Əsas Səhifə > Siyasət, Manşet > Tikə bilməyəcəkdilər, niyə sökürdülər?

Tikə bilməyəcəkdilər, niyə sökürdülər?


14-09-2024, 09:42
 Tikə bilməyəcəkdilər, niyə sökürdülər?
2023-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən 252 yerlik Hacıvar kənd tam orta məktəbinin yeni inşa olunan binası sökülüb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli həmin vaxt Naxçıvan şəhərində sakinlərlə görüşündə bildirib ki, Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsi tamamilə yararsızdır.

Texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın söküldüyünü bildirən səlahiyyətli nümayəndə tezliklə müasir üslubda yeni məktəb binasının inşa olunacağını bəyan edib.

Bu binanın niyə yarasız olduğu, hansı zərurətdən irəli gələrək söküldüyü indiyədək açıqlanmayıb. Fuad Nəcəflinin nəyə əsaslanaraq belə fikirlər sələndirdiyi də məlum deyil. Bu, məsələnin başqa tərəfidir və biz çox da dərinə getmək istəmirik.

Maraqlıdır ki, binanın sökülməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də yeni bina inşa olunmayıb.

Bu ilin aprel ayında Hacıvar kənd tam orta məktəbinin binasının tikintisi ilə bağlı bir sıra problemlər ortaya çıxdı.

Məlum oldu ki, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqlı olaraq Babək rayon Hacıvar kənd tam orta məktəbi binasının tikilməsi ilə bağlı keçirilən tender müsabiqəsinin nəticəsi ləğv edilib.

Həmin vaxt Dövlət Xidmətindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikası Babək rayonu Hacıvar kənd 456 şagird yerlik tam orta məktəbin tikintisi işləri”nin satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsinə dair Dövlət Xidmətinə təqdim olunmuş yekun protokol 2024-cü il 1 yanvar tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli 245-IIQ nömrəli Qanununa əsasən təhlil edilərkən prosedur pozuntuları aşkar edildiyindən sözü gedən müsabiqənin nəticəsinin ləğv olunması məqsədə müvafiq hesab edilib.

TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, bu işin yerinə yetirilməsi üçün daha aşağı qiymət təklifi verən şirkətlərin olmasına baxmayaraq, Təhsil Nazirliyi ən yüksək qiymət təklifi verən şirkəti - “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Bu məktəb bunasının tikintisini 3 milyon 100 min, 3 milyon 300 min, 3 milyon 700 min manata həyata keçirməyi öhdəsinə götürən şirkətlər tender müsabiqəsində iştirak ediblər. Ancaq Təhsil Nazirliyi 4 milyon 472 min manat qiymət təklifi verən şirkəti seçib. Halbuki tenderin keçirilməsində məqsəd daha keyfiyyətli iş görən, daha aşağı qiymət təklifi verən şirkətlərin müəyyənləşdirilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasıdır.

Tender müsabiqəsinin nəticəsinin ləğv edilməsinə baxmayaraq, Naxçıvanın Təhsil Nazirliyi qalib elan etdiyi şirkətlə müqavilə bağlayıb, ayrılan vəsaitin bir hissəsi həmin şirkətin hesabına köçürülüb.

Ancaq yenə də məktəb binasını tikə bilməyiblər. Hacıvar kəndinin şagirdləri ötən il olduğu kimi, bu tədris ilində də qonşu Şəkərabad kəndinin məktəbinə gedəcəklər.

Nazirliyin qalib elan etdiyi şikətin texniki imkanları bu məktəb binasını inşa etməyə imkan vermir.

 Tikə bilməyəcəkdilər, niyə sökürdülər?

TNS-in məktəb binasının tikiləcəyi ərazidə olan əməkdaşı öyərənib ki, şirkət yerli subpodratçıların xidmətindən istifadə edir. Binanın özülünün qazılmasını və beton işlərini yerli tikinti şirkəti həyata keçirir. Halbuki yerli şirkət binanın tikintisini öz üzərinə götürə, inşaat işlərini keyfiyyətlə yerinə yetirə bilərdi, beləliklə, dövlət büdcəsinə xeyli qənaət olunardı. Görünür, kimlərinsə maraqları buna imkan verməyib.

Hacıvar kəndinin sakinlərini bu maraqlar düşündürmür. Onların tək istədiyi tezliklə məktəb binasının tikilməsidir.

Tikinti işləri başlanılan ərazidə əməkdaşımızla söhbətləşən kənd sakininin sualını Naxçıvanın səlahiyyət sahiblərinə yönəldirik: “Yeni məktəb binası tikə bilməyəcəkdilərsə, gül kimi binamızı niyə sökürdülər?”

Fikrimizcə, Naxçıvan rəhbərliyi həm bu sual, həm də kənd sakininin sonda dediyi bir fikir barədə ciddi düşünməlidir: “İki ilə bir binanı tikə bilməyənlərin Naxçıvanda geniş tikinti-quruculuq işləri aparılacağını bəyan etməsi gülüncdür”.


Geri qayıt