Əsas Səhifə > Siyasət, Manşet > Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...

Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...


10-02-2024, 08:43
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...
Oğuzun Calut kəndinin bir qrup sakini bələdiyyə sədrindən şikayətçidir.

Onlar deyirlər ki, illər öncə bələdiyyədən torpaq alıblar və xeyli pul ödəyiblər. Amma bir neçə ildir ki, həmin torpaqlara sənəd verilmir: "Bizə demişdilər ki, torpağın sənədləri 3 aya, ən geci 6 aya sizə təhvil veriləcək. Amma artıq 6 ildən çoxdur ki, bu söz havada qalıb”.

Sakinlər "Arqument.az"a deyiblər ki, 2017-ci ildən bəri həmin torpaqlara görə, 40-a yaxın insandan külli miqdarda pul alınıb və mənimsənilib.

Bələdiyyə sədri Adil Şükürov isə illərdir ki, problem həll olunacaq deyə vəd verir: "Adil Şükürov sənəd tələb edənlərə deyir ki, Nazirlər Kabinetindən satış üçün icazə ala bilmirəm. Gah bizə sənədi təmin edəcəyini deyir, gah da çıxış yolu deyir ki, yığışıb məni məhkəməyə verin. Mən də sizin şikayətlərinizi əlimdə rəhbər tutaraq Nazirlər Kabinetinə müraciət edim, işin ciddiyyətini nəzərə alıb işi sürətləndirsinlər. Bunu da yalandan edir və sonra aradan çıxır".

"Bizdə olan məlumata görə, Adil Şükürov qanunsuz şəkildə, yalan vədlərlə aldığı pulları mənimsəyib, həmin məbləğdən dövlətə aid olan rüsumu ödəməyib, ona görə də torpaq üçün satış icazəsi ala bilmir", - sakinlər belə deyiblər.

Sakinləri isə narahat edən odur ki, Adil Şükürov bu il keçiriləcək bələdiyyə seçkilərindən seçilə bilməyəcək və verdikləri pullar batacaq, çünki yeni sədr məsuliyyəti Adil Şükürovun üstünə ata bilər: "Adil Şükürov seçilməyəcəyi təqdirdə bu qədər insanın taleyi necə olacaq? Pulları da getdi, torpaqsız da qalacaqları qaçılmazdır. Bəs o torpaqların aqibəti necə olacaq? Bəs verilən pullar? Kimə reallığı necə sübut edəcəklər? Kim qarantiya verir ki, illərdir dəridən-qabıqdan çıxıb zülmlə, kreditlərlə torpağını ev etməyə çalışan, hasar çəkmiş bu insanlar sabah haqlı ikən haqsız duruma düşürülməyəcək? Həmin əraziləri qanunsuz şəkildə mənimsəmiş kimi məsuliyyətə cəlb edilməyəcəklər?".

Vəziyyətin ciddiliyindən narahat olan sakinlər onu da qeyd edir ki, onlar hər dəfə sədrdən torpaq sənədi, ən azından bir parça kağız tələb edəndə Adil Şükürov müxtəlif bəhanələr gətirir: "Bizi əmin edir ki, narahat olmayın, siz gedib bünövrə qoyub ev tikin, yaşayın rahat, sizi kimsə oradan çıxara bilməz. Əksinə, nazirlik məcbur qalıb sizin torpaqların satışı üçün proseduru sürətləndirəcək".

Calut bələdiyyəsinin sədri Adil Şükürov isə "Arqument.az"a deyib ki, sakinlərin torpaq problemi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, bununla bağlı sərəncam da hazırdır, lakin sənədlərin verilməsi gecikdiririlir.

Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...
Bələdiyyə sədri Adil Şükürov

"Bu, bizdən asılı məsələ deyil. Nazirlər Kabinetinin qərarı var, nazir də sərəncam imzalayıb. Biz də bütün sənədləri təqdim etmişik və 5 ildir ki, cavab gözləyirik. Bizə bəlli olmayan səbəbdən sənədlərin verilməsi gecikdirilir. Çalışırıq ki, problemi həll edək", - deyə o qeyd edib.

Bələdiyyə sədri sakinlərin ona külli miqdarda pul verdikləri ilə bağlı iddialarını bölüşmür. O deyir ki, bu torpaqlara görə heç kəsdən pul almayıb: "Müraciət ediblər, mən də sənədləri göndərmişəm. Pul almamışam. Belə bir iddia doğru deyil".

Sakinlər isə bələdiyyə sədrinin yalan danışdığını deyirlər və onların əlində pul verdikləri ilə bağlı sübutların olduğunu vurğulayıblar.

Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var.

Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47 nəfər ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib.

Torpaq sahəsi almaq istəyən sakinlər müraciətlərindən 5 il keçdiyini, amma heç bir nəticənin olmadığını bildirirlər.

Məsud
Fotolar: "Arqument.az"ındır

Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı...

Geri qayıt