Əsas Səhifə > Şou-biznes > "Bizi musiqiçi kimi müşayiət edirdi, arada da oxuyurdu"

"Bizi musiqiçi kimi müşayiət edirdi, arada da oxuyurdu"


26-07-2021, 08:20
"Bizi musiqiçi kimi müşayiət edirdi, arada da oxuyurdu"
“Allaha qurban olum ən yaxşılarını yanına aparır. Dünəndən etibarən quruyub qalmışam. Səməd Səmədov çox müğənniləri tanıtdırıb, istər bəy olsun, istərsə də xanım. Onlara çörək verib. Çox əliaçıq insan idi, bunu hamı bilirdi. Mən onu 1970-ci illərdən toylarda musiqiçi olan vaxtlarından tanıyırdım. Bizi musiqiçi kimi müşayiət edirdi, arada da oxuyurdu”

Bunu əməkdar artist Ruhəngiz Musəvi Moderator.az-a Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı danışarkən deyib. O daha sonra əlavə edib.

“O illərdə gəlmişdi bizə, dedi ki, Rufa, mən istəyirəm bir dənə kaset çıxarım. Dedim ki, lap yaxşı olar. Hər dəfə məni görəndə bu hadisəni yada salırdı. Ümumiyyətlə müğənnilərin əksəriyyəti əvvəllər musiqiçi olublar. Mirzə Babayev kimi öz dəsti-xətti var idi Səmədin. “Toylar kralı” adını da ona Mirzə Babayev vermişdi. Çox pozitiv, yaxşı insan idi. Həmişə deyirdim ki, maşallah ay Səməd, nə yaxşısan?! O da mənə deyirdi ki, Rufa, sən də heç dəyişmirsən. Bir xatirəni istərdim sizinlə bölüşüm. Bir dəfə Səməd, mən və Bəsti Bəkirova toyda idik. Mənə “Esmira” mahnısını oxutdurdu, özü isə “Payız gəldi” mahnısını oxudu. Dedim ki, elə deyərdin bu mahnını mən oxuyardım da! Mikrofonu stolun üstünə qoyub, inciyərək toyun yarısından çıxıb getdim. Məndə belə hadisələr çox nadir hallarda baş verir. Səməd xalamın nömrəsini tapıb, ona zəng edib ki, Ruhəngizin oxuduğu toyun pulu məndə qalıb. Halbuki toyun ortasından çıxıb getmişdim. Deyib ki, mən mütləq pulu sizə çatdırmalıyam. Sonradan çox pis olmuşdum. Hamımız gedirik, Allah özü bilən məsləhətdir. Xəstəliyini bilmirdik, hamımızdan gizlətmişdi. Çünki hansı kanalı açırdımsa Səməd oxuyurdu. Sonra Sevda Əliqızı mənə dedi ki, sən demə o verilişlər təkrardır. Prodüseri deyir ki, hər verilişə gedəndə qoruyurduq onu, əllərinə spirt vururduq. Həkimə gec gedib, xəstəxanaya yerləşdiriləndə çox qorxub. Aparatdan qorxub, ürəyinə salıb, stresdən keçinib. Lazımsız insanlar yaşayır, amma yaxşılar tez gedir. Onun arxasınca heç kim danışmazdı, bir nəfərdən başqa. Bunu da hamı bilir. Bir dəfə də Səməddən kiminsə qeybətini edən görmədim. Əvvəllər insanlarda insaniyyətlik, hörmət, dəyər var idi. İndi çox azdır. Sənətkarın, sənət adamının gərək qədrini vaxtında biləsən. İndi bu onun dalınca, o bunun dalınca danışır. Biz vaxtilə sənəti sevib gəlmişik, sənətimizə görə də həmişə ruzimiz olub, buna şükür etmişik. İndikilər sənəti sevmirlər, sənətə pul qazanmaqda ötrü gəlirlər. Allah onu da sizə verir, amma siz yenə də naşükürlük edirsiniz. O bundan artıq qazandı, bu ondan az qazandı. Nəyə lazımdır bu sözlər? Hamımız onsuz da ölüb gedəcəyik, heç olmasa həyatda elə yaşayaq ki, bizə rəhmət oxusunlar. Bu mədəniyyətimizə hörmətsizlikdir. Harda görürlər məni hörmətlə, sevgi ilə yanaşırlar. Sual verirlər ki, niyə bunlar belə edirlər? Niyə onları efirlərə çıxarırlar? Məlum məsələdir, reytinq qazanmaq üçün sənəti heç nə ediblər. Sənətdə əvvəlki dəyər qalmayıb. Təbii ki, bu hamıya aid deyil. Bu il bir çox sənət adamlarını, sənətkarlarımızı itirdik” deyə o bildirib.


Geri qayıt