Əsas Səhifə > Siyasət, Manşet > RƏSMİ BAKININ “WİKİLEAKS” KABUSU

RƏSMİ BAKININ “WİKİLEAKS” KABUSU


16-09-2011, 13:06
RƏSMİ BAKININ “WİKİLEAKS” KABUSU

“WIKILEAKS”DƏ YAZILANLARIN YALAN OLDUĞUNU SÖYLƏYIRLƏR

“Wikileaks”də yayılan sənədlərin ardı-arası kəsilmir. Bu, jurnalistlər, siyasi ekspertlər, siyasətçilər və humanitar sahələr üzrə ixtisaslaşan tələbələr üçün əla material, əsl əyani və sayitdir. Açıqlanan sənədlərdə liderlərin danışıq və davranış tərzləri, kimlərin necə düşündüyü və qərarlar verdiyi, dövlətlərarası münasibətlər və yüksək səviyyəli qapalı görüşlərin texnologiyası açılır. Bu sənədlərin yayılmasından yeganə narahat olan varsa, o da sözdə bir əməldə isə fərqli süyasət yürütdüyü aşkar olunan şəxs və ya tərəfdir.

Azərbaycan rəsmiləri “Wikileaks”də yazılanların yalan olduğunu söyləyirlər. Hətta mətbuata danışmağı sevməyən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə yayılan sənədlərə reaksiya vermək məcburiyyətində qaldı. Ancaq bu sənədlərin hansı birinə reaksiya verəsən? Açıqlanan sənədlərin sayı bir deyil, iki deyil, onlarla məxfi məlumat, müxtəlif səpgili danışıqların predmeti aşkarlanır və bunun sonu görünmür. Bu gedişlə hətta gələcəkdə “Wikileaks Azərbaycan” kitabı da çap etmək olar. Elə Ramiz Mehdiyevin təkzibindən bir gün keçməmiş onun amerikalı diplomatlarla danışıqlarına dair növbəti sənədlər yayınlandı. Ramiz Mehdiyev qapalı danışıqlarda ABŞ-ın tanınmış mərkəzlərinin Azərbaycan QHT-lərini maliyyələşdirməsindən narahatlığını bildirirmiş. Mehdiyevin bu məlumatı inkar etməsi çətin olar. Çünki, Azərbaycan rəsmiləri açıq söhbətlərdə də müxalifətin və müstəqil QHT-lərin xaricdən maliyyələşdirilməsindən narahatlıqlarını bildirirlər. Sadəcə, fərq ondadır ki, Ramiz Mehdiyev qapalı görüşdə hansı xarici təşkilatın kimə və nə qədər maliyyə ayırması məsələlərini xırdalayıb.

“Wikileaks”də yayınlanan sənədlərindən gəlinən digər önəmli qənaət odur ki, rəsmi Bakının “balanslaşdırılmış xarici siyasəti” Azərbaycana uğur gətirməyib. Azərbaycanın hər 4 - Qərb, Türkiyə, Rusiya və İran istiqamətində geriləmələri var. “Wikileaks” sənədlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev insan haqları və demokratiya tələblərinə görə Vaşinqtondan şikayət edir, İran və Rusiyanın çoxsaylı təzyiqlərindən danışır, strateji müttəfiq Türkiyənin siyasətindən isə “boğaza yığıldığını” vurğulayır. Dövlət başçısı bütün bu şikayətlərini konkret rəqəm və faktlarla zənginləşdirir.

Rəsmi Bakının vəziyyəti qibtəedici deyil. Hər yayınlanan sənədi təkzib etmək çətindir. Əgər danışıqlarda iştirak edən o biri tərəf də sənədlərin həqiqəti əks etdirmədiyini söyləsəydi bu başqa məsələ. Ancaq qapalı danışıqların ikinci tərəfi - amerikalı diplomatlardan heç bir təkzib gəlmir. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bugünlərdə “Azadlıq” radiosuna verdiyi müsahibədə “Wikileaks”də yayınlanan sənədləri şərh etməyəcəyi fikrini bir daha təkrarlayıb. Bu isə dolayısı ilə sənədlərdə yazılanların doğru olduğu mənasına gəlir. Ondan öncə isə dövlət katibi Hillari Klinton diplomatik məktubların məzmununun yayılmasının təsadüf olduğunu bildirib.

Azərbaycan hakimiyyətinə ən böyük çətinlik yaradan amil adları çəkilən dövlətlərdə “Wikileaks” sənədlərinin diqqətlə araşdırılmasıdır. İran, Türkiyə, Rusiya və Gürcüstan prezidentləri üçün çox maraqlıdır ki, İlham Əliyev onlar haqqında nə düşünür, nə deyir. Götürək Azərbaycanın strateji müttəfiqi Türkiyəni. Bakıdakı danışıqlarda ən çox Türkiyənin qarasıyca danışılıb, Ankaranın Ermənistan və İsrail siyasəti sərt ifadələrlə tənqid olunub. İlham Əliyev ötən il xarici səfərlərin birində Türkiyə Cumhurbaşqanı Abdullah Güllə bir araya gələrək, “Wikileaks” sənədlərində onun Türkiyə haqqında dediklərinin yalan olduğunu söyləmişdi. Gül nəzakət xatirinə azərbaycanlı həmkarını sakitləşdirərək, həmin sənədlərə inanmadığını demişdi. Türkiyə Cumhurbaşqanı ayrı nə deməliydi ki? Ancaq əsl durum fərqlidir. Ankaradan gələn xəbərlərə görə, türkiyəli diplomatlar “Wikileaks” sənədlərini diqqətlə izləyir və ciddi analiz edirlər. Rəsmi

Bakının Türkiyə ilə viza məsələsini həll etmək istəməməsi, iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının fəaliyyətə başlamasını və tranzit qaz anlaşmasının imzalanmasını uzatması “Wikileaks”də Türkiyə ilə bağlı deyilənlərin həqiqətə yaxın olduğuna dəlalət edir.

“Atlas” Araşdırmalar Mərkəzi

Geri qayıt