Əsas Səhifə > Siyasət, Manşet > Daha bir tanınmış iş adamı azadlığa çıxa bilər - Abdulla Abdullayevin əfv olunacağı deyilir

Daha bir tanınmış iş adamı azadlığa çıxa bilər - Abdulla Abdullayevin əfv olunacağı deyilir


12-12-2014, 10:52
Daha bir tanınmış iş adamı azadlığa çıxa bilər - Abdulla Abdullayevin əfv olunacağı deyilir
DİA.AZ: - Bu ayın sonu - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə növbəti əfv fərmanının imzalanacağı gözlənilir. Artıq bununla bağlı əfv komissiyasının tədarük içində olması barədə də müəyyən xəbərlər var.

Onu da bildirək ki, bir çox məhbus yaxınları bu əfv fərmanına ümidlə baxırlar. DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, gözlənilən əfv fərmanı ilə məşhur məhbuslardan bəzilərinin azad olunacağı gözlənilir ki, onların arasında zamanında kifayət qədər ciddi iş adamı kimi tanınan «AMAY Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev də var.

Bu barədə dia-az.life-a danışan mənbənin söylədikləri: «Abdulla Abdullayevin azadlığa buraxılması əslində şərtli ola bilər. Yəni o, içəridə ittiham olunduğu maddə üzərə dövlətə vurulan ziyanı ödəmə öhdəliyi götürməyə razılıq verib».

Xatırladaq ki, A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. İlkin istintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İndi isə dia-az.life-a danışan mənbə artıq Abdulla Abdullayevin adının əfv olunanlar siyahısında görülməsində elə bir ciddi problemin qalmadığını bildirir.

Geri qayıt