Əsas Səhifə > Şou-biznes > "...mən bütün ay boyunca oruc tutacağam"

"...mən bütün ay boyunca oruc tutacağam"


2-06-2016, 08:53
"...mən bütün ay boyunca oruc tutacağam"
Yay mövsümündə harada istirahət edəcəksiniz?

Axar.az bu sualla tanınmış sənət adamlarına müraciət edib.

Xalq artisti İlham Namiq Kamal Şamaxıda dincəlməyi düşünür:

“Universitetdə dərslər, teatrda tamaşalar davam etdiyi üçün iyunun 15-nə qədər Bakıdayam. Hələ harada istirahət edəcəyimə qərar verməmişəm. Amma yəqin ki, ənənəvi olaraq, həmişəki kimi Şamaxıya gedəcəyik”.

Xalq artisti Arif Quliyev yayda istirahət etmədiyini bildirib:

“Heç vaxt yay aylarında istirahət etməmişəm. Mənim bağım yoxdur ki, gedim orada istirahət edim. Yenə əvvəllər arada dost-tanışın bağına gedirdik. İndi yoldaşım xəstədir deyə, gedə bilmirik. Ona görə də bu il yayı evimdə keçirəcəyəm”.

Xalq artisti Füzuli Ələkbərov yayı xarici ölkədə yox, vətəndə keçirəcək:

“İşlərimlə bağlı Bakıda olacağam. Ondan sonra harasa getsəm də, bu, yəqin ki, xaric yox, vətən olacaq”.

Əməkdar artist Dilarə Əliyeva hələ qərar vermədiyini deyib:

“Hələ hara gedəcəyimizə qərar verməmişik, amma böyük ehtimalla rayonlara gedəcəyik. Yəqin ki, bu da iyundan sonra olacaq. Bildiyiniz kimi, dərslər gec bitir bu il, qızımın da məktəbi davam edir. Üstəlik, başqa işlərim də var. Ona görə də tətil planımız iyun ayının sonunda məlum olacaq”.

Əməkdar artist Bəhram Bağırzadə Ramazan ayına görə Bakıda qalacaq:

“Ramazan ayının başlaması yay aylarına təsadüf etdiyi üçün mən bütün ay boyunca oruc tutacağam. Ona görə də Bakıda olacağam. Bundan sonra tətili ailəmlə Abşeron yarımadasında - bağımızda keçirəcəyik. Avqust ayında isə film çəkilişlərinə başlayacağıq”.

Geri qayıt