Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:
"Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşir müəllimin ölüm xəbərinə açığı pis oldum. Biz çox da yaxın deyildik. Uzaqdan uzağa "salam-sağol". Yazılan rəyləri oxuyuram, bədənim əsir. Niyə axı? Neyləmişdi sizə bu yazıq adam?
Ölən gününə qədər işləyib, heç kimə möhtac olmayıb. Ən güclü ansambl zamanında onun olub. Ən bahalı toylara dəvət alıb. İşçilərinə böyük hörmətlə yanaşıb, haqq yeməyib. Heç kimi toydan burmayıb. İşçiləri xəstələnəndə belə gəlmədikləri gün maaş verib. Siyasi xadim deyil, pis vərdişi yox, heç kimin namusuna göz dikməyib. Sadəcə səsli düşünən kompleksiz insan olub. Başqa necə olmalı idi ki, bir rəhmət yazasınız? Onu sevməyə bilərdiniz, bunu sizdən istəyən də olmayıb. Nifrətin də əsası olmalıdı. Onun ölümünə sevinmək nədir? Lap tutaq ki, pis adam olub. Sizə nə? Kim bilir necə öləcək? Bəyəm hamıya torpaq qismət olur? Cavanşir müəllim, Allah sizə rəhmət eləsin. Allah haqqsız yerə sizə pis şərhlər yazanların ömründən kəsib, balalarınıza calasın".
Qeyd edək ki, C.Məmmədov dünən ürəktutmasından vəfat edib.