Əsas Səhifə > Siyasət, Manşet > “Bank of Baku”da nədən kreditlər Azərbaycan manatı ilə hesablanmır

“Bank of Baku”da nədən kreditlər Azərbaycan manatı ilə hesablanmır


12-08-2014, 11:18
“Bank of Baku”da nədən kreditlər Azərbaycan manatı ilə hesablanmır
DİA.AZ: - Son vaxtlar Azərbaycanın bank sektoru özünəməxsus praktikanı tətbiq etməkdə davam edir. Xüsusən, kredit siyasətində bankların yalnız öz mənafelərin güdməsi bəzi hallarda əhalinin müflisləşməsinə gətirib çıxarır. Azərbaycanda kifayət qədər bank və kredit təşkilatlarının olmasına baxmayaraq etiraf edilməlidir ki, dünya ölkələri içərisində ən yüksək faizlə kredit bizim ölkəmizdə verilir. Bu azmış kimi faiz dərəcələri, kredit müddəti və komissyon haqlarını artırmaq, müxtəlif kartların verilməsilə müştəriləri müflisləşdirmə siyasəti aparılır.

Bununla kifayətlənməyən banklar yalançı cəzbedici reklamlarla müştəriləri aldatmaqla məşğuldurlar. Bütün günü “yalnız şəxsiyyət vəsiqəsilə kredit” elanı qulaqlarımızı dəng etsə də reallıqda 8-10 sənədlə kredit almaq müşkül məsələyə çevrilib. İş və yaşayış yerləri haqqında arayışların, zamin şəxslər barədə lüzumsuz sənədlərin hazırlanması üçün uzun bir mərhələni keçmək tələb olunur. Maraqlı məqam isə ondan ibarətdir ki, bir sıra banklar hətta müştərilərə milli valyuta ilə kredit verməkdən çəkinir.

Oxucu DİA.AZ-a müraciət edərək bildirb ki, “Bank of Baku” bankına bir illiyə min manat kredit üçün müraciət edib. Tələb olunan sənədləri təqdim etdikdə isə ona bildirilib ki, krediti yalnız dollarla əldə edə bilər. Müştəri krediti manatla götürmək istədiyini bildirdikdə ona bankın şərtlərini izah ediblər: “Mənə bildirdilər ki, iki min manata qədər krediti dollarla, ondan yuxarı məbləğləri isə manatla verə bilərlər. Mənə bir il müddətinə min dörd yüz dollar təklif etdilər ki, bu da təxminən səkkiz yüz manata bərabərdir. Min manat almaq üçün isə min yeddi yüz doxsan dörd (1794) dollar, özü də iki il müddətinə verdilər. Deməli, bank min manat kredit üçün iki il şərt qoyur”.

Oxucu dia-az.life-a onu da bildirir ki, kreditin dollarla verilməsinə etiraz etdikdə rəhbərlikdə təmsil olunan şəxs bildirib ki, bu qayda onların bank şərtlərini təşkil edir. Bununla razılaşmayan müştəri kredit götürməkdən imtina edə bilər.

Maraqlıdır, belə kredit şərtlərinin arxasında hansı gizli məqamlar dayanır? Bu məsələdə Bankın qazancı, müştərinin itirəcəyi nədən ibarətdir? İqtisadçı ekspertlərdən biri dia-az.life-a bildirib ki, banklar krediti dollarla verdikdə valyutaların çevrilməsi nəticəsində onların qazancı daha da artır. Burada əsas məsələ bu prosesin Azərbaycan qanunvericiliyinə uyğun olub-olmamasıdır: “Məlum olduğu kimi istehlak kreditləri milli valyuta ilə verilməlidir. Çünki istehlak krediti ölkədə istifadə edilmək, yaxud istehlak malları əldə etmək üçün götürlür. Belə halda bankın xarici valyuta ilə borc verməsi anlaşılmazdır. Düşünürəm ki, bu qayda milli qanunvericiliyin fəlsəfəsinə ziddir”.

Məlumata görə, kreditlərin iki ilə verilməsi isə ikiqat komissiyon haqqının əldə edilməsinə hesablanıb. Göründüyü kimi ölkədə fəaliyyət göstərən bankların bir çoxu beynəlxalq standartlar çərçivəsində fəaliyyətlərini qurmaq əvəzinə hələ də müştəriləri aidatmaq yolu ilə varlanmağa çalışır.

Onu da qeyd edək ki, vətəndaşın narazı qaldığı “Bank of Baku”da payçılar arasında əslən İrandan olan məşhur Oromi qardaşlarının “NAB Dış Ticaret” şirkəti də var. Ciddi paya malik olan bu şirkətin sahiblərinin isə adı İran kəşfiyyatı ilə qoşa çəkilməkdədir. Görünəni də odur ki, Oromi qardaşlarının bankında manatımıza etimad göstərilmir...

Geri qayıt