Əsas Səhifə > Siyasət, Manşet > "Həm suçlu, həm güçlü"...
"Həm suçlu, həm güçlü"...24-02-2024, 08:44 |
“Kubinka” yavaş-yavaş tarixin yaddaşına qovuşur. Paytaxtın Nəsimi və Yasamal rayonlarında onminlərlə sakinin məskunlaşdığı hektarlarla ərazi sökülür. Bəzi küçələr tamamilə ləğv olunur. Burada yeni özəl məktəb, stadion salınacağı, çoxsaylı yaşayış binaları tikiləcəyi barədə məlumatlar var. Bir hissəsi Yasamal, qalanı Nəsimi rayonuna düşən “Kubinka”da söküntü-tikinti işləri bir neçə şirkətə həvalə olunub ki, bunların arasında “RR Construction”, “Vialon” və başqaları var. “RR Construction” şirkəti xeyli vaxtdır ki, sərəncam aldığı ərazidə söküntü işlərinə başlayıb. Lakin həmin ərazidə yaşayan sakinlərin bir hissəsilə şirkət razılıq əldə edə bilmir. Bizimyol.info xəbər portalının əməkdaşı bir müddət öncə ərazidən reportaj hazırlayarkən narazılıqların nədən ibarət olduğunu aydınılaşdırmışdı. Məlum olmuşdu ki, şirkət sakinlərlə müqavilə bağlayıb, onlara tikiləcək binalarda evlərinin sahəsinə uyğun mənzil təklif edir. O vaxta qədər isə sakinlərə kirayə qalmaq üçün aylıq ödəniş verir. Lakin sakinlərin bir hissəsi bu təklifə “yox” deyir. Onlar bildirirlər ki, indiyədək bir çox tikinti şirkətlərinin dələduzluqlarının şahidi olublar. Bu üzdən binaların tikintisinin başa çatacağına, mənzillə təmin olunacaqlarına inamları yoxdur. Ona görə də evlərinə bazar qiymətlərinə uyğun şəkildə pul tələb edirlər. “RR Construction” evləri satın alacağı təqdirdə, hər kvadratmetrə görə 2000 manatdan çox pul vermir. Sakinlər isə bu məbləği həmin ərazi üçün çox aşağı qiymət sayırlar. Məsələ burasındadır ki, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən həmin ərazidə yeni tikilən binalarda təmirsiz mənzillərin hər kvadrat metri 2700-2800 manata satılır. Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, “RR Construction” şirkəti onlarla razılaşmayan sakinləri məhkəməyə verib. Hazırda Yasamal rayon Məhkəməsində bu qalmaqalla bağlı bir neçə məhkəmə işi var. Razılaşmayan ailələrin hər biri ilə bağlı ayrı-ayrılıqda iddia qaldırılıb. Şirkət iddia ərizəsində göstərib ki, sözügedən ərazidə çoxsaylı qəzalı evlər var. Onların yerində müasir tələblərə cavab verən, şəhərin görüntüsünə xələl gətirməyən tikinti işləri aparmaq “RR Construction” şirkətinə həvalə olunub. Ərazidə yaşayanların böyük əksəriyyətilə razılaşma əldə olunub, onlar köçürülüb və evlər də sökülüb. Lakin qalan sakinlər razılığa gəlməməklə onların işini yubadır. Sakinlər bildirir ki, onların evləri qəzalı olmayıb. Şirkət belə görüntü yaratmaq üçün ətrafda apardığı söküntü işləri zamanı onların da evlərini zədələyir, yararsız hala salır. “Kubinka” qalmaqalıyla bağlı məhkəmə proseslərindən bir neçəsində hakimlər ekspertiza təyin edib. Ekspertlər evlərin durumu və ödənilməli olan kompensasiya ilə bağlı qiymətləndirmə aparacaq. Ekspertizanın nəticələri məlum olana qədər bu məhkəmə proseslərindən bir neçəsinin müvəqqəti dayandırıldığı bildirilir. Geri qayıt |