Tacir Şahmalıoğlu ilə müəllimi Murad Rzayev arasındakı “Bayatı-Şiraz” muğamının improvizə müəllifiliyi ətrafındakı qalmaqal səngimək bilmir.
Tacir Şahmalıoğlunun “Övladları da Murad Rzayevdən imtina edib” sözlərinə onun oğlu, Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti və aktyor köməkçisi kimi çıxış edən Fərid Rzayev sərt cavab verib.
Publika.az-la əlaqə saxlayan Fərid Rzayev müğənninin belə bir fikir işlətməsindən çox hiddətləndiyini bildirib.
“Tacir Şahmalıoğlu ağ yalan danışır. O, “Bayatı-Şiraz”ın müəllifi ola bilməz. Onun Ağdamda yaşadığı kənd çox ucqar yerdə yerləşirdi, saat 6-dan sonra çıraq yandırırdılar. Necə ola bilər ki, çıraq yandırılan bir kənddə yaşayan uşaq o yaşda Bethoven və Motsartı tanısın. Tacir Şuşaya dəvət olunmadığı üçün incikliyini dilə gətirir. Onu niyə Şuşaya aparsınlar ki? 44 günlük müharibədə bir dəfə də olsun əsgərlərə yardım aparmadı. Muradın oğlanları isə səngərlərə gedib yardım aparıb. Bunu reklam etməyə ehtiyac da yoxdur. Tacir deyib ki, Muradın oğlanları da onu saymır. Necə saymırıq ki, Murad bəyin bütün tədbirlərininin təşkilatçısı mən və qardaşım olmuşuq. Məclislərin birində Taciri elə özüm qarşılamışam”.
Fərid Rzayev qeyd edib ki, “Bayatı-Şiraz” muğamının improvizəsinin Tacir Şahmalıoğluna aid olmamasına dair əlində videofaktlar var: “İllər əvvəl lentə alınan videoda Tacir özü də etiraf edir ki, improvizənin müəllifi atamdır”.
Sözügedən videonu təqdim edirik. Tacir Şahmalıoğlu videoda “Sizin bir Bayatı-Şirazınız məni qaldırdı, Murov dağının başına qoydu” deməsi diqqətdən qaçmayıb.