Əsas Səhifə > Siyasət, Manşet > DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB...
DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB...19-04-2024, 09:14 |
Martın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçirib. “AzPolitika” xəbər verir ki, monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xatırladaq ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır. Yerli mediada Tovuz Dövlət Sosial-İqtisadi Kollecində rüşvət, korrupsiya, digər neqativ hallarla bağlı çoxsaylı yazılar dərc olunub. Həmin məqalələrdə kollecin uzun illər ərzində korrupsiya və rüşvət yuvası kimi fəaliyyət göstərdiyi, tələbələrin rüşvətlə qəbul edildiyi, davamiyyətin olmadığı, bir sözlə, hər şeyin pulla həll edildiyi bildirilib. Qeyd olunur ki, tələbələrə yüksək göstəricilər yazıb onların təqaüdləri, habelə adı işdə olub özü gəlməyən müəllimlərin, texniki işçilərin maaşları kollec rəhbərliyi tərəfindən mənimsənilib. O da bildirilir ki, pul üstündə tez tez direkorla rəhbər işçilər arasında narazılıq, hətta dava-dalaş olub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda aparılan monitorinqlərin nəticələri, qanunsuzluq faktları barədə də heç bir informasiya verilmir. Bu barədə “AzPolitika.info”nun sorğusuna sözügedən qurumdan verilən sorğuya cavab olaraq bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində keçirilən monitorinq nəticəsində cinayət tərkibli nöqsanlar aşkar edilmədiyinə görə Agentlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilməyib. “Monitorinq zamanı Kollecin bir sıra tədris sənədlərində (jurnallar, imtahan vərəqləri və s.) nöqsanlar aşkar edilmiş və bu nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmişdir”, - Agentlik bildirir. Görünür, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hansısa səbəblərdən sözügedən kollecdə hərtərfli araşdırma aparmaqda maraqlı olmayıb... Hər halda yayılan məlumatlar onu deməyə əsas verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə baş çəkməsinə ciddi ehtiyac var. O zaman qanunsuzluğun, korrupsiyanın olub-olmadığı məlum olar... Geri qayıt |