Əsas Səhifə > Şou-biznes > "Elə olub ki, 2-3 gün ərzində Amerikaya getməyə qərar vermişəm"

"Elə olub ki, 2-3 gün ərzində Amerikaya getməyə qərar vermişəm"


17-06-2016, 09:47
"Elə olub ki, 2-3 gün ərzində Amerikaya getməyə qərar vermişəm"
Xalq artisti Zülfiyyə Xanbabayeva səyahət etməyi xoşlayan sənətçilərdəndir.

dia-az.life-ın məlumatına görə, müğənni "buro247.az" saytının "Ulduz bələdçi" rubrikasının qonağı olub.

- Səyahət sizin üçün nə deməkdir?

- Həyatımın demək olar ki, çox hissəsi səfərlərdə keçir. Səyahət mənim üçün müxtəlif insanların həyat tərzini görmək, öz dünyagörüşünü artırmaqdır.

- İlk səfərinizi necə xatırlayırsınız?

- Birinci səfərim 14-15 yaşımda Baltikyanı ölkələrə olmuşdu. O qədər gözəl keçmişdi ki, hələ də xatirimdədir.

- Tək başına səyahətləri xoşlayırsınız, yoxsa yol yoldaşınız olmalıdır?

- Mütləq yol yoldaşım olmalıdır, çünki gözəl anları paylaşmağı sevirəm.

- Sizi daha çox təbiət, insanlar yoxsa tarixi yerlər maraqlandırır?

- Həm təbiəti, həm də tarixi yerləri sevirəm. Çalışıram ki, səfər etdiyim hər ölkədə əsas gəzməli-görməli yerlərdə olum.

- Qatar, gəmi, təyyarə ilə səyahət - hansı daha maraqlıdır?

- Kruiz səyahətində olmuşam, amma həm rahatlıq, həm də zaman baxımından təyyarə ilə səfər etməyə üstünlük verirəm.

- Səfərə necə hazırlaşırsınız?

- Heç vaxt öncədən planlaşdırmıram. Elə olub ki, 2-3 gün ərzində Amerikaya getməyə qərar vermişəm.

- Hansı ölkənin mətbəxini bəyənirsiniz?

- Bütün ölkələrin milli mətbəxi dadlıdır. Ancaq Asiya mətbəxinə daha çox üstünlük verirəm. Vyana şəhərində olarkən isə Avstriya mətbəxi ilə tanış oldum və çox bəyəndim.

- Hara yenidən qayıtmaq istərdiniz?

- Yenidən böyük məmnuniyyətlə Sinqapura geri dönərdim.

- Ən çox hansı səfəriniz yadda qalıb?

- Bəzi səfərlərə ancaq uşaqlıqdan sevdiyim məşhur sənətçilərin konsertlərində iştirak etmək üçün çıxmışam. Bu baxımdan Las-Veqas mənim ən sevimli şəhərimdir. Yadımdadır, Parisə ilk dəfə Corc Mayklın konserti üçün getmişdim.

- Hansı ölkəyə getmək arzusundasınız?

- Yaponiyaya səyahət etmək istərdim. Düşünürəm ki, bu ölkə kosmik sürətlə inkişaf edir və dəyişir.

- Bu və ya digər səbəblərdən səyahət etməkdən çəkinən insanlara nə məsləhət görərdiniz?

- Mən özüm ingilis dilini mükəmməl şəkildə bilməsəm də xaricdə bunun öhdəsindən gələ bilirəm. Təkcə restoranlarda menyudan yemək sifarişində çətinliklərim olur. Ancaq bu, alış-verişlərə aid deyil. Odur ki, gənclərə mütləq xarici dilləri öyrənməyi məsləhət görərdim.

Geri qayıt