![“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...”](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1739306737_1739304258_whatsapp-image-2025-02-11-at-23.59.01.jpeg)
“Yaxşılığın qarşılığını gözləmək olmaz. Efirdə, mətbuatda insanın kiməsə yaxşılıq etdiyini deməsi, kimdənsə inciməsi doğru hal deyil. Çıxıb efirdə illər əvvəl kiməsə etdikləri yaxşılıqları sayırlar. Çox mədəniyyətsiz bir haldır. Əlbəttə, görəndə ki, o adam çox hörmətsizlik, qalınqabırğalıq edir, onu başa salmaq lazımdır. Yaxşılığın qarşılığını isə həmişə Allah verir”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. Sənətkar sənət aləmində əksər insanlarla məsafə saxladığını bildirib:
“Efirlərdə qalmaqal edən, bəzən lazımsız danışan sənətçilərə zəng vurub çox demişəm ki, belə etmə, sənə yaraşmır. Çünki efir güzgüdür, hər kəs istədiyi kimi danışa, davranış sərgiləyə bilməz. Düşünürəm ki, bunu demək mənim və digər sənətkarların borcudur. Qismən də olsa əməl ediblər. Muğam sənəti ilə məşğul olan insanlar xaraktercə tam başqa xüsusiyyətə malikdirlər. Onların əksəriyyəti çox ağır təbiətli, qaynayıb-qarışmayan insanlardır. Sənətdə sirdaşım yoxdur. Hamı ilə münasibətim gözəldir. Amma məsafə gözəldir. Ən pisi odur ki, o insanlar haqqında bir fikir bildirə bilmirsən. Çünki çözmək çətindir. Nə yaxşı kimi yaxşıdılar, nə də pis kimi pisdilər. Artıq təəccüblənmirəm” deyə sənətkar bildirib.
Gülüstan Əliyeva Qərbi Azərbaycan icmasının fəal üzvü olduğunu bildirib:
“Anam Qərbi Azərbaycanlıdır, Dərələyəz mahalındandır. 1948-ci ildə gəlib Bərdə rayonunun Xanərəb, Qılınclı kəndində yerləşiblər. Ordan da Yevlax rayonuna köçüblər. 1953-cü ildən orada məskunlaşıblar. Mən Yevlaxda dünyaya gəlmişəm. Qərbi Azərbaycan icmasının da fəal üzvüyəm. Vahid Əzizin sözlərinə yazılan, Elçin İmanovun bəstələdiyi “Qərbi Azərbaycanım” mahnısını da mən ifa etmişəm” deyə sənətkar bildirib.