Əsas Səhifə > Siyasət, Manşet > Yoxlama xəbəri alan icra başçılarından həyəcanlı addımlar...

Yoxlama xəbəri alan icra başçılarından həyəcanlı addımlar...


7-05-2015, 10:08
Yoxlama xəbəri alan icra başçılarından həyəcanlı addımlar...
DİA.AZ: - Keçən günlərdə məlum oldu ki, Hesablama Palatası Kollegiyasının növbəti iclası zamanı dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, həmçinin Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilib.

Xəbərdə deyilirdi ki, müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

DİA.AZ xatırladır ki, kollegiyada eyni zamanda İş planı ilə nəzərdə tutulmuş, o cümlədən dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan Sabirabad rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Oğuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiq edilib.

Bunu xatırladan məlumatlı mənbə bildirir ki, artıq yoxlama xəbəri alan hər iki rayonun başçısı əl-ayağa düşüb. Mənbənin dia-az.life-a söylədikləri: "Konkret olaraq Sabirabadın başçısı bəri başdan tədarük görməkdədir. Artıq müfəttişləri "yola sala bilməsi" üçün yerli idarə müdirlərinə "plan qoyub". Yəni hər bir müəssisə rəhbəri haqqını verməlidir ki, rayonun adı Bakıda pisliyə hallanmasın.

Eyni ab-hava Oğuzda da cərəyan edir. Əslində əbəsdir. Çünki hər iki başçının fəaliyyətində aşkara çıxan nöqsanlar onların gedişinə nədən olacaq. Bu da o deməkdir ki, real mənzərə ilə bağlı rəyin dəyişdirilməsi mümkün olmayacaq".

Bütün bu iddialarla bağlı qarşı tərəfləri də dinləməyə hazırıq...

Geri qayıt