Əsas Səhifə > Siyasət, Manşet > Bilmək olmur bura xəstəxanadır, yoxsa hamamxana...

Bilmək olmur bura xəstəxanadır, yoxsa hamamxana...


25-08-2015, 09:53
Bilmək olmur bura xəstəxanadır, yoxsa hamamxana...
DİA.AZ: - Redaksiyamıza bir müddət əvvəl təqdim olunmuş açıqlamalarda Bakıxanov qəsəbəsində yerləşən “Ailə” tibb mərkəzinin fəaliyyətinə dair bir çox iradlar öz əksini tapmışdı. Aldığımız məlumatlar əsasında hazırladığımız ötən materialda biz artıq bildirmişdik ki, “Ailə” tibb mərkəzinin rəhbəri Tamella Qurbanova həm də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin nəzdində fəaliyyət göstərən Qadın məsləhətxanasında çalışır.

Mənbənin iddiasına görə, dövlət tibb müəssisəsində işləyən həkim, bura gələn pasientləri sonrakı müalicə üçün özünün açdığı özəl tibb mərkəzinə yönəldir. Təbii ki, belə olan halda malik olduğu imkanları Tamella Qurbanova üçün ideal şərait kimi qiymətləndirmək olar. Həmçinin artıq qeyd olunduğu kimi “Ailə” tibb mərkəzi adi bir 5 otaqlı mənzilin divarları arasında fəaliyyət göstərən müəssisədir. Həkim kabinetlərinin sayı isə cəmi ikidir. Onlardan biri stomatoloji kabinet, digəri isə təbii ki, Tamella xanımın özünün xəstələri qəbul etdiyi ginekoloji kabinetdir. Ötən materialda biz belə bir məqamı da xüsusi olaraq vurğulamışdıq ki, belə məhdud sahədə fəaliyyət göstərəcək tibb müəssisəsinə Səhiyyə Nazirliyi tərəfindən müvafiq lisenziyanın hansı əsasla verildiyi də müəyyən suallar doğurur. Digər tərəfdən isə, mənbə ümumiyyətlə “Ailə” tibb mərkəzinin lisenziyasının vaxtının bitdiyini iddia edir. Tamella Qurbanova isə bu lisenziyanın vaxtının 2016-cı ilin aprel ayına qədər olduğunu bildirir. Qeyd edək ki, mənbə təqdim etdiyi açıqlamalarda “Ailə” tibb mərkəzinin yerləşdiyi mənzildəki darısqallıq və şəraitsizliklə bərabər, həm də burada adətən hökm sürən natəmizlik və antisanitar vəziyyətdən də bəhs etmişdi.

Eyni zamanda da, iddiaya görə Tamella Qurbanova rəhbərlik etdiyi mərkəzdə bəzi qeyri-qanuni əməliyyatları, məsələn bir neçə aylıq dölün alınmasını (abort) da həyata keçirir. Lakin bunu da qeyd etməliyik ki, əməkdaşımızla olan telefon söhbətində Tamella xanım bu ittihamı qəti olaraq rədd etmişdi. Mövzuya dair yeni aldığımız məlumatda isə bildirilıir ki, bizim qəzetin redaksiyası “Ailə” tibb mərkəzinin fəaliyyətindən doğan narazılıqların göndərildiyi heç də yeganə ünvan deyildir. Belə ki, aldığımız açıqlamaya görə, bir neçə gün bundan əvvəl “Ailə” tibb mərkəzinin fəaliyyəti Səhiyyə Nazirliyinin komissiyası tərəfindən təftiş olunub. Yoxlamaya əsas isə, bu müəssisədə aldığı müalicənin nəticəsindən narazı qalan vətəndaşın Səhiyyə Nazirliyinə şikayətlə müraciət etməsi olub. Mənbə qeyd edir ki, yoxlama nəticəsində “Ailə” tibb mərkəzinin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkarlanıb. Bu nöqsanların konkret hansı məqamlarla bağlı olmasına dair hələlik açıqlama verilməsə də, mənbənin iddiasına görə, bu xüsusda Səhiyyə Nazirliyi tərəfindən ciddi tədbirlərin görüləcəyi gözlənilir.

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt