Coşqun Viləşi toyunda oğurladılar
Tarix: 13-01-2014, 10:27 |
Çap et
Azərbaycanlı müğənni Coşqun Viləş yanvarın 11-də subaylığın daşını ataraq sevib-seçdiyi xanımla ailə həyatı qurub.
Ailəm.az-ın məlumatına görə, “Gilavar” restoranında baş tutan toyda müğənnilərdən xalq artisti Flora Kərimova, Elariz Məmmədoğlu, Samira, Xatun, maestro Ceyhun və digərləri iştirak ediblər. Toyda Azərbaycan klassik musiqilərinə xüsusi yer ayrılıb. Belə ki, nikah mərasimi və cütlüyün ilk birgə rəqsi zamanı Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” əsəri səslənib.
Daha sonra Coşqun Viləş xanımı üçün mahnı oxuyaraq hər kəsin gözü önündə sevgisini bir daha bildirib. Sənətçi dostları müğənninin bu xoş günündə fəal iştirak ediblər. Günün qəhrəmanları da özlərini sərbəst apararaq onlarla birgə əyləniblər. Azərbaycan adət-ənənələrinə uyğun təşkil olunan toyda “bəyin oğurlanması” mərasimi də baş tutub. Belə ki, toyun sonuna yaxın bəy gözə dəyməyib. Coşqunun anidən itməsinə səbəb isə “Bacanaqlar” serialının kollektivi tərəfindən oğurlanması olub.
Qeyd edək ki, müğənninin həyat yoldaşı Nigar xanım “Xəzər” radiosunun əməkdaşıdır.