Əsas Səhifə > Siyasət, Manşet > Gəncə Dövlət Universitetində yeni həbs dalğası gözlənilir – Vaqif Rəhimovin istintaq işi böyüyür

Gəncə Dövlət Universitetində yeni həbs dalğası gözlənilir – Vaqif Rəhimovin istintaq işi böyüyür


2-02-2015, 09:29
Gəncə Dövlət Universitetində yeni həbs dalğası gözlənilir – Vaqif Rəhimovin istintaq işi böyüyür
DİA.AZ: - Keçən həftə DİA.AZ olaraq informasiya verərək bildirdik ki, bir neçə gündür Gəncə Dövlət Universitetinin "Ekologiya və təbiəti mühafizə" kafedrasının müdiri Vaqif İnqilab oğlu Rəhimov korrupsiya faktı ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən həbs edilib. Bu şok məlumatı DİA.AZ-ın elektron poçtuna yollayan mənbə qeyd edirdi ki, Vaqif Rəhimov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun ən yaxın dostu və yaxın çevrəsinə daxil olanlardan biridir.

Daha sonra mənbə dia-az.life-a yazırdı: “Maraqlıdır, təhsil müəssisələrindəki korrupsiya və başqa faktlarla bağlı həbslər haqqında dərhal mətbuata xəbər verən müvafiq orqanlar nədənsə bu fakt haqqında mətbuata heç bir xəbər verməmişdir. Vaqif Rəhimovu rektor Yusif Yusibov ilə bağlayan sıcaq münasibətlər də burda az rol oynamır. Məhz Yusif Yusibovun təqdimatı ilə layiq olmadığı halda Təhsil Nazirliyinin 2012- ci il 20 dekabr tarixli 11/ 1333 nömrəli əmri ilə anadan olmasının 55 illiyi münasibəti ilə Vaqif İnqilab oğlu Rəhimov “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi ” döş nişanı ilə təltif edilmişdir”.

İndi isə aydın olurdu ki, bu «qabaqcıl təhsil işçisi» indi də rektorun başağrısına çevrilib. Bu barədə redaksiyamıza daxil olan informasiyalardan anlaşılırdı. Belə ki, həbs olunana qədər vəzifə başında qalan Vaqif Rəhimov yalnız polisdən gələn müraciətdən sonra rektor tərəfindən işindən azad edilib. Bu isə rektorun həm Vaqif Rəhimova sədaqətinin göstəricisidir və həm də başqa bir nədənlərin.

Bunu da məlumatlı mənbə deyir və əlavə edir ki, Vaqif Rəhimov həbs olunduqdan sonra Yusif Yusibov onun azadlığa çıxmasına və bu hadisənin ört-basdır edilməsinə çalışsa da, buna nail ola bilməyib. Qaynağın dia-az.life-a söylədikləri: «Rektor yaxşı başa düşür ki, bu həbsin istintaqı zamanı özü də hədəfə çevrilə bilər. Elə buna görə də «dəmiri isti-isti döyməyə» çalışdı. Amma alınmadı. İndi Yusif Yusibov intizardadır və həyəcanlı şəkildə istintaqa çağrılacağını gözləyir».

Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, rüşvət ittihamı ilə həbs olunan Vaqif Rəhimovun işi ilə əlaqədar universitet rəhbərliyinin də istintaqa dəvət olunması planlaşdırılır. Bu barədə DİA.AZ-a danışan hüquq-mühafizə orqanlarındakı mənbə iddia edir ki, hələlik onların istintaqa hansı statusda cəlb ediləcəkləri məlum olmasa da, Vaqif Rəhimovla yanaşı GDU-da daha bir neçə müəllimin də həbsi mümkündür: “Hətta bu həbslərin rektorun qapısını da döyəcəyi şübhə doğurmur. Ona görə də Yusif Yusibov ciddi şəkildə prosesin “sülh şəritində” bitməsinə cəhdlər göstərir”.

Mövzu diqqətimizdədir. DİA.AZ olaraq bu iddialarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt