-ə yaxın əhali yaşayır. Burada xəstəxananın əsas şöbələrinin bağlanması nə dərəcədə düzgündür?

Xəstəxananın bu şöbələrinin bağlanmasına səbəb nədir? Xəzərin əhali və ərazi baxımdan ən böyük adası olan Çilovda əhalinin sağlamlığı nəyə görə ikinci plana atılır?

Həmçinin bu şöbələrin bağlanması nəticəsində 100-dən çox şəxsin işsiz qalacağını da nəzərə almaq mütləqdir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Referans.Az-a açıqlama verilib.

“Pirallahı rayonunun Çilov adasında tibb xidmətinin təşkili və xidmətin keyfiyyətinin artırılması məqsədilə müvafiq restrukturizasiya və optimallaşdırma işləri aparılmışdır.
Çarpayı dövriyyəsi demək olar ki, olmayan stasionar xidmət əvəzinə əhalinin sağlamlığının qorunması məqsədilə təcili tibbi yardım, kardioloji, radioloji, pediatrik və s. ambulator xidmətlərini təmin edən Ailə Sağlamlıq Mərkəzi (ASM) yaradılmışdır. Stasionar tibbi yardım xidmətlərinə ehtiyac olduğu hallarda isə xəstələrin Pirallahı Tibb Mərkəzinə aviasiya xidmətləri ilə təxliyyəsi təmin edilir.

Restrukturizasiya işləri həyata keçirilərkən əvvəlki strukturda çalışmış bütün əməkdaşlar Çilov ASM də və TƏBİB tabeli digər tibb müəssisələrində müvafiq işlə təmin edilir”.

Əlavə olaraq qurumdan bildirilib ki, şikayətlərin nəticəsi araşdırılma mərhələsindədir.

Geri qayıt